1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiası nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olmuşdur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1991-cı ilin oktyabrından Xocalı blokadada idi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Yeganə nəqliyyat vasitəsi kimi ümid vertolyotlara qalmışdı. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olmasından sonra bu əlaqə də kəsilmişdi. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Şəhər statusu verilən Xocalıda 1992-ci ilin əvvəlində 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandakı tarixi-etnik torpaqlarından, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətindən qovulmuş axıska türkləri də məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Həmin qanlı gün, saat 23.00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Əvvəlcə şəhər hər tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, tamamilə alova bürünmüşdü. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənginə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Xocalılar vəhşiliklə üz-üzə qaldılar. Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar istifadə edildi. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.
Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin və başlarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.
Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə verilib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.
Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza üsullarına görə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət aktlarındandır.
Tövsiyə edilən ədəbiyyat: