Tarixdən səhifələr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdü.

1989-cu il dekabrın 31-də Türkiyənin İstanbul şəhərində ilk dəfə keçirilən Ümumdünya Azərbaycanlıları Konqresi və 1990-cı ildə Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə I Millətlərarası Böyük Azərbaycan Konqresi azərbaycanlıların həmrəyliyi istiqamətində atılmış ilk mühüm siyasi addımlar idi. Tədbir iştirakçıları bir sıra beynəlxalq birliklərə müraciət qəbul etdi. Bu tədbirlərdə ilk dəfə olaraq 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü kimi qeyd edilməsi ideyası irəli sürüldü.

Bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəyliyi Günü kimi daxil oldu.

Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Qurultaydan sonra Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda, bugünədək keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan vermişdir. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-6-da Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirilmişdir. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etmişlər. Qurultaylar düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilmişdir.

2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib.

Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində keçirilib. Həmin qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edərək dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.”.

Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Ölkə rəhbərliyi tərəfindən dünya azərbaycanlılarının toplaşdığı diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır.

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının güvənc yeridir. Tarixi Qələbədən sonra dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Hər kəs anlayır ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Dünya Azərbaycanlıları: məlumat kitabı / tərt. M. N. Bağıyeva [et al.] ; red. Q. M. Əliyev ; elmi red. Ə. M. Həsənov. I cild. - Bakı : Azərbaycan nəşriyyatı, 2006. - 424,[4] s.
  2. Müstəqilliyin 25 ili: azərbaycançılıq ideyası və dil siyasəti / Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Türk Dünyası İnfo" İB ; tərt., layihənin rəh. D. O. Osmanlı ; red.: Ş. Əliyev, Ə. Qoşalı, İ. İlyaslı ; ön sözün müəl. N. Q. Cəfərov. - Bakı : Qaya nəşriyyat MMC, 2016. - 224 s.
  3. Arzumanlı, Vaqif Minad oğlu. Azərbaycan diasporu : reallıqlar, qayğılar, problemlər: monoqrafiya / V. M. Arzumanlı ; elmi red. V. Həbiboğlu ; AMEA Beynəlxalq Münasibətlər İnstitutu. - Bakı : Qartal, 2001. - 800 s.
  4. Azərbaycan diasporu: tarix və müasirlik / M. H. Seyidbəyli, Z. M. Əsgərova, A. Qasımova [et al.] ; layihənin rəh. Y. M. Mahmudov ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Turxan NPB, 2016. - 384 s.
  5. Azərbaycan diasporu: transmilli əlaqələr / M. H. Seyidbəyli, R. Cəfərova, X. C. Qəhrəmanova [et al.] ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2018. - 200 s.
  6. Hüseynzadə, Fuad Abı oğlu. Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi / F. A. Hüseynzadə ; red. V. Zifəroğlu ; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi. - Bakı : Apostrof-A, 2020. - 180 s.