Sovet Rusiyası Qafqaza, xüsusilə də Azərbaycana dair siyasətində, əslində, çar Rusiyasının varisi kimi çıxış edirdi. Bakı bolşeviklər üçün təkcə nefti, habelə müstəsna iqtisadi potensialı ilə deyil, həm də bütün Yaxın və Orta Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli idi. 1918-ci ildə daşnak-bolşevik S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi.
Bakı bolşevikləri 1919-cu ilin yazından AXC Hökumətinin əleyhinə fəaliyyətlərini daha da genişləndirdilər: ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail oldular; Azərbaycan ordusu və donanmasının “inqilabiləşdirilməsinə” səy göstərildi; fəhlələrdən ibarət hərbi drujinalar yaradıldı və onların hərbi sursatla təchiz olunması intensivləşdirildi; hakimiyyətə qarşı ideoloji təbliğat genişləndirildi; Qarabağda ermənilərin sifarişli qiyamı təşkil olundu və bununla AXC Hökumətinin böhranına zəmin yaradıldı. Bu dövrdə, hətta Türkiyənin mənafeyi naminə “canıyananlıq” da nümayiş etdirildi. Bütün bunlara baxmayaraq bolşeviklər Sovet Rusiyasının müdaxiləsi olmadan daxildə üsyanın qələbə çalacağına əmin deyildilər. Beləliklə, 1920-ci ilin yanvarında istiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan Xalq Cümhuriyyəti üçün xaricdən gözlənilən yeganə ciddi təhlükə bolşevik təcavüzü idi. Odur ki, Sovet Rusiyasının Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq haqqında nota xarakterli təklifi Azərbaycan Hökuməti və siyasi partiyaları tərəfindən birmənalı qarşılanmadı. Bolşeviklərin xarici siyasətini düzgün qiymətləndirən Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifini rədd etdi. Azərbaycan sosialistləri və “ittihad”çıları Çiçerinin notasına müsbət cavab verilməsini tələb etdilər. Hakimiyyətdaxili mübarizənin gücləndiyi bir dövrdə Rusiyanın təzyiqi də artırdı. Sovet Rusiyası Azərbaycan Hökumətinə yeni notalar göndərməkdə davam edirdi. Bolşeviklər xarici müdaxiləni pərdələmək məqsədilə Azərbaycanın milli hökumətini devirmək üçün ölkənin öz daxilində silahlı üsyana hazırlığa başladılar. 1920-ci il fevralın 11-12-də RK(b)P Bakı komitəsi, “Hümmət” və “Ədalət” təşkilatlarının qurultayı oldu. Ölkədə fəaliyyət göstərən bütün kommunist təşkilatlarını vahid “Azərbaycan Kommunist (bolşeviklər) Partiyası” adı altında birləşdirmək qərara alındı. AK(b)P-nin I qurultayı qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini zorakılıqla devirmək xətti götürdü. Lakin bolşeviklərin bir qismi silahlı üsyanın uğurla nəticələnəcəyinə şübhə ilə yanaşmaqda davam edirdi.
Sovet Rusiyasının hücumu ərəfəsində Moskvaya gəlmiş erməni nümayəndələri ərazi güzəştləri müqabilində Azərbaycan Hökumətini devirmək işində öz yardımını təklif edirdilər. Şübhəsiz ki, mart ayının ortalarında Qarabağda planauyğun şəkildə erməni qiyamının baş verməsi və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi əvvəlcədən hazırlanmış təxribat planının nəticəsi idi. 1920-ci ilin martında Qarabağın dağlıq hissəsində Azərbaycan Cümhuriyyətinə qarşı qaldırılan qiyamda, Qazağa və Naxçıvana Ermənistan tərəfindən edilən təcavüzdə məqsəd Azərbaycanın nizami ordu hissələrini Bakıdan çıxartmaq idi. Daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırmaq üçün ordu hissələri təcili Bakıdan və Dağıstan sərhədlərindən Qarabağın dağlıq hissəsinə gətirilməyə başladı.
Xarici təhlükə ilə yanaşı mart ayının axırlarında Hökumətin istefa verməsi də böhranın dərinləşməsində az rol oynamırdı. Lakin yeni Hökumət yaradılmadığı üçün köhnə kabinet hələlik öz fəaliyyətini davam etdirirdi. Aprel ayının ortalarında Qırmızı Ordu hissələrinin Azərbaycan sərhədlərində toplaşması Azərbaycan Hökumətinin ciddi narahatlığına səbəb olmuşdu.
1920-ci ilin aprelin 21-də Qafqaz cəbhəsi komandanlığının 11-ci Qırmızı ordu rəhbərliyinə və Volqa - Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə göstərilirdi ki, Azərbaycanın əsas qüvvəsi öz dövlətinin qərb cəbhəsində məşğuldur. Ona görə 11-ci Qırmızı orduya və Volqa - Xəzər donanmasına Tuxaçevski, Orconikidze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr edilirdi ki, aprelin 27-də Azərbaycan sərhədini keçib, beş gün ərzində Yalama - Bakı əməliyyatını yerinə yetirsinlər. Aprelin 23-də bu direktivdə dəyişiklik edildi və sərəncam verildi ki, 11-ci Qırmızı ordunun son vəzifəsi Bakı quberniyasını tutmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir.
Hələ Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hakimiyyətdə olduğu bir zamanda, aprelin 26-dan 27-nə keçən gecə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Beləliklə, Azərbaycanın işğalı məqsədilə qabaqcadan hazırlanmış Bakı əməliyyatının həyata keçirilməsi daha da sürətləndirildi və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11-ci Qırmızı ordunun birbaşa hərbi müdaxiləsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratını həll etdi. Azərbaycan Parlamenti baş vermiş fakt qarşısında qalaraq, reallıqla hesablaşmağa məcbur oldu. Ərazisində təcavüzkar xarici hərbi qüvvələrin - 11-ci Qırmızı ordu hissələrinin olduğu bir şəraitdə, açıq silahlı təzyiq altında qalan Azərbaycan Parlamenti 1920-ci il aprelin 27-də AK(b)P MK, RK(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Bakı Fəhlə Konfransı adından kommunistlərin təqdim etdikləri ultimatumu gündəliyə çıxardı və qızğın müzakirələrdən sonra, axşam saat 11 radələrində, hakimiyyətin aşağıdakı şərtlərlə Azərbaycan İnqilab Komitəsinə verilməsi barədə qərar qəbul etdi: 1) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun imdadına gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu buraxılmayacaq; 4) Azərbaycanın siyasi partiyalarının hürriyyət və sərbəstliyi mühafizə ediləcək; 5) keçmiş dövlət xadimləri, Hökumət üzvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək; 6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə formasını təyin edəcək.
Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyi Cümhuriyyətin devrilməsindən xəbər tutan kimi, aprelin 28-də San-Remo konfransına bu barədə nota təqdim etdi. Lakin nə bu, nə də sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Tövsiyə edilən ədəbiyyat: