Tarixdən səhifələr

Azərbaycanın görkəmli hərbi xadimi, general Əliağa Şıxlınski

Əliağa İsmayıl ağa oğlu Şıxlınski 1865-ci il, aprel ayının 23-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1876-cı ildə Tiflisdə özəl gimnaziya, 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini bitirmişdir. Aleksandropoldakı (Gümrü) 39-cu topçu briqadasına təyinat alaraq, 1900-cü ilədək bu briqadada xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. 1900-cü ildə Zabaykalye əlahiddə artilleriya diviziyasına göndəriş alan Şıxlinski 1902-ci ilin mayında müvəqqəti olaraq, Peterburqa 6 aylıq kursa göndərilmiş Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilmişdi. Şıxlinski 4-cü Şərqi Sibir atıcı-topçu briqadasının tərkibində 1904-05-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmişdir. Müharibənin gedişində göstərdiyi igidliyə görə Şıxlinski 4 ordenə, podpolkovnik rütbəsinə və bir sıra qiymətli hədiyyələrə layiq görülmüşdü.

Şıxlınski 1905-ci ilin mayında Odessa hərbi dairəsinin 15-ci artilleriya briqadasına, bir ildən sonra isə Çarskoye Selodakı topçu zabitlər hazırlayan məktəbə göndərildi. 1906-cı ilin avqustunda təhsilini başa vurub briqadaya qayıtsa da, 1907-ci ilin əvvəlində Şıxlınski artilleriyadan dərs demək üçün yenidən həmin məktəbə dəvət olundu. 1908-ci ildə orada işləyərkən ona polkovnik rütbəsi verilmişdi. 1912-ci ildə general-mayor rütbəsinə layiq görülən Şıxlınski 1914-cü ildə bir müddət Çarskoe Selo topçu zabit məktəbinin rəisi vəzifəsini icra etmişdir.

Şıxlınski 1914-cü ilin sentyabrında Petroqradın artilleriya hücumundan müdafiəsinin rəisi olmuş, 1915-ci ilin əvvəlində Şimal-Qərb cəbhəsi komandanın sərəncamına göndərilmiş, həmin ilin mayından komandanın tapşırıq generalı vəzifəsinə təyin edilmişdi. 1916-cı ilin aprelində Şıxlınskiyə Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsi həvalə olundu. 1917-ci ilin aprelində general-leytenant rütbəsinə layiq görülən Şıxlınski həmin il sentyabrın 10-da Qərb cəbhəsi 10-cu ordusunun komandanı təyin edilmişdi. Ancaq iki ay sonra Şıxlınski səhhəti ilə əlaqədar həmin vəzifədən azad olunaraq, Qafqaz hərbi dairəsinin ehtiyatına göndərildi.

Şıxlınskinin rus ordusu sıralarındakı xidməti "Müqəddəs Stanislav" ordeninin hər üç dərəcəsi ilə, "Müqəddəs Anna" ordeninin hər dörd dərəcəsi ilə, "Müqəddəs Vladimir" ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə, xarici orden və medallarla, qiymətli hədiyyələrlə qeyd olunmuşdur.

Şıxlınski 1917-ci il dekabrın 11-dən təşkilinə başlanan Müsəlman Korpusunun komandiri təyin edildi. Onun rəhbərliyi altın korpusun tərkibinə daxil olan iki piyada diviziyasının, xüsusi süvari briqadasının, iki nişançı-topçu briqadasının zabit-komanda heyəti formalaşdırıldı, azərbaycanlı əhali arasında çağırış işinin əsası qoyuldu, qoşun hissələrindo döyüş hazırlığı təşkil olundu, milli kadr hazırlığı üçün ilk hərbi məktəbin yaradılmasına cəhd göstərildi. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun bazasında yaradılmış Əlahiddə Azərbaycan Korpusunun da komandiri Şıxlınski idi. O, Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələrinin və könüllün dəstələrinin döyüş fəaliyyətini izləmək və təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş, Bakının azad olunması (1918) əməliyyatının keçirilməsi zamanı da şəhər ətrafındakı qərargahdan döyüşlərin idarə olunmasında bilavasitə iştirak etmişdi.

1918-ci il dekabrın 29-da Şıxlınski Azərbaycanın Xalq Cümhuriyyəti hərbi nazirinin müavini təyin edildi, artilleriya və istehkamçı hissələrinə, habelə hərbi-təhsil müəssisələrinə və texniki müəssisələrə, artilleriya və istehkam anbarına nəzarət ona həvalə olundu. 1919-cu ilin əvvəlində isə Şıxlınski qoşun hissələrinin, idarə və müəssisələrin ştatlarının maaş cədvəllərini hazırlayan komissiyanın sədri təyin edildi. Azərbaycan ordusunun şəxsi heyətinin geyim formasının layihəsini hazırlamaq da bu komissiyaya tapşırıldı.

1919-cu il yanvarın 10-da Şıxlınski hərbi nazirliyin Müvəqqəti Hərbi Şurasının üzvü təyin edildi və Hərbi Şuranın əsasnaməsini hazırlamaq ona tapşırıldı. O, 1919-cu ilin yanvarında təsdiq edilmiş kiçik və böyük hərbi şuralarının da üzvü idi. Böyük hərbi şura Şıxlınskinin sədrliyi ilə toplaşırdı. Şıxlınski Türkiyənin Aydın vilayətində ermənilər tərəfındən törədilmiş qətliama məruz qalmış minlərlə türk vətəndaşlarına yardım göstərmək məqsədilə yaradılmış ianə komitəsinə sədrlik etmiş və bununla bağlı olaraq, 1920-ci il martın 16-da Azərbaycan vətəndaşlarına müraciət etmişdir.

Aprel işğalından (1920) sonra qısa müddət qırmızı ordu sıralarında xidmətini davam etdirən Şıxlınski 1920-ci ilin iyununda bolşevik həbsinə məruz qalsa da, Nəriman Nərimanovun müdaxiləsi ilə həbsdən azad edilmişdi. 1920-ci ilin avqustunda S.Mehmandarov ilə birlikdə Şıxlınski Baş qərargahda işləmək üçün Moskvaya göndərilərkən N.Nərimanov V.İ.Leninə yazmışdı: "...Biz onları Qərargahda işləmək üçün Sizin sərəncamınıza göndəririk, çünki bir hərbi mütəxəssis kimi onlar əvəzedilməzdir.

Onlardan biri - Şıxlınski Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunurdu...". 1921 ilin yayında onların hər ikisi yenidən Azərbaycana qayıtmış və xalq hərbiyyə və bəhriyyə komissarlığında xidmətə qəbul edilmişdilər. Şıxlınski Bakı qarnizonu hərbi-elmi cəmiyyətinin sədr müavini, 1924-cü ildə Azərbaycanın birləşmiş hərbi məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan hərbi tərcümə kollegiyasının redaktoru təyin olunmuşdu. Səhhəti ilə əlaqədar 1929-cu ildə istefa verərək, fərdi təqaüdə çıxmışdı.

Şıxlınski artilleriya nəzəriyyəsinə yeniliklər ("Şıxlınski üçbucağı", "Şıxlınski formulu") gətirmişdir. "Cəbhədə səhra toplarının işlədilməsi", "Rusca-türkcə müxtəsər hərbi lüğət" kitablarının, "Öz qoşunlarının başı üzərindən atəş", "Gələcək müharibə", "Dağlıq şəraitdə topçu atəşinin xüsusiyyətləri" və s. məqalələrin müəllifidir. 1942-ci ildə görkəmli Azərbaycan filosofu, o zaman SSRİ EA Azərbaycan filialının sədr müavini olan Heydər Hüseynovun təklifi ilə Şıxlınski öz xatirələrini yazmışdır. Kitab generalın ölümündən doqquz ay sonra - 1944-cü ilin may ayında nəşr olundu. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.

Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. General Əliağa Şıxlinski ömrü / Ş. Ə. Nəzirli ; red. K. Vəliyev. - Bakı : Uğur NPM, 2005. - 248 s.
  2. Nəzirli, Şəmistan Əmiraslan oğlu. General Əliağa Şıxlinski və silahdaşları : hərb tarixindən araşdırmalar / Ş. Ə. Nəzirli ; elmi. məsl. M. S. Süleymanov ; red. P. Səmədova. - Bakı : n. y., 2012. - 494 s.
  3. Нәзирли, Шәмистан Әмираслан оғлу. Азәрбајҹан ҝенераллары / Ш. Ә. Нәзирли ; ред. Т. Мухтарова. - Бакы : Ҝәнҹлик, 1991. - 204,[16] с.
  4. Шыхлински, Әлиаға Исмајыл оғлу. Хатирәләрим / Ә. И. Шыхлински ; гејд. Ш. Ә. Нәзирли. - Бакы : Азәрнәшр, 1984. - 218,[12] с.
  5. Назирли, Шамистан Амраслан оглы. Расстрелянные генералы Азербайджана / Ш. А. Назирли ; пер.: Р. Бабаева, М. Мамедова, Э. Шарифова-Сейшельского ; авт. предисл. Ч. Мамедов ; ред. Ш. Рустамов. - Баку : Bizim kitab, 2015. - 576 с.
  6. Ибрагимов, Сабир Давуд оглы. Генерал Али Ага Шихлинский : жизнь и деятельность / С. Д. Ибрагимов. - Баку : Азернешр, 1975. - 138 с.