Tarixdən səhifələr

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası

Müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi elm və təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Hərbi elm və təhsil Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla yanaşı, həm də sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir.

Müasir texnologiyanın yenilikləri ilə ayaqlaşan güclü ordunun yaradılmasında peşəkar kadrları hazırlayan hərbi təhsil sistemin müstəsna rolu vardır.

Hələ sovet dönəmində Azərbaycanda fəaliyyət göstərən 1 hərbi peşə məktəbi (C.Naxçıvanski adına hərbi lisey) və 2 hərbi məktəbdə (Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik məktəbi), həmçinin ittifaqın bir çox şəhərlərində yerləşən hərbi məktəblərdə hərb peşəsinə yiyələnən azərbaycanlı zabit kontingenti formalaşmışdı.

Azərbaycanda fəaliyyət göstərən hərbi təhsil ocaqlarının yenidən qurulması işinə müstəqilliyimizin ilk illərindən başlanılmış, peşəkar hərbi kadrların hazırlanması niyyətilə Silahlı Qüvvələrin qoşun hissələrində hərbi aviasiya kadrları, hərbi feldşerlər və gizirlərə olan ehtiyacın ödənilməsi məqsədi ilə müvafiq məktəblər açılmışdır. Peşəkar milli zabit bankının artırılması sahəsində görülən işlərin zirvəsi isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında verilmiş fərman oldu. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərb işi sahəsində elmi tədqiqatların aparılmasını, dövlət oraqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə 1999-cu ilin 20 fevralında Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı.

Yüksək səviyyəli taktiki və operativ təfəkkürlü milli zabit karların hazırlanmasını nəzərdə tutan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması ölkəmiz üçün hərbi təhsilin tamamilə yeni mərhələsi idi. Bu təhsil ocağı yarandığı ilk gündən ölkəmizin milli mənafelərinə sadaqətli olan və dövlətimizin müdafiəsi zamanı ordunun strateji yükünü öz çiyinlərində daşımağa qadir milli kadrların yetişdirilməsi, o cümlədən, müxtəlif strukturlarda çalışan şəxslərin təkmilləşdirilməsi məqsədilə mühüm addımlar atmağa başladı.

1999-cu ilin 30 iyulunda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilk buraxılışını etdi. Həmin buraxılışda 30 məzun akademiyanı bitirərək Silahlı Qüvvələrin müxtəlif idarə və müəssisələrində qulluğa cəlb olundular. Həmin gün akademiyanın nəzdində yaradılmış “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə” kursları da ilk buraxılışını edir və ilk tədris ilini 13 nəfər bitirdi.

Hərbi Akademiya Silahlı Qüvvələr üçün hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji və əməliyyat-taktiki səviyyələrdə hərbi idarəetmə orqanlarında komanda, qərargah vəzifələrində və digər vəzifələrdə xidmət etmək üçün ali hərbi təhsilli zabit kadrları hazırlanmasında müstəsna rol oynayıb.

27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində aparılan döyüşlərə  Hərbi Akademiyanın zabit-gizir heyəti də qatılmış və onlardan 4 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. Hərbi Akademiyanın 53 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.

44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycan Ordusunun müharibədə qazandığı təcrübə, bilik və bacarıqları yüksəltmək məqsədilə ordu quruculuğunda mühüm addımlar atıldı. Belə ki, xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Hərbi İdarəetmə İnstitutu yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Milli Müdafiə Universitetinin əsas fəaliyyət istiqamətləri tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir. Hazırda Azərbaycan Ordusu üçün müxtəlif kateqoriyalardan olan hərbi və mülki kadrların hazırlanması Milli Müdafiə Universitetinin nəzdində olan tədris müəssisələrində (Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitut və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi) həyata keçirilir.

Azərbaycan Ordusunun inkişafının müasir mərhələsində hərbi elm və təhsil sahəsində aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vətəni, xalqı və Prezidentinə hədsiz sədaqətinin və daima peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi ilə yanaşmasına yönəlmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan ordusunun tarixi / M. S. Süleymanov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. V cild : 1991-2017 / elmi red.: Ə. Qasımov, Q. Hacıyev. - Bakı : Maarif, 2019. - 784 s.
  2. Piriyev, Heydər. Heydər Əliyev irsində hərb tarixi və ordu quruculuğu məsələləri / H. Piriyev, M. S. Süleymanov ; elmi red. E. Həşimov ; Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Hərbi Akademiyası. - Bakı : Hərbi Nəşriyyat, 2021. - 312 s.
  3. Piriyev, Heydər. Hərb məharəti tarixi : dərs vəsaiti / H. Piriyev, Y. Aydəmirov, M. S. Süleymanov ; elmi red. S. Əhmədov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. - Bakı : Maarif, 2020. - 576 s.
  4. Piriyev, Heydər. İkinci Qarabağ müharibəsi : hərbi-siyasi təhlil / H. Piriyev, R. Tahirov, X. İskəndərov ; elmi red. E. Q. Həşimov ; red. A. A. Mirzəliyeva ; Silahlı Qüvvələrin Hərbi Akademiyası. - Bakı : Hərbi Nəşriyyat, 2022. - 168 s.