Tarixdən səhifələr

Konstitusiya günü

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu.

1995-ci ilin mayında Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin olundu. İyulun 18-də isə Ümummilli lider Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.

Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.

Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Xüsusilə də, prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsi, dövlət idarəetməsində funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq lazımdır ki, bəhs olunan referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun ildönümünü ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində otuz ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası / tərt.: Q. Əliyeva, G. Hacızadə, red., ön sözün müəl. S. C. Həsənova. - Bakı : Azərbaycan nəşriyyatı, 2011. - 304 s.
  2. Türkdilli ölkələrin konstitusiyaları / Türkdilli ölkələrin Parlament Assambleyası ; tərc., red. H. Babayev. - Ankara : n. y., 2012. - 260 s.
  3. Seyidov, Ənvər Cümşüd oğlu. Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları : dərs vəsaiti / Ə. C. Seyidov ; baş red. İ. İ. İsmayılov ; red.: C. E. Hüseynov, Z. S. Nağıyev. - Bakı : UniPrint, 2014. - 705 s.
  4. Əsgərov, Ziyafət Abbas oğlu. Hüquqi dövlət və konstitusiya : monoqrafiya / Z. A. Əsgərov ; elmi red. F. S. Abdullayev. - Bakı : Azərbaycan nəşriyyatı, 2019. - 280 s.
  5. Атакишиев, Бахтияр Сархад оглы. Конституция Азербайджанской Республики и основы права / Б. С. Атакишиев. - Баку : Абилов, Зейналов и сыновья, 2006. - 194 с.