Tarixdən səhifələr

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva

Əliyeva Zərifə Əziz qızı 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Z.Əliyeva fəlsəfə doktoru (1959), M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda (Moskva) elmlər doktoru (1976) dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış (1977), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1983). Z.Əliyeva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi (1949), böyük elmi işçi (1960-1967), sonralar Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində çalışmışdır (1967-1985).

Z.Əliyevanın təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk ixtisaslaşmış laboratoriyası təşkil edilmişdir. Eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağıintensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqları alim tərəfindən aşkar olunmuşdur. Z.Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologi­yası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.

Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.

Z.Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.

Z.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan (1981) ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına (1982) layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif olunmuşdur.

AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adını daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilmişdir.

Akafemik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kərimov, Kərəm Təbriz oğlu. Akademik Zərifə xanım Əliyeva - 95 = Академик Зарифа ханум Алиева - 95 = Academician Zarifa khanum Aliyeva - 95 / K. T. Kərimov ; red.: Ş. Hüseynova, A. Bayramova, N. Kərimova ; tərc. İ. Əliyeva. - Təkmilləşdirilmiş təkrar nəşr. - Bakı : Apostroff, 2018. - 192 s.
  2. Bir ömrün imzası - Zərifə Əliyeva = Signature of the Life - Zarifa Aliyeva / tərt.-müəl.: N. Şamilqızı, N. Şneyder ; tərc. S. Haşımzadə ; red. A. Eyvazova. - Bakı : n. y., 2019. - 99 s.
  3. Mirələmov, Hüseynbala Fazil oğlu. Zərifə Əliyeva / H. F. Mirələmov; red.: İ. Hüseynli, S. Osmanova. - Bakı : Nurlar NPM, 2018. - 464 s.
  4. Elmi əsərlər məcmuəsi: 2 cilddə /Zərifə Əliyeva, məsul red. Z.Quliyeva; red: K.Kərimov, N.Tağızadə.- Bakı: Şərq-Qərb, 2011.- C.I.- 216 s.
  5. Elmi əsərlər məcmuəsi: 2 cilddə /Zərifə Əliyeva, məsul red. Z.Quliyeva; red: H.Nəsrullayeva; K.Kərimov, N.Tağızadə. - Bakı: Şərq-Qərb, 2011.- C.II.- 216 s.
  6. Zərifə xanım Əliyeva /Layihənin müəl., red. və rəhbəri. F.Abdullazadə; rəssam. Ş.Şıxəliyev; foto.: R.Bağırov, M.Həsənoğlu, İ.Cəfərov, N.Əliyeva.- Bakı: XXI YNE, 1998.- 288 s.
  7. Академик Зарифа ханум Алиева /под общ. ред. акад. М.Джавадзаде.- Баку: Азербайджан, 1996.- 336 с.
  8. Зарифа ханум Алиева /ред. Ф.Абдуллазаде.- Баку: Изд-во «XXI», 1998.- 288 с.
  9. Мираламов, Гусейнбала Фазил оглы. Зарифа Алиева / Г. Ф. Мираламов. - М. : Молодая гвардия, 2010. - 191 с.