Tarixdən səhifələr

General Fərəc bəy Ağayev

General Fərəc bəy Ağayev Qarabağın Şuşa şəhərində 4 dekabr 1811-ci ildə bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb.

Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri vəzifəsinə təyin olunur. Öz qeyri-adi hərbi qabiliyyəti, nizam-intizamı ilə Fərəc bəy I Nikolayın və onun arvadı Mariya Aleksandrovnanın diqqətini cəlb edir. Uzun müddət Peterburqda Rusiya imperatorunun şəxsi mühafizəçisi olur.

Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.

1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağ azərbaycanlılarından ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına daxil edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan F. Ağayev hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə "Cəsurluğa görə" yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli "Müqəddəs Anna" ordeni və ikinci dəfə birinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.

1853-1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor rütbəsinə layiq görülür. Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı.

Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev 1891-ci ildə 26 noyabrda 80 yaşında Tiflisdə vəfat etmişdir.

Fərəc bəy Ağayev Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabininin atasının dayısı olub və H.Zərdabi Tiflisdə təhsil alarkən F.Ağayevin himayəsində yaşayıb.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Azərbaycan generalları /Şəmistan Nəzirli; Red. T.Muxtarova. - Bakı: Gənclik, 1991. - 208 s.
  2. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Arxivlərin sirri açılır /Ş. Nəzirli; Rəyçi: Ç. Məmmədov; Red.: R. Faxralı; Buraxılışa məsul: B.Süleyman; Rəssam: Ədalət Həsənov. - Bakı: Elm, 1999. - 414 s.
  3. Исмаилов Э. Э. Георгиевские кавалеры — азербайджанцы / Э. Э. Исмаилов. — М.: Герои Отечества, 2005. — 248 с.