Tarixdən səhifələr

Laçın rayonun işğaldan azad olunması

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km2 olan Laçın rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur.

Həmçinin Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılmışdır. Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılmışdır.

Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilmişdir.

Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir.

Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.

Laçın şəhərinin Baş planı hazırlanıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.

Laçın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan rayonlardandır. Coğrafi baxımdan strateji üstünlükləri var, iqtisadi baxımdan ölkəmiz üçün vacibdir. Laçın rayonunun həm təbii ehtiyatlarının həcmi, həm də miqyası kifayət qədər genişdir. Bu, Laçında sənaye müəssisələrinin qurulmasına və inkişaf etdirilməsinə imkan yaradır. Digər tərəfdən isə Laçının təbiəti, relyefi və coğrafiyası rayonda fərqli sektorların inkişafına nail olmağa imkan verir. Bu rayonda həm kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün kifayət qədər böyük imkanlar var. Laçın yenidənqurma və bərpa, həmçinin məskunlaşma mərhələsindən sonra nəinki Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən rayonlardan birinə çevriləcək.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəbibəyli, Ziyadxan İsrafil oğlu. Laçın - 85 / Z. İ. Nəbibəyli ; red.: Ş. H. Alışanlı, İ. Cəlilbəyli. - Bakı : Araz, 2009. - 150 s.
  2. Nəbibəyli, Ziyadxan İsrafil oğlu. Zəngəzurun altun tacı Laçın / Z. İ. Nəbibəyli ; elmi red. F. Süleymanov ; red. Ş. Arif. - Bakı : UniPrint, 2009. - 270 s.
  3. Qarabağ - irsimizin əbədi yaddaşı = Garabakh - the eternal memory of Azerbaijan heritage / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; ideyanın müəl. Ə. M. Qarayev ; layihənin rəh. Ə. Vəliyev ; red. T. Vəliyev ; foto: H. Hüseynzadə [et al.]. - Bakı : Rəqəmli Dövr, 2012. - 379 s.
  4. Abdullayev, Əsgər İbrahim oğlu. Qarabağ faciəsi : monoqrafiya / Ə. İ. Abdullayev ; elmi red. Ə. Əliyev ; baş red. İ. Səfərov ; red. R. Cəbrayılova ; Azərbaycan Dövlət İqtisad Universiteti. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2016. - 228 s.
  5. Məmmədov, Nazim Rəhbər oğlu. İkinci Qarabağ müharibəsi : Zəfər salnaməsi / N. R. Məmmədov ; elmi red. M. İ. Əmrahov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Optimist MMC, 2022. - 464 s.