Tarixdən səhifələr

Car-Balakən camaatlığının Rusiya tərəfindən işğalı

Car-Balakən camaatlığı həm idarəetmə, həm etnik rəngarənglik, həm də apardığı müharibələrdəki uğurlar baxımından Azərbaycan ərazisində mövcud olan digər feodal xanlıqlardan fərqlənir. Bu camaatlığın qurulması prosesi 14-cü əsrdən başlayır. Buna qədər regionda camaatlığı formalaşdıran ayrı-ayrı icmalar yaranmağa başladı. 16-cı əsrdə bu icmalar azad cəmiyyətlərə – camaatlıqlara birləşməyə başladılar.

XVI əsrin ortalarında formalaşan Car-Balakən camaatı XVII əsrin əvvəllərində tam olaraq müstəqil oldu.

Car-Balakən üçün Rusiya XVIII əsrin sonunda real təhlükə olmağa başladı. Bu ərəfədə həm Osmanlı, həm də Car-Balakən tərəfindən sıxışdırılan gürcü feodallar Rusiyaya müraciət edərək onun protektoratı olmağı qəbul etdilər. Beləcə Rusiya Cənubi Qafqaza daxil oldu.

1801-ci il sentyabrın 12-də çar Aleksandrın hakimiyyətə gəlməsilə, Rusiyanın Cənubi Qafqaz siyasətində də canlanma oldu. 1802-ci ilin avqustunda Qafqazdakı rus qoşunlarının baş komandanı A. V. Knorrinq və Rusiyanın Tiflisdəki səfiri R.İ.Kovalenski geri çağırıldılar və daha enerjili və qətiyyətli olan P.D.Sisianov Qafqazdakı rus qoşunlarının baş komandanı və imperator canişini səlahiyyətləri ilə Gürcüstanın ali hakimi təyin edildi.

Sisianovun ilk hədəfi Azərbaycanın şimal-qərb torpaqları - Car-Balakən camaatlığı və İlisu sultanlığı oldu. Bölgə Rusiya üçün hərbi-strateji və iqtisadi əhəmiyyət daşıyırdı.

Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə idi. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. XIX yüzilliyin əvvəlində Rusiyanın işğalçılıq siyasətində Car-Balakən məsələsi ümumqafqaz əhəmiyyətli məsələyə çevrilmişdi.

Car-Balakənin işğalının Rusiya üçün başqa əhəmiyyətli tərəfləri də var idi. Məlumdur ki, Car-Balakən camaatlığı bütün Qafqazda özlərinin itaətsizlikləri ilə məşhur idilər. Onların ram edilməsi Qafqazda rus xofunun yaranması və gələcək müvəffəqiyyətin təminatı demək idi.

Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başladı. General Qulyakovun başçılıq etdiyi hərbi ekspedisiyanın tərkibinə 1482 piyada, 210 kazak, 113 qeyri-sıravi hərbi qulluqçu, 500 nəfər gürcü atlısı, 4000 nəfər gürcü piyadası və 8 top daxil idi. Qeyri bərabər döyüşdə işğalçılar xüsusi qəddarlıq törətdilər.

Balakən uğrunda döyüşlərdə car-balakənlilər 500 nəfər şəhid verdilər, 44 kişi, 92 qadın və iki gürcü knyazı əsir götürüldü. Martın 8-də Balakəni ələ keçirən rus qoşunları evləri yandırır, qarət və talınçılıqla məşğul olurdu. Balakən icması daxili idarəçilik qaydalarını saxlamaq şərtilə öz üzərinə bir sıra öhdəlik götürməyə məcbur oldu. Balakən icması gürcü carı Aleksandra və onun yaxınlarına öz ərazisində sığınacaq verməməyi öhdəsinə götürür, bununla belə ərazidə rus qoşununu yerləşdirməli, ipək vergisi ödəməli və Tiflisə 5 girov göndərməli idi.

Balakənin işğalı Car və digər icmaların mövqeyini zəiflətdi. Xarici siyasi vəziyyət də onların xeyrinə deyildi. Dağıstandan gözlənilən köməyi də almaq mümkün olmadı, çünki dağ yolları qarla örtülü və keçilməz idi. Carlılar öz müttəfiqləri Şəki xanı Məhəmmədhəsənin köməyinə arxalanaraq rus qoşunlarına qarşı hücuma keçmək niyyətində idi. Bu təhlükəni hiss edən Qulyakov öz qoşunları ilə Katex kəndinə girdi. Yerli əhali dağlara çəkildiyindən kənd boş idi. Burada yalnız kiçik bir dəstə qalmışdı. Onların müqavimətini asanlıqla qıran rus silahlı dəstələri Cara doğru hərəkət etdi. Həmin vaxt şəkili Məhəmmədhəsən xan da öz dəstəsi və 2 topla carlıların köməyinə gəldi. Lakin rusların hərbi qüvvələrinin üstün olduğunu gördüyündən Katex kəndinə çatmamış geri qayıtdı.

Martın 29-da Qulyakov Car üzərinə yürüşə başladı. Balakənin aqibətini görən və güclü müqavimət göstərmək imkanında olmayan carlılar kiçik dəstələrlə bir neçə dəfə hücum təşkil etdilər. Lakin bununla yaxşı silahlanmış rus hərbi dəstələrinin hücumlarının qarşısını almaq mümkün olmadı. Həmin gün carlı ağsaqqallar Qulyakovun yanına gələrək şərtlərlə razı olduqlarını bildirdilər.

1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığının və İlisu sultanlığının Rusiyanın itaətinə keçməsi haqqında Andlı öhdəlik (müqavilə) imzalandı. Beləliklə, seçmək imkanı olmayan car-balakənlilər aşağıdakı şərtləri qəbul etmək məcburiyyətində qaldılar:

1. Car azad icmaları Rusiya çarı əlahəzrət Aleksandr Pavloviçə və onun vərəsələrinə itaət edəcək;
2. Tiflis çəkisi ilə 1100 litr olan və ipəklə ödəniləcək illik vergi ildə iki dəfəyə, 1 avqust və 1 noyabrda, gecikdirilmədən ödəniləcək;
3. Car-Balakənə qoşun yerləşdiriləcək;
4. Balakən, Katex, Car, Tala, Muxax və Cınıx camaatlarının hər birindən bir nəfər əmanət veriləcək;
5. Rusiyaya dost olmayan adamlar, o cümlədən çar Aleksandr (gürcü şahzadəsi) Car-Balakən ərazisinə buraxılmayacaq.

Müqavilədə Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloylarla bağlı da xüsusi bənd var idi. Müqavilənin 9-cu bəndində carlılardan ingiloyların xristian dininə sərbəst şəkildə etiqad etmələrinə maneələr törədilməməsi tələb olunurdu. Bu tələb gələcəkdə Rusiya imperiyasının Car-Balakən camaatlığında həyata keçirəcəyi müstəmləkə siyasətinin istiqamətlərini müəyyənləşdirdi.

Müqavilədə Balakən döyüşündə götürülən əsirlərin geri qaytarılması məsələsi də ayrıca 2-ci bənddə öz əksini tapmışdır.

Beləliklə, Rusiya imperiyası Car-Balakən camaatlığını işğal etdi və Azərbaycan xanlıqlarına gedən yolu açdı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədova, Arzu Əşrəf qızı. Car-Balakən camaatlığı: XVII əsrin sonu-XIX əsrin 30-cu illəri / A. Ə. Məmmədova ; elmi red. Y. M. Mahmudov. - Bakı : UniPrint, 2009. - 256 s.
  2. Cavadova, Z. Ə. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası: XIX əsrin əvvəlləri - 70-ci illəri : monoqrafiya / Z. Ə. Cavadova ; elmi red. Y. M. Mahmudlu. - Bakı : Altay, 2002. - 192 s.
  3. Şimal-Qərbi Azərbaycan tarixi : monoqrafiya / Ş. H. Əliyev [et al.] ; layihənin rəh., ön sözün müəl. Y. M. Mahmudov, elmi red. İ. S. Bağırova ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Şərq-Qərb, 2011. - 424 s.