Azərbaycanın paytaxtı Bakıdakı İsmailiyyə Sarayında 1926-cı il 26 fevral-6 mart tarixlərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoyan ən əlamətdar hadisələrdən biridir.
Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş. Qurultayda türklərin, bütövlükdə Türk Dünyasının tarixi, dili, əlifbası, etnogenezisi, etnoqrafiyası, ədəbiyyatı, mədəniyyəti və digər mövzularda ümumilikdə 14 məsələ ətrafında 38 məruzə və həmməruzələr dinlənilmiş, müzakirə edilmiş və bir çox qətnamələr qəbul edilmişdir.
İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişlər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçilmişlər.
Birinci Türkoloji Qurultayda Azərbaycanı Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Zifeldt-Simumyaqi, Artur Rudolfoviç, Pənah Qasımov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri,Həsən Musayev və qurultayın yeganə qadın nümayəndəsi Ayna Sultanovadan ibarət nüfuzlu, beynəlmiləl heyət təmsil etmişdi.
Birinci Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu.
Birinci Türkoloji Qurultayının ən başlıca vəzifə və məramlarından biri ərəb əlifbasından latın əlifbasına keçmək olmuşdur. Bu ideyanı türk dünyasında ilk dəfə gerçəkləşdirən Azərbaycan olmuşdur. 1929-cu il yanvarın 1-dən Azərbaycanda latın əlifbasına tam keçildi. Birinci Türkoloji Qurultayın qərarına uyğun olaraq digər türkdilli xalqlar və respublikalarla yanaşı, Türkiyə Cümhuriyyəti də həmin ildən latın əlifbasını qəbul etdi. Bu keçid xalqın kütləvi savadsızlığının aradan qaldırılmasında müstəsna rol oynadı, türkdilli xalqlar arasında mədəni əlaqələri gücləndirdi.
Qurultaydan sonra yeni əlifbanın tətbiqi xüsusilə geniş vüsət alsa da, təəssüf ki, 1940-cı ildə siyasi motivlərə görə qəti olaraq dayandırılmışdır. Azərbaycan xalqının qabaqcıl nümayəndələri sonralar da dilimizin inkişafı yolunda öz imkanları daxilində bu və ya digər dərəcədə fəaliyyət göstərmişlər.
Azərbaycan dili sabiq Sovet İttifaqı xalqlarının dilləri arasında öz ölkəsinin konstitusiyası ilə təsbit edilmiş az sayda dövlət dillərindən biri olmuşdur.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə dilimizin inkişafı yeni mahiyyət kəsb etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər. Bütün bunlar Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Birinci Türkoloji Qurultayına dövlət səviyyəsində hüquqi qiymət Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra verildi. 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi.
10 ildən sonra isə yenə də dövlət səviyyəsində birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd edildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 2016-cı il noyabrın 14 və 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Birinci Türkoloji Qurultayın ideyaları, çağırışları yaşamış, sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin, milli mədəniyyətlərin və ədəbiyyatın inkişafında, elmi-mədəni inteqrasiyanın formalaşmasında mühüm rol oynamışdır.
Tövsiyə edilən ədəbiyyat: