Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakı şəhərində anadan olub.
1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Daha sonra təhsilini Leninqrad ali rəssamlıq sənaye məktəbində davam etdirib. 1951-1957-ci illərdə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda təhsil alıb.
T.Salahov “Dalğa” və “Estakada” adlı ilk əsərlərini 1955-ci ildə çəkmiş və həmin əsərlərlə ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib.
O, 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.
1958-ci ildə “Səhər eşelonu”, 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkib və həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak edib.
1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti”, “Xəzər üzərində” əsərlərini çəkən rəssam Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini icra edib. 1963-cü ildə Tahir Salahov Sovet sülhü müdafiə Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1963-1974-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 1966–1970-ci illərdə 7-ci çağırış, 1970–1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. 1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilmişdir. Professor elmi adı təsdiq edilmişdir və SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüşdür. 1973-1992-ci illərdə SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi olub. 1978-ci ildə Helsinkidə keçirilən “Realist” Beynəlxalq sərgisində iştirak edən rəssam, eyni ildə Moskvada əsərlərinin fərdi sərgisini təşkil edib.
O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olmuşdur. 1980-ci ildə 10-cu çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir və həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.
1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir. 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmin ildə Ümumittifaq "Yer və insanlar" sərgisində iştirak etmişdir və "Dananın portreti" əsərini çəkmişdir. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir. 1986-cı ildə "Xəzərdə səhər" əsərini çəkmişdir. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır. 1996-cı ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.
Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssamın əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Təhsilə, təcrübəyə, öz üzərində çalışmağa böyük önəm verən, sənətin sirrini durmadan öyrənməkdə görən xalq rəssamının Azərbaycan rəssamlığında xüsusi yeri və özünəməxsus mövqeyi vardır. Məhz bu baxımdan görkəmli rəssamı orijinallığına və böyük xidmətlərinə görə dünyanın ən məşhur rəssamları ilə müqayisə edirlər.
Rəssamlıq sənəti üçün təsəvvür edilməyən çətin mövzularla həyatın görünməyən və ya az görünən tərəflərini tünd boyalarla sənətdə ifadə etmək vəzifəsini ciddi bir iradə ilə həyata keçirən rəssam istifadə etdiyi rənglərin tündlüyünə və ya təsvir etdiyi mövzuların gərginliyinə, eyni zamanda rəsmlərindəki çətin həyat notlarının bədii ifadəsinə istinad etdiyi üçün onu sərt realizm cərəyanının yaradıcısı kimi qəbul edirlər.
2011-ci ildə Avropa Elm və Incəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 1 il sonra 2012-ci ildə isə Ulyanovskdə keçirilən A.A. Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın – “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülüb.
2012-ci ildə İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.
Rəssam Tahir Salahov 92 yaşında – 20 may 2021-ci ildə Almaniyanın Berlin şəhərində müalicə olunduğu xəstəxanada ağciyər iltihabından vəfat edib. Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat: