Tarixdən səhifələr

“Şərq qadını” jurnalının təsis olunması

Azərbaycanın sovetləşməsinin ilk günlərində qadın mətbuatının yaradılması ideyası da gündəmə gəldi. AK (b) P MK-nın qadın şöbəsinin qarşısında ölkədə qadınların ictimai fəallığının artırılması, dini mövhumata qarşı mübarizə, savadsızlığın ləğvi, xanımların xalq təsərrüfatı və sənaye sahələrinə cəlb olunması ən mühüm məsələlərdən idi. 1923-cü ilin iyulunda AK (b) P MK-nın katibi Əliheydər Qarayev, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev və AK (b) P MK-nın Qadınlar şöbəsinin əməkdaşı Ayna Sultanova qadın jurnalının yaradılması ideyasını irəli sürdülər.

AK (b) P MK-si 1923-cü il iyulun 2-də Azərbaycan qadınlarının ictimai-siyasi həyatda iştirakını təmin etmək üçün aylıq, ədəbi-bədii, ictimai-siyasi jurnal olan “Şərq qadını”nı təsis etdi. Jurnalın ilk sayı 1923-cü ilin noyabr ayında 40 səhifədən ibarət 1000 tirajla işıq üzü gördü.

Çapının ilk illərində jurnal Moskvaya, Leninqrada, Krıma, Orta Asiya respublikalarına, həmçinin SSRİ hüdudlarından kənara, Türkiyə və İrana da göndərilirdi. Təbrizdən, Rəştdən, Qəzvindən, İstanbuldan gələn məktublarda jurnalın ilk sayı alqışlanırdı.

Jurnalın ilk baş redaktoru Ayna Sultanova oldu.

A.Sultanova partiya və dövlət işi ilə yanaşı, bir publisist kimi də “Pravda”, “Kommunist”, “Bakinskiy raboçiy”, “Trud”, “Zarya Vostok”, “Yeni yol”, “Kommunist tərbiyəsi uğrunda” və başqa bir çox qəzet və jurnallarda tez-tez çıxışlar edir, məqalələr çap etdirirdi.

“Şərq qadını” jurnalının baş redaktoru kimi A.Sultanova dövrün tanınmış qadın yazarlarını bir araya gətirə bildi. O, bu vəzifədə 1929-cu ilə kimi fəaliyyət göstərdi və partiyanın göstərişi ilə Azərbaycan SSR Maarif Komissarı əvəzi təyin olundu. Sonrakı illərdə də bir neçə mühüm vəzifələri icra edən A.Sultanova quruculuğunda iştirak etdiyi bolşevik sisteminin qurbanı oldu. 1937-ci ildə güllələndi. Ayna Sultanovadan sonra “Şərq qadını”na rəhbərlik etmiş Gülarə Köylü qızı Qədirbəyova da eyni taleyi yaşadı. “Əksinqilabçı millətçi təşkilatın üzvü olduğuna görə” 1938-ci ilin 8 avqustunda ittiham olunaraq 5 il müddətinə Sibir həbs düşərgəsinə göndərildi.

Ayna Sultanova, Şəfıqə Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, Gülarə Köylü qızı Qədirbəyova, Xədicə Seyidzadə, Hökumə Məmmədova kimi cəmiyyətdə fəallıq göstərən qadınlar müntəzəm olaraq öz məqalələri, publisistik yazıları ilə jurnalda çıxış edirdilər. 30-cu illərdən başlayaraq Mirvarid Dilbazi, Nigar Rəfıbəyli, Püstə Əgərova, Sona Məmmədova, Xanımana Əlibəyli öz şeir və poemaları, nəsr əsərlərini “Şərq qadını”nda oxuculara çatdırmış, məcmuə bu qadın yazarların əsas tribunasına çevrilmişdi.

Daha sonrakı illərdə Rəhimə Zeynalova, Həbibə Zeynalova, Xalidə Hasilova, Kəmalə Ağayeva, Fəridə Əliyarbəyli, Ələviyyə Babayeva, Əzizə Cəfərzadə, Şövkət Məmmədova kimi yazıçı və şairlərin imzaları jurnalın səhifələrində göründü.

Qadın ədiblərlə yanaşı, jurnalda dövrün görkəmli söz ustadlarından S.S.Axundov, M.S.Ordubadi, A.Şaiq, Seyid Hüseyn, Y.V.Çəmənzəminli, H.Cavid, T.Ş.Simurq, H.Nəzərli cəmiyyətdə qadınların rolunu anladır, müxtəlif mövzularda qələmə aldıqları əsərləri çap etdirirdilər.

Ayna Sultanova, Gülarə Köylü qızı Qədirbəyovadan sonra jurnala Hökümə Sultanova, Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva, Rəhimə Zeynalova, Şəfiqə Ağayeva və Xalidə Hasilova kimi dövrün tanınmış qələm sahibləri, ictimai xadimləri rəhbərlik edib.

Jurnal 1923-cü ilin noyabrından 1938-ci ilin fevralınadək “Şərq qadını” adı ilə işıq üzü görüb. 1930-cu ilin yanvarından 1939-cu ilin oktyabrınadək ayda iki dəfə çap olunurdu.

“Şərq qadını” jurnalı 1938-ci ilin 4-cü sayından sonra “Azərbaycan qadını” adını daşımağa başladı.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan mətbuatı tarixi : dərslik / tərt.-red. A. Şahverdiyev. - Bakı : Təhsil EİM, 2006. - 252 s.
  2. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı. II hissə : 1920-1990 / elmi red. C. Məmmədli. - Bakı : Elm və təhsil, 2010. - 227 s.
  3. Qasımova, Amalya Nəbi qızı. XX əsrin əvvəllərində Şimali Azərbaycan mətbuatında qadın problemləri : 1901-1917 / A. N. Qasımova ; elmi red.: D. B. Seyidzadə, H. N. Həsənov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Adiloğlu, 2010. - 168 s.
  4. Azərbaycan mətbuat tarixi antologiyası / red. heyəti: Ə. Həsənov, V. Səfərli, Ə. Ə. Amaşov, tərt., elmi red.: Ş. Q. Vəliyev, N. Q. Yaqublu. II cild. - Bakı : Elm və təhsil, 2011. - 440 s.
  5. Quliyeva, Qərənfil Dünyamin qızı. Mətbuat - nicat yolu : elmi-publisistik və bədii məqalələr toplusu / Q. D. Quliyeva ; elmi red. Ş. Q. Vəliyev. - Bakı : ADPU nəşriyyatı, 2013. - 291 s.
  6. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.