XX əsrin əvvəllərində Bakı Rusiyanın ən böyük sənaye mərkəzlərindən biri olsa da, xalq maarifinin, mədəniyyətin inkişafı baxımından çox geridə qalan şəhərlərdən biri idi. Bakıda Rusiyanın mərkəzlərindən fərqli olaraq həyata keçirilən milli müstəmləkə siyasəti xalq maarifinin və mədəniyyətinin inkişafına mənfi təsir edirdi. XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı çoxlu savadlı mütəxəssislər tələb edirdi. Ancaq onların mütaliəsini təşkil etmək üçün heç bir müəssisə yox idi.
Mütləqiyyətin yeritdiyi böyük dövlətçilik siyasəti azlıqda qalan millətlərin hüquqlarının daim pozulması, ardıcıl olaraq aparılan ruslaşdırma siyasəti milli məsələnin ədalətli həllini tələb edirdi. İnqilab ərəfəsində Bakıda bir-birinin ardınca baş verən tətillər və bu tətillərdə iqtisadi tələblərlə yanaşı, siyasi və mədəni tələblərin irəli sürülməsi çar hökumətini qorxuya salmışdı. Bakı Neft Sənayeçiləri Qurultayı Şurası Birinci rus inqilabı ərəfəsində Bakıda baş verən fəhlə tətillərində irəli sürülən mədəni tələbləri yerinə yetirmək, fəhlələrin maariflənməsi və mədəniyyətin inkişafında iştirak etmək məqsədi ilə bir sıra mədəni tədbirlər həyata keçirməyə məcbur oldu. XX əsrin əvvəllərindən başlayaraq şura məktəblər və mədəni-maarif müəssisələri açmağa başladı. Müəssisələri yaratmaq üçün vəsait ayrılması və vəsaitin tədricən artırılması haqqında qərar qəbul edildi.
20-ci illərdə Azərbaycanda elmi-tədqiqat müəssisələri, birlikləri, cəmiyyətləri yarandı və inkişaf etməyə başladı. Bu da öz növbəsində bütün bu elmi qüvvələri birləşdirən və istiqamətləndirən vahid elmi mərkəzin yaradılmasına zərurət yaratdı. Beləliklə, 1923-cü ilin əvvəllərində bir qrup alim Xalq Maarif Komissarlığının kollegiyasına müraciətlə Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyətini yaratmağı xahiş edir və cəmiyyətin nizamnaməsinin təsdiqi üçün müraciət edir. D.Urusov, A.R.Zifeld və H.Cəbiyev tərəfindən tərtib olunmuş nizamnamə 1923-cü ildə təsdiq edilir. 1923-cü il noyabrın 2-də 40 nəfərə qədər alimin və mütəxəssisin iştirakı ilə cəmiyyətin ilk təsis iclası keçirilir. Cəmiyyətin sədrliyinə Əbdürrəhim bəy Haqverdiyev seçilir. Nəriman Nərimanov və Səmədağa Ağamalıoğlu cəmiyyətin fəxri sədrləri seçilirlər. Cəmiyyət ziyalı qrupunun təşəbbüsü ilə yaradılmış, öz işinə o dövrün çox nüfuzlu alimlərini cəlb edir. Cəmiyyətin dəvəti ilə akademk V. İ. Qordlevski, akademik İ. İ. Meşşaninov, akademik V. V. Bartold, akademik A. Y. Krımski, akademik N. Y. Marr, professor A. N. Samoylov, professor N. İ. Jüze, professor İsmayıl Hikmət, professor Mehmet Fuad Köprülüzadə, V. P. Zummer, V. M. Sisoyev və b. kimi tanınmış alimlər müəyyən müddət Azərbaycanda olmuş, xalqımızın dili, tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı maraqlı tədqiqatlar aparmışlar. Dəvət olunmuş görkəmli alimlər arasında professor A. V. Baqri (1891- 1949) də olmuşdur. 32 yaşında Bakıya gəlmiş alim ömrünün qalan 26 ilini Bakıda elmi- pedaqoji fəaliyyətə həsr etmişdir. “Azərbaycan biblioqrafiyası” adlı məlumat kitabının hazırlanması Cəmiyyətin gördüyü dəyərli işlərdən biridir. Bu biblioqrafiya çox zəngin məlumat ehtiyatına malikdir. 134 müxtəlif biblioqrafik göstəricidən istifadə etməklə hazırlanmış material 1924 (I və II buraxılşlar) və 1925 (III buraxılış) ci illərdə nəşr olunmuşdur. A. V. Baqri Biblioqrafiyada 1820 – 1923-cü illər arasındakı böyük bir dövrün mətbuatın da Azərbaycan haqqında çap olunmuş materialları əks etdirmişdir. Cəmiyyət bu materialların hazırlanmasına 2 il (1923- 1924) vaxt sərf etmişdir. Bizim üçün daha önəmlisi odur ki, topluda Azərbaycan xalqının folkloruna aid zəngin biblioqrafik göstəricilər öz əksini tapmışdır. Üç buraxılışda gerçəkləşən bu nəşrdə sistemlilik gözlənilmişdir. Birinci buraxılışda müəllif əsas biblioqrafik qaynaqları, cografi və səyahətlə baglı materialları toplamışdır. İkincidə Azərbaycan etnoqrafiyasına, filologiyasına, maarifinə, tarix və arxeologiyasına aid ədəbiyyat vermiş, üçüncü buraxılışda isə Azərbaycan xalq təsərrüfatına aid materialları göstərmişdir. Alimin gördüyü bu işin istər öz dövrü üçün, istərsə də bu dövr üçün əhəmiyyəti böyükdür.
Cəmiyyət yarandığı ilk günlərdən Azərbaycan tarixinin, ədəbiyyatının, folklorunun, dilinin, etnoqrafiyasının, diyarşünaslıq araşdırmalarının aparılmasında, iqtisadi və təbiət elmlərinin inkişafında mühüm işlər həyata keçirmiş və təqdirəlayiq xidmətlər göstərmişdir. Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri də 1926-cı ildə I Türkoloji Qurultayı keçirməsi olub. Fəaliyyətinin üçüncü ilində öz “Xəbərlər” ini (İzvestiya) nəşr etməyə başlayır. “Xəbərlər” in ilk sayı 1925-ci ildə rus dilində çıxır. Nəşrin giriş sözündə S. Ağamalıoğlu bu sayı ilk qaranquş adlandırır. “Xəbərlər” in Azərbaycan dilində ilk sayı 1928-ci ildə çıxır. “Xəbərlər” in işində H. Zeynallı, Y. V. Çəmənzəminli, R. Əfəndiyev, V. Xuluflu, A. Baqriy, Ə. Abid və b. görkəmli ədəbiyyatşünas və etnoqraflar yaxından iştirak edirdilər. Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin Naxçıvanda, Dağlıq Qarabağda, Gəncədə, Şəkidə və b. yerlərdə filialları mövcud olmuşdur. Qısa bir zamanda Cəmiyyət məşhurlaşır və şöhrət qazanır. Cəmiyyətin əldə etdiyi nailiyyətlər bu sahədə strukturlaşmanın daha da təkmilləşdirilməsinə ehtiyac yaradır. Bunun nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi Tədqiqat İnstitutunun Əsasnaməsi təsdiq edilir. Məhz bu institutun bazasında 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi açılır. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır. İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış Sektorlar konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini təşkil etmiş, buna görə də az sonra Akademiyanın tərkibində müstəqil elmi-tədqiqat institutlarına çevrilə bilmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurətini meydana çıxarmışdır.
Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans Yulyeviç Levinson - Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan Filialı yaradılmışdır. Azərbaycan Filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərcədə irəli getmişdir. Qısa müddət ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq Sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vilkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu. Bu səmərəli işlər sayəsində nəhayət SSRİ Elmlər Akademiyası Azərbaycan filialının və respublikadakı digər elmi-tədqiqat institutlarının bazasında “Azərbaycan SSR Elmlər Akademiyası” nın təşkil edilməsi haqqında 23 yanvar 1945-ci ildə SSRİ Xalq Komissarları Soveti 131 saylı qərar qəbul edir. Beləliklə, Azərbaycan SSR Elmlər Akademiyası təsis olundu.
Tövsiyə edilən ədəbiyyat: