Tarixdən səhifələr

Ağdam şəhəri günü

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonunun ərazisi 1150 kvadrat kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir.

XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Rayonun Xaçın-Dərbətli kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Ağdam Cümə məscidi, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi və digərləri rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.

23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur. Ermənilər binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişlər. Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır. Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında bu şəhərdə aparılan yenidənqurma və abadlıq-quruculuq işləridir. Rayonda daş daş üstünə qoyulduqca sanki bu qədim diyar ağrılarını unudur. Xatırladaq ki, Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə sağ qalan tikili məscid idi. O da erməni vandalları tərəfindən yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə salamat saxlanılmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Beləliklə, xalqımızın 30 illik Qarabağ həsrəti Vətən Müharibəsində qazandığımız Qələbə sayəsində başa çatdı. Vətən Müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata görə 23 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edildi. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı.

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Ölkə başçısının Ağdam rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin, Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, eləcə də inzibati binanın təməlləri qoyulub. Bütün bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə Ağdamın şöhrətli günləri yenidən qayıdacaq.

Milli-mədəni irsimiz olan Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə müstəsna işlər həyata keçirilir.

Bundan sonrakı mərhələdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılacaq və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcək, artıq məcburi köçkün olmayan vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri qayıdacaqlar.

Vətən Müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 20 noyabr – Ağdam şəhəri günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qarabağ: yaddaş / Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi ; tərt., layihənin rəh. A. Ə. Xəlilov. - Bakı : MHS-poliqraf, 2010. - 192 s.
  2. Abdullayev, Əsgər İbrahim oğlu. Qarabağ faciəsi : monoqrafiya / Ə. İ. Abdullayev ; elmi red. Ə. Əliyev ; baş red. İ. Səfərov ; red. R. Cəbrayılova ; Azərbaycan Dövlət İqtisad Universiteti. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2016. - 228 s.
  3. Əhmədov, Elçin İldırım oğlu. Ermənistanın Azərbaycana təcavüzü / E. İ. Əhmədov ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. - (Humanitar və ictimai elmlər). II kitab : Etnik təmizləmə, soyqırıml, terror, işğal. - Bakı : Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2015. - 408 s.
  4. İbrahimov, Xaqani. Zəfər günü / X. İbrahimov ; elmi red. N. Q. Cəfərov. - Bakı : Avropa nəşriyyatı, 2021. - 432 s.
  5. Black book of Karabakh = Qarabağın qara kitabı / Ministry of Culture of the Republic of Azerbaijan [et al.]; project manager, ed. M. Marjanli ; trans.: I. Asadov [et al.] ; ed.: Z. Asgarova, G. Lysenko. - Dubai : IRS Publishing House, 2021. - 223 p.
  6. Məmmədov, Nazim Rəhbər oğlu. İkinci Qarabağ müharibəsi : Zəfər salnaməsi / N. R. Məmmədov ; elmi red. M. İ. Əmrahov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Optimist MMC, 2022. - 464 s.
  7. История Отечественной войны : фактор личности: 27 сентября - 10 ноября 2020 года / Исполнительная власть города Баку, Институт Истории им. А.А. Бакиханова НАНА ; рук. проекта, авт. предисл. Э. Азизов ; науч. ред. К. К. Шукюров. - Баку : Шарг-Гарб, 2022. - 444 с.