Dövlət bayrağı hər bir ölkənin, xalqın, millətin dünya birliyində imzası, simvolu, şərəfi və qürurudur. Tarix sübut edib ki, hər bir xalqa bu nəsib olmur. Bayrağı yüksəltmək müəyyən bir ərazidə öz dövlətini qura bilən, onu möhkəmləndirib yaşadan, öz milli-mənəvi dəyərlərini mühafizə və inkişaf etdirən xalqa nəsib olur. Başımız üzərində dalğalanan, dünyaya bizi tanıdan XX əsrin əvvəllərində öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidi.
Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Respublikası Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR-i Soveti qarşısında üçrəngli Bayrağın Azərbaycanın rəmzi kimi tanıması haqqında vəsatət qaldırmışdır.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı bərpa edilmişdir. 2004-cu il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Keçən əsrin sonlarına yaxın Azərbaycanın dövlət bayrağını ikinci dəfə həyata qaytaran Ümummilli Liderimiz Heydər Əliyev bu əlamətdar hadisənin əhəmiyyətindən danışarkən demişdir: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk etsin, qiymətləndirsin. Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla sona çatdırdı və torpaqlarımız azad oldu. Artıq bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Tövsiyə edilən ədəbiyyat: