Tarixdən səhifələr

“ASAN xidmət” işçilərinin peşə bayramı

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə fəaliyyətə başlayıb.

“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli, ölkəmizdə turizm sektorunun, kiçik sahibkarlığın, gənclərin inkişafı və digər istiqamətlərdə də uğurlu fəaliyyəti ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 may tarixli fərmanında verilmiş tapşırığa müvafiq olaraq vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli üçün kommunal sahədə xidmətlər göstərən “ASAN kommunal” mərkəzləri yaradılıb. “ASAN xidmət”in fəaliyyət prinsipləri və standartlarını rəhbər tutan “ASAN kommunal” mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Dövlətimizin başçısının tapşırığına əsasən yaradılan “ASAN radio” 2015-ci il dekabrın 24-dən etibarən 100 FM dalğasında yayıma başlayıb. “ASAN radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə minlərlə könüllü gənc qoşulub. Əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. “ASAN Könüllüləri” Təşkilatı gənclərin hərtərəfli inkişafı üçün “ASAN akademiya”, “Könüllülər yurdu Azərbaycan”, “Mədəniyyət carçısı”, “Könüllülər parlamenti”, “ASAN məktub”, “Əsgərə məktub” kimi böyük layihə və proqramlar həyata keçirməkdə davam edir. “ASAN xidmət” könüllülük fəaliyyəti gənclərin məsuliyyətli vətəndaş kimi formalaşdırılmasını prioritet hesab edir.

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN viza” sistemi 2017-ci il yanvarın 10-dan fəaliyyətə başlayıb.  Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir.

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikatı alıb. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.

Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir. Bir sözlə, “ASAN” ölkəmizin ictimai həyatında böyük rol oynayır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Adilov, Nadir. Könüllülük: uğur formulu /N. Adilov, E. Paşayev ; red.: E. Hacıyev, D. Osmanlı ; məsl.: S. Məmmədli, B. İslamov.; Azərb. Turizm və Mencment Un-ti, Asan Könüllülər. - Bakı: s. n, 2017. - 99 s.
  2. Adilman, Nadir. Könüllünün öz/əl kitabı / N. Adilman ; Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi. - Bakı : AzFood İnformasiya Agentliyi, 2020. - 189 s.
  3. Qəmbərov, Atif. Könüllülərlə iş /A. Qəmbərov, T. Hümbətov ; [red.: R. Hacıyev, N. Pirverdiyeva ; dizayner: Ə. İsmayılzadə, T. Malikli] ; BBC Academy, Baku City Circuit, Azərb. Könüllü Təşkilatları İttifaqı. - Bakı: n. y., 2021. - 162 s.
  4. Asan Service: Brand Story: [since 15 january 2013]. - Baku : w. p., 2020. - 103 p.