Əslən Rizədən olan Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevral ayının 26-da İstanbulun Qasımpaşa bölgəsində anadan olmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. 1973-cü ildə isə İstanbul İmam Xatib liseyində təhsil almışdır. Fərq dərsləri sınağını verərək Eyüp Liseyindən də diplom alıb. Ali təhsilini Mərmərə Üniversiteninin İqtisadi və Ticari Elmlər Fakültəsində alan Ərdoğan 1981-ci ildə buradan məzun olub.
O, Camialtı, İETT və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır.
Rəcəb Tayyib Ərdoğan Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası (MSP) Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Rəcəb Tayyib Ərdoğan 1982-ci ildə hərbi xidmətdə olmuş, qərargah zabiti olaraq əsgərliyini bitirmişdir.
1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıtmış, 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilmişdir, 1985-ci ildə isə Rifah Partiyası İstanbul Vilayət başkanı və Rifah Partiyası İdarə Heyətinin üzvü oldu. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürülmüşdür. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olmuşdur. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutmuşdur. 1991-ci ildə təkrar deputatlığa namizədliyi irəli sürülmüşdür. 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləmişdir.
27 mart 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilən Rəcəb Tayyib Ərdoğanın siyasi yetkinliyi, enerjili çalışmaları, bacarıqlı təşkilatçılığı dünyanın ən böyük metropollərindən biri olan İstanbulun illərlə həlli müşkül olan bir çox problemlərinin aradan qalxmasına imkan verdi. Yeni su kəmərləri, modern ekoloji, işıqlandırma, kommunal sistemləri, körpülər, keçidlər, asfalt yollar salındı, yüzlərlə mühüm əhəmiyyətli obyektlər tikildi. Bələdiyyə vəsaitlərinin qənaətlə xərclənməsində qayda yaradıldı. Rəcəb Tayyib Ərdoğan 2 milyard dollar borcla təhvil aldığı İstanbul Böyükşəhər Bələdiyyəsinin borclarını ödəməklə yanaşı, 4 milyard dollarlıq sərmayə layihələrini də tam həyata keçirdi. Beləliklə də, Türkiyənin bələdiyyəçilik tarixində yeni bir çığır açan Ərdoğan bir yandan digər bələdiyyələrə örnək olurkən, o biri yandan da xalqın nəzərində özünə böyük bir güvən, etimad qazandı.
Rəcəb Tayyib Ərdoğan 1997-ci ildə Siirtdə mitinq zamanı xalqa xitabən çıxışında Ziya Göyalpın 1912-ci ildə Balkan Savaşı üçün yazdığı "Əsgər Duası"nın bir bəndini öz ruhuna uyğun dəyişdirib dediyinə görə həbs cəzasına və pul təzminatı ödəməyə məhkum edilir və İstanbul Böyükşəhər Bələdiyyə başkanlığı vəzifəsinə son verilir. 1999-cu il iyul ayının 24-də Rəcəb Tayyib Ərdoğan azadlığa çıxmışdır.
Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, Rəcəb Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və inkişaf Partiyasını yaradılmışdır. Rəcəb Tayyib Ərdoğan partiyanın sədri seçilmişdir.
Ərdoğan millətin heç zaman heç kimsəyə etimad etmədiyi, güvənmədiyi bir şəkildə AK Partini quruluşunun ilk ilindəcə Türkiyənin ən geniş xalq kütlələrinin dəstəyi ilə ölkənin birinci siyasi təşkilatı halına gətirdi və 2002-ci il parlament seçkilərində parlaq zəfər qazanaraq üçdə iki mandat çoxluğuyla AK Partini təkbaşına iqtidara gətirdi. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilmişdir.
15 mart 2003-cü ildə Başbakanlık vəzifəsini alan Rəcəb Tayyib Ərdoğan şəffaf idarə olunan və sürətlə inkişaf edən bir Türkiyə idealı ilə ölkə üçün həyati əhəmiyyətli bir çox islahat paketini qısa zamanda həyata keçirməyə başladı. Demokratikləşmə, şəffaflaşma və korrupsiyanın aradan qaldırılması yolunda az vaxtda böyük məsafələr qət edildi. Buna paralel olaraq ölkə iqtisadiyyatı və xalqın psixologiyasına daim mənfi təsir edən inflyasiya kontrol altına alındı. Dövlətin borclanma faizi aşağı çəkildi, adambaşına düşən milli gəlirdə böyük artımlar atıldı, Türkiyənin ümumdünya məhsul istehsalındakı payı artdı. Ölkə tarixində daha öncə görülməmiş həcmdə və sayda yaşayış məhəllələri, məktəb, yol, xəstəxana və enerji mərkəzləri tikilib xalqın xidmətinə verildi.
Qarşıya qoyulan hədəflərə yetmək üçün cəmiyyətin bütün mövcud, indiyədək istifadə olunmamış daxili imkanları dinamik hərəkətə gətirildi, Türkiyə regionun ən güclü mərkəzi ölkəsinə çevrildi. Türkiyənin ticarət-iqtisadi inkişaf tempinin və siyasi gücünün ilbəil artması, yalnız içində olduğu coğrafi bölgədə deyil, beynəlxalq aləmdə də getdikcə daha açıq-aydın görülür, hiss edilir.
Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqust ayının 10-da birinci və 2018-ci ildə Prezident seçkilərində ikinci dəfə Prezident seçilmişdir. 2023-cü ildə prezident seçkilərinə yenə Cümhur İttifaqı namizədi olaraq qatılan Rəcəb Tayyib Ərdoğan ikinci turda 52,18% səs alaraq üçüncü dəfə Türkiyə Respublikasının 12-ci prezidenti seçilmişdir.
Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər olduqca dinamik şəkildə inkişaf edir və bunda xalqlarımızın tarixən bir-birinə yaxın olması ilə yanaşı, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi, strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları addımlar da mühüm rol oynayır.
Rəcəb Tayyib Ərdoğan hələ Baş nazir olmazdan öncə sadə Türkiyə vətəndaşlarının sevdiyi şəxslər siyahısına daxil olub. Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğanı ölkəni daha da irəliyə aparan, sadə insanların problemini yaxından duyaraq onu həll etməyə çalışan, Türkiyənin dünyada nüfuzunun daha da artmasına xidmət edən lider kimi qəbul edir.
15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” bəyannamə imzalamışlar.
Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Tövsiyə edilən ədəbiyyat: