Neft sahibkarı Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində doğulmuşdur. Elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr Müəllimlər İnstitutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir. Ş. Əsədullayev tanınmış fransız yazıçısı Banin (Ümbülbani) xanımın babasıdır.
Şəmsi Əsədullayev kasıb ailədə dünyaya göz açmışdır. Gəncliyində arabaçəkən olmuş, kənd təsərrüfatı məhsullarını daşımışdır. 1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınamsı sahəsində Bakı neft kapitalistləri arasında ilk dəfə olaraq buxar oxunu (iki və üç-dörd dorlu yelkənli gəmi) sifariş verir.
Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
Ş. Əsədullayevin Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda çoxlu sayda neft anbarları vardı.
Camaat arasında Şəmsi Əsədullayevə “Nobel qardaşlarının qənimi” deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, Iranda, hətta Finlandiyada belə, Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da yanaşı, kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu.
1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft buruğunun, mexaniki emalatxanaların və neftayırma zavodlarının, Xəzərdə üzən onlarla gəminin sahibi idi.
1903-cü ildə Ş. Əsədullayev Moskvaya köçür. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir. O həmçinin xeyriyyə işləri ilə məşğul olur, yoxsul uşaqlar üçün məktəb açır, malikanələrinin birini müsəlman mədəniyyət mərkəzinə bağışlamışdı (Tatar evi).
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adma iki təqaüd təyin etdirir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülkiyyətini milliləşdirdi. Şəmsi Əsədullayev 1913-cü ilin 21 aprelində Yaltada günvurınadan 72 yaşında vəfat etmiş, Bakıda dəfn olunmuşdur.
Ş. Əsədullayevin oğlu - Mirzə Əsədullayev (1875-1936) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin görkəmli xadimlərindən olmuş, tanınmış fransız yazıçısı Baninin (Ümbülbani) atasıdır. Mirzə Əsədullayev 1921-ci ildə Fransaya mühacirət etmiş və 1936-ci ildə burada vəfat etmişdir, Bobinyada dəfn olmuşdur.
Tövsiyə edilən ədəbiyyat: