Tarixdən səhifələr

Cənubi Azərbaycanda milli demokratik və azadlıq hərəkatı

İkinci dünya müharibəsi qurtarandan sonra keçmiş müttəfiqlər, birinci növbədə ABŞ və İngiltərə ilə SSRİ arasında getdikcə dərinləşən ziddiyyətlər onların İrandakı siyasətində də əksini tapdı. Onlar öz mənafelərinə uyğun olaraq İranda bu və ya digər qüvvələri hakimiyyətə gətirməyə çalışırdılar. Tehranın irticaçı dairələri milli-demokratik hərəkatın düşmənləri ilə əlbir olaraq əhalinin müxtəlif qrupları arasında toqquşmalar təşkil edirdilər.

Hadisələrin gedişi Azərbaycan demokratlarını müdafiə tədbirləri görməyə məcbur etdi. 1945-ci ilin sentyabr ayında Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaranmağa başladı. Fədailər quldur dəstələrinin basqınlarını dəf edir, şəhər və qəsəbələrin, kəndlərin təhlükəsizliyini təmin edirdilər. Bəzi yerlərdə müvəqqəti hakimiyyət orqanları yaratmaqla mühüm təsərrüfat, sosial, mədəni-maarif məsələlərini həll etməyə çalışırdılar.

Lakin milli-demokratik hərəkatı irticaçı mərkəzi hökumətin hücumlarından qorumaq üçün demokratların daha sıx birləşməsi tələb edilirdi. 1945-ci il sentyabrın 3-də başda Seyid Cəfər Pişəvəri olmaqla Azərbaycanın tanınmış demokratlarından bir qrupu Azərbaycan Demokrat Firqəsinin (ADF) yaradılması haqqında bəyanatla çıxış etdi. Bu bəyanatda partiyanın proqram prinsipləri - İran dövləti tərkibində Azərbaycana inzibati-təsərrüfat, mədəni muxtariyyət verilməsi, İranın siyasi həyatının demokratikləşdirilməsi, geniş xalq kütlələrinin mənafeyinə uyğun olan ictimai-iqtisadi islahatların keçirilməsi və sair məsələlər şərh olunurdu. Bundan əlavə, milli həmrəyliyin əldə edilməsi nəzərdə tutulur, fəhlə və kəndlilərin sahibkarlara qarşı ekstremist çıxışları pislənilir, ictimai-iqtisadi islahatların təkamül yolu ilə bütün cəmiyyətin xeyrinə həyata keçirilməsi labüd sayılır, milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayanların hamısının bərabər hüququ təsbit edilirdi.

Cənubi Azərbaycanda milli demokratik və azadlıq hərəkatının gedişini İ.V.Stalin diqqət mərkəzində saxlayırdı. O, Azərbaycan Demokrat Firqəsinin yaradılmasında, təşkilata Seyid Cəfər Pişəvərinin başçılıq etməsində israrlı olub, hərəkatın maddi-mənəvi təminatı haqqında M.C.Bağırova göstərişlər vermişdi. 1945-ci ilin avqustunda Pişəvərinin Sovet Azərbaycanında M.C.Bağırovla görüşü olmuşdu. Sovetlərin dönüklüyündən ehtiyat edən Pişəvəri böyük tərəddüddən sonra tarixin Azərbaycan xalqının taleyi üçün verdiyi bu nadir imkandan istifadə etməyə razılıq vermişdi.

Sentyabrın 13-də ADF təsisçilərinin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət müvəqqəti komitə seçdi və tezliklə partiyanın birinci qurultayının çağırılmasını qərara aldı. ADF-nin yaranması, onun proqramı əhalinin müxtəlif təbəqələri içərisində rəğbətlə qarşılandı. Bir neçə həftə ərzində partiya sıralarına minlərlə fəhlə və kəndli, ziyalı, xırda və orta sahibkar, hətta bəzi mülkədarlar da daxil oldular.

Cənubi Azərbaycanda mədəniyyətin inkişafında Şimali Azərbaycanın təsiri və rolu həlledici əhəmiyyətə malik idi. Cənubi Azərbaycanda yerləşdirilmiş sovet ordu hissələrindəki azərbaycanlı zabit və əsgərlər üçün 1941-ci il oktyabrın 11-dən Azərbaycan türkcəsində nəşr olunan “Vətən yolunda” (Təbriz) və “Qızıl əsgər” (Urmiya) qəzetləri ədəbi dilin formalaşmasında son dərəcə mühüm rol oynadı.

Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində 1941-ci il oktyabr ayının ortalarında Təbrizdə Azərbaycan Opera və Balet Teatrının ilk qastrol tamaşaları böyük əhəmiyyət kəsb etdi. Azərbaycanın digər mədəniyyət kollektivləri - dram teatrları, musiqi və rəqs ansamblları, ədəbiyyat və incəsənət, maarif və elm xadimləri Cənubi Azərbaycana gələrək konsert və tamaşalar verir, mühazirələr oxuyurdular. Sovet dövlətinin İranda, o cümlədən Cənubi Azərbaycanda yeritdiyi işğalçı siyasətə baxmayaraq, azərbaycanlıların bu əlaqələri genişləndirmək əzmi yüksək idi. Müharibə illərində Azərbaycan dilində yazıb-yaradan gənc yazıçı və şairlər nəsli formalaşmışdı.

1945-ci il oktyabrın 2-4-də ADF-nin qurultayı keçirildi. Qurultay partiyanın 3 sentyabr tarixli bəyanatının əsas müddəalarını proqram və nizamnamə kimi qəbul etdi. S.C.Pişəvəri başda olmaqla partiyanın Mərkəzi Komitəsi seçildi.

Mərkəzi hökumətin demokratik hərəkata qarşı geniş silahlı hücumu müqabilində ADF açıq şəkildə fədai dəstələri yaratmağa başladı. Noyabrın 17-dən dekabrın əvvəllərinədək Marağa, Maku, Mərənd, Sərab, Ərdəbil, Astara, Zəncan şəhərlərində, sonra isə Cənubi Azərbaycanın digər yerlərində hakimiyyət orqanları yaradıldı.

Təbrizdə hakimiyyət hələ oktyabrın əvvəllərindən demokratların əlində idi. Hökumət qoşunlarının bir sıra zabitləri yeni hakimiyyət tərəfinə keçdi. Bəzi yerlərdə mərkəzi hakimiyyət strukturları qalsa da, əhali yeni hakimiyyətə müraciət edirdi.

Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı. Özünü Müəssislər Məclisi elan etmiş konqres ümumi seçkilər yolu ilə Milli Məclisin formalaşdırılması və Milli hökumətin yaradılması tələbini irəli sürdü. Müəssislər Məclisinin qərarına əsasən Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməli idi. Noyabrın 27-dən dekabrın 1-dək Cənubi Azərbaycanda seçkilər keçirildi. Əhali ADF- nin namizədlərinə səs verdi. Dekabrın 12-də toplanmış Milli Məclis Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı.

Milli hökumətin yaranması ilə Cənubi Azərbaycanda demokratik hərəkatın üçüncü - milli quruculuq mərhələsi başlandı. Milli hökumət qarşısında duran əsas vəzifə yerlərdə yeni inzibati-ərazi orqanlarının yaradılması idi. Bu məqsədlə Milli Məclis vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlərinə (əncümən - İranda şəhər və ya əyalətlərdə yerli özünüidarə orqan, seçkili inqilabi orqan) seçkilər haqqında qanun qəbul etdi. Seçkilər 1946-cı ilin yanvar-fevral aylarında keçirildi və müvafiq strukturların yaradılmasına başlandı.

Demokratik hərəkatın mühüm tələblərindən biri də zəhmətkeşlərin xeyrinə sosial-iqtisadi islahatların keçirilməsi idi. Milli hökumət 1946-cı il fevralın 16-da aqrar qanun qəbul etdi. Qanuna görə, dövlət mülkiyyətində olan “xalisə” torpaqlar, habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədarların və digər sahibkarların torpaqları kəndlilər arasında bölüşdürüldü. Azərbaycanda sənaye və ticarətin inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə və vergi sisteminin təkmilləşdirilməsinə yönəldilmiş bir sıra digər qanunlar da qəbul edildi.

Milli hökumətin ən böyük nailiyyəti 1946-cı il yanvarın 6-da Milli Məclis tərəfindən qəbul edilmiş “Dil haqqında qanun” idi. Qanuna görə, Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunurdu. İdarə və təşkilatlarda işlər, məktəblərdə tədris ana dilində aparılırdı. Azərbaycanda yaşayan milli azlıqların öz dillərində təhsil almaq hüququ saxlanılırdı. Qısa zamanda ana dilində dərsliklərin, müxtəlif ədəbiyyat, qəzet və jurnalların nəşr edilməsinə, radioverilişlərin təşkilinə başlanıldı. Onlarca kitabxana və qiraətxana, kənd yerlərində yüzlərlə yeni məktəblər açıldı. Müxtəlif yaradıcılıq birlik və təşkilatları, muzeylər yaradıldı. Bütün bunlar milli-mədəni inqilab üçün şərait yaradır, demokratik hərəkatı möhkəmləndirirdi.

Cənubi Azərbaycanda milli demokratik hərəkatın uğurları Tehranın hakim dairələrində böyük təşviş yaradırdı. İran hökuməti xalqı aldatmaq məqsədilə Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə müqavilə imzalandı. Razılıq əldə edilməsi naminə Milli hökumət ciddi güzəştlərə getməli oldu. Müqaviləyə görə. Azərbaycandakı Milli hökumət Azərbaycan əyalət əncüməni statusunu qəbul etdi. Eyni zamanda Tehran hökuməti kütləvi informasiya vasitələrində, parlamentdə Azərbaycan demokratlarını separatizmdə ittiham edən geniş kampaniyaya başladı. Bununla bərabər o, ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək “İran məsələsi”nin BMT-də müzakirəsinə nail oldu, həm də ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələri barədə razılığını aldı. Sovet hökumətinin “bitərəfliyini” əldə etmək üçün Əhməd Qəvam (İranın baş naziri) Moskvaya gedərək Stalinlə görüşdü. Danışıqlar sovet hökumətinin Şimali İranda, o cümlədən Cənubi Azərbaycanda neftin kəşfi və hasilatı hüququnu əldə etməsi ilə nəticələndi. 1946-cı il aprelin 4-də Tehranda müqavilə imzalansa da, parlament bu müqaviləni təsdiq etmədi.

Bunun ardınca BMT Təhlükəsizlik Şurasının tələbi ilə sovet hərbi hissələrinin İrandan çıxarılması sürətləndirildi və mayın 8-də başa çatdırıldı.

Bütün bu hazırlıq işləri başa çatdıqdan sonra İran hökuməti ultimatum şəklində əyalət əncüməninə bildirdi ki, yeni parlament seçkilərində qayda-qanunu təmin etmək üçün Azərbaycana qoşun yeridilməlidir. Əslində isə bu, Azərbaycana silahlı basqın idi. Odur ki, dekabrın 1-dən bir neçə istiqamətdə hücuma keçən mərkəzi hökumət qoşunları ilə fədailər arasında qanlı döyüşlər başlandı. Hökumət qoşunlarının hərbi-texniki cəhətdən qat-qat üstünlüyünə baxmayaraq, Milli hökumətin qoşunları Zəncan, Miyanə, Marağa cəbhələrində əks-hücuma keçərək düşmənə zərbələr endirdilər. Lakin Milli hökumət kütləvi qan tökülməsi, vətəndaş müharibəsinin baş verməsi təhlükəsini aradan qaldırmaq üçün silahlı qüvvələrə döyüşləri dayandırmaq göstərişi verdi. Müqavimətsiz irəliləyən İran qoşunu dekabrın 12-də Təbrizə daxil oldu. Minlərlə adam güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. Milli hakimiyyət dövründə az-çox siyasi fəallıq göstərən kəndlilər, fəhlələr, ziyalılar, bir çox sahibkarlar təqiblərə məruz qaldılar. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Hərəkatın fəalları İranın cənub bölgələrinə sürgün edildilər. Cəza tədbirlərindən xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu. Onların çox hissəsi Azərbaycan SSR-ə keçdi. Bir illik xalq hakimiyyəti dövründə əldə edilmiş bütün nailiyyətlər məhv edildi. Təbriz Universiteti, filarmoniyası və başqa mədəniyyət ocaqları bağlandı, ana dilindəki kitablar, dərsliklər yandırıldı.

Hərəkatın lideri Seyid Cəfər Pişəvəri 1946-cı il dekabrın 11-də yaxın silahdaşları ilə birlikdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı olan S.C.Pişəvəri 1947-ci il iyulun 14-də Şimali Azərbaycanda müəmmalı avtomobil qəzası nəticəsində dünyasını dəyişdi.

Beləliklə, 1941-46-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Məğlubiyyət obyektiv daxili səbəblərlə yanaşı xarici amillərlə, əsasən, ABŞ-ın, İngiltərənin və SSRİ-nin İrandakı siyasəti ilə bağlı idi. Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi, xalqda öz milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi, bu məqsədlər uğrunda gələcək mübarizə üçün təməl yaratdı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Rəhimli, Əkrəm Rəhim oğlu. Mübarizə burulğanlarında kecən ömür : Seyid Cəfər Pisəvəri: həyatı və ictimai-siyasi fəaliyyəti / Ə. R. Rəhimli ; elmi red.: Ş. Ə. Tağıyeva, C. P. Həsənli ; red. M. Tağıoğlu ; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. - Bakı : Nurlar NPM, 2009. - 400 s.
  2. Pişəvəri, Seyid Cəfər Mir Cavad oğlu. Zindan xatirələri / S. C. Pişəvəri ; tərt., elmi red. Ə. R. Rəhimli, red. Ş. Rüstəmli ; AMEA Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. - Bakı : Bakı Çap Evi, 2014. - 232 s.
  3. Əlizadə, Hüseyn. "21 Azər" soyqırımı : 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar / H. Əlizadə ; fars dilindən tərc. S. T. Dostəliyev ; elmi red.: S. Z. Bayramzadə, Ə. R. Rəhimli ; AMEA Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. - Bakı : Elm və təhsil, 2017. - 376 s.
  4. 662 saylı məhbus - S.C. Pişəvəri: Seyid Cəfər Pişəvəriyə aid istintaq materialları: 1930-1940 / AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu ; tərt., ön sözün müəl. Ə. R. Rəhimli ; elmi red. S. Bayramzadə. - Bakı : Nurlar NPM, 2019. - 184 s.
  5. Rəhimli, Əkrəm Rəhim oğlu. Güney Azərbaycanda Milli-demokratik hərəkat : 1941-1946 / Ə. R. Rəhimli ; elmi red.: Ş. Tağıyeva, C. Həsənli. - Bakı : Meqa, 2003. - 208 s.
  6. Pişəvəri, Seyid Cəfər Mir Cavad oğlu. Xatirələr : 1941-1945 / S. C. Pişəvəri ; tərt. Y. Kənani ; Azərbaycan Demokrat Firqəsi, İran Mühacirlər Cəmiyyəti. - Bakı : n. y., 2005. - 394 s.
  7. Rəhimli, Əkrəm Rəhim oğlu. Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan / Ə. R. Rəhimli ; elmi red. S. Z. Bayramzadə ; ön sözün müəl. R. B. Hüseynov ; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. - Əlavələrlə V nəşr. - Bakı : Elm və təhsil, 2022. - 448 s.