Tarixdən səhifələr

Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, 1887-1897-ci illər ərzində İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir. Onun ilk qələm təcrübəsi 1889-cu ildə yazdığı “Çay dəsgahı” alleqorik pyesi olmuşdur. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazmışdır.

1902-ci ildən ədib İrəvanda publisistik fəaliyyətinə başlamış, “Kaspi” qəzetində “İrəvan” və “İrəvan müxbirimizdən” başlığı altında ilk yazılarını dərc etdirmişdir. 1903-cü ildən Tiflisdə “Şərqi-Rus” qəzeti redaksiyasında çalışmış, onun yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzeti və onun redaktoru Məmmədağa Şahtaxtlının mühüm rolu olmuşdur. M.Şahtaxtlının dəvəti ilə “Şərqi-Rus”la əməkdaşlığa başlayaraq (1903) “Poçt qutusu”, “Kişmiş oyunu” əsərlərini bir çox məqalə və tərcümələrini ilk dəfə bu qəzetdə dərc etdirmişdir. O, 23 noyabr 1904-cü ildən “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru işləmişdir. Qəzet bağlanandan sonra Mirzə Cəlil onun mətbəəsini Ömər Faiqin və tacir M.Ə.Bağırzadənin maddi vəsaiti ilə alaraq, 1905-ci ildə “Qeyrət” mətbəə-nəşriyyatını yaratmışdır. Bu dövrdə inqilab və azadlıq mövzularında əsərlər çap etdirmiş, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməklə fərqli baxışları və yanaşması olan sənətkar kimi yetişmişdir. 1905-ci il hadisələrinin təsiri ilə yazdığı “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus qızı”, “Konsulun arvadı”, “Qurbanəli bəy” və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrilmişdir. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Kamança” kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açmış, uzun zaman Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. “Ölülər” pyesi Türkiyə, Rusiya və İranda, Orta Asiya ölkələrinin teatrlarında da uğur qazanmış, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə təsir etmişdir.

Cəlil Məmmədquluzadə ilk nömrəsi 1906-cı il aprel ayının 7-də dərc edilmiş “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoymuşdur. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanınmış, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi dövrünün görkəmli şəxsləri ilə birgə çalışmışdır. “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri olmuş Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı yazıları ilə XX əsrin əvvəllərində Azərbaycan həyatının demək olar ki, bütün aktual siyasi-ictimai problemlərini əhatə edirdi. Ədibin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları, onun dil üslubu jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. Lakin çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb etmiş, “Qeyrət” mətbəəsində axtarışlar aparmış, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırmışdır.

C.Məmmədquluzadə 1914-cü ildə Birinci Dünya müharibəsinin ölkədə yaratdığı mürəkkəb vəziyyətə və maliyyə məsələlərinə görə,“Molla Nəsrəddin” jurnalının fəaliyyətini bir müddət dayandırmağa məcbur olmuş və 1917-ci ildə yenidən davam etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə C.Məmmədquluzadə əsasən, Qarabağda - Kəhrizli kəndində yaşamış və bədii yaradıcılıqla məşğul olmuşdur.

1920-ci ilin iyun ayında Mirzə Cəlil ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdir. 1921-ci il iyunun 24-də yeni hökumətin dəvəti ilə Bakıya dönən ədib N.Nərimanov, D.Bünyadzadə, Ə.Qarayevlə görüşmüş, “Molla Nəsrəddin”in yenidən nəşrə başlaması üçün bir sıra məsələləri müzakirə edib qərar qəbul edilməsinə nail olmuşdur. “Molla Nəsrəddin” jurnalının Tiflisdə 370, Təbrizdə 8, Bakıda 398 nömrəsi işıq üzü görmüşdür.

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi- ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.

Cəlil Məmmədquluzadənin ictimai fəaliyyətinin ən qaynar dövrü “ümid və inam mərhələsinə (1921-1923) aiddir. Bu dövrdə yazıçı Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinə (1926), Yeni Əliiba Komitəsinə (1924), Mərkəzi İstilah Komissiyasına (1924), Azərbaycan mətbuatının 50 illik yubileyini keçirən təşkilat komitəsinin tərkibinə (1926) üzv seçilmiş, çoxcəhətli iş aparmışdır. Cəlil Məmmədquluzadə Respublika Beşinci Şuralar Qurultayında Həmid Sultanovun təklifi ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizədliyə qəbul edilmişdir (26 mart 1927). O, Mərkəzi İcraiyyə Komitəsinin Bakıdakı iclasları ilə yanaşı, Xankəndi və Lənkəranda keçirilən səyyar yığıncaqlarda da iştirak etmiş, bəzi qərar və tövsiyələrin hazırlanmasına cəlb olunmuşdur.

1922-ci ildə “Yeni yol” qəzetinin redaktoru təyin edilən C.Məmmədquluzadə yeni əlifba uğrunda fəal mübarizəyə qoşulur. Latın əlifbasının ittifaq miqyasında təbliği və tətbiqi məqsədilə Azərbaycan MİK sədri S.Ağamalıoğlunun başçılığı ilə C.Məmmədquluzadə, V.Xuluflu, X.S.Xocayev və B.Çobanzadədən ibarət heyət 1924-cü ilin payızında Krım, Tatarıstan və Orta Asiyaya səfərlər etmişdir.

C.Məmmədquluzadənin bu illərdə yazdığı  hekayələrində 20-30-cu illərdə baş verən proseslər, müşahidə olunan ziddiyyətlər və yeni dövrün spesifikası əks etdirilmişdir.

Cəlil Məmmədquluzadə tərcümə yaradıcılığı ilə də məşğul olmuşdur. Böyük ədib Lev Tolstoyun “Zəhmət, ölüm və naxoşluq” (“Şərqi Rus”, 21 yanvar 1904, № 7) əsərini, Xanzadənin “Arvad” (“Şərqi-Rus”, 30 may, 2 iyun 1904, № 63-64) hekayəsini rus dilindən, Marağalı Zeynalabdinin “Səyahətnameyi - İbrahim bəy” romanından “Ağalar” (“Molla Nəsrəddin”, 1906, № 17) sərlövhəli bir parçanı fars dilindən Azərbaycan dilinə tərcümə edərək bu sahədə də öz xidmətini göstərmişdir.

Görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) onun adı verilmişdir. Keçmiş Astarxanbazar rayonu və şəhəri 1967-ci ildə ədibin şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuş, Bakıda, Naxçıvan və Tbilisida ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmış, adına küçə salınmışdır. Mirzə Cəlilin həyat və fəaliyyətindən bəhs edən, əsərlərinə həsr edilmiş onlarla film çəkilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həbibbəyli, İsa Əkbər oğlu. Cəlil Məmmədquluzadə : mühiti və müasirləri: monoqrafiya / İ. Ə. Həbibbəyli ; elmi red. Y. İ. Axundlu. - Təkmilləşdirilmiş II nəşri. - Naxçıvan : Əcəmi NPB, 2009. - 424 s.
  2. Həbibbəyli, İsa Əkbər oğlu. Cəlil Məmmədquluzadə : tanıtma kitabı / İ. Ə. Həbibbəyli ; elmi red. İ. Cəfərli = Jalil Mammadguluzadah : the Book of Introduction / I. A. Habibbeyli ; ed. G. Guliyeva = Djalil Mammedgoulouzadé : livre de présentation / I. A. Habibbeyli ; réd. A. Mammadova = Джалил Мамедкулизаде : книга ознакомления / И. А. Габиббейли ; науч. ред. Г. Гурбанлы. - Naxçıvan : Əcəmi NPB, 2009. - 170 s.
  3. Əliyeva, Afaq Mirzə qızı. Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri / A. M. Əliyeva ; red. M. M. Adilov ; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı : Elm və təhsil, 2012. - 172 s.
  4. Əliyeva, Afaq Mirzə qızı. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) arxivinin təsviri / A. M. Əliyeva ; red. M. M. Adilov ; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı : Nurlan, 2011. - 328 s.
  5. Cəlil Məmmədquluzadə ensiklopediyası / Anar [et al.] ; red. heyəti: Anar [et al.]. - Bakı : Şərq-Qərb, 2008. - 320 s.