Tarixdən səhifələr

Gəncədə ilk qəza məktəbinin açılışı

XIX əsrin 30-cu illərinə qədər Azərbaycanda xüsusi imtiyazlı məktəblərdən başqa dövlətin açdığı heç bir kütləvi xalq məktəbi yox idi. 1827-ci ildə Şuşada Bazel missionerlərinin açdığı bir məktəb mövcud idi ki, burada da əsasən alman dili tədris edilirdi. XIX əsrdə «Gülüstan» (1813) və «Türkmənçay» (1828) müqavilələrinə əsasən Azərbaycan iki yerə bölündü: Şimali və Qərbi Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edildi. Çarizmin Azərbaycanda ruslaşdırma siyasəti təhsil və tədrisdə xüsusilə özünü göstərirdi. Onlar Mollaları və əfəndiləri idarələrdə məmur vəzifələrinə təyin edərək öz xidməti qulluqçusuna çevirmək, azərbaycanlı uşaqları isə rus məktəblərində oxutmaqla, onlardan rus təbiətli nəsillər yetişdirmək istəyirdilər. Çar Rusiyasının 1829-cu ildə təsdiq etdiyi «Zaqafqaziya məktəblərinin əsasnaməsi»nə uyğun olaraq, əhali arasında rus dilini yaymaq, onlara ibtidai təhsil vermək məqsədilə Şuşa (1830), Nuxa (Şəki) (1831), Bakı (1832), Gəncə (8 fevral;1833), Şamaxı (1838) və Naxçıvanda (1838) qəza məktəbləri açıldı.

Bu illərdə meydana gələn və Azərbaycan məktəb tarixində mühüm yer tutan təlim müəssisələrindən biri də 1833-cü ilin fevralın 8-də əsası qoyulmuş Gəncə Qəza Məktəbidir. Cənubi Qafqaz məktəblərinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qəza məktəbləri adı altında ilk dövlət məktəblərinin əsası qoyuldu. Ümumiyyətlə, Azərbaycanda xalq maarif sistemi tarixdə bu nizamnamə ilə başlayıb, çünki bu vaxta qədər Azərbaycanda nə maarif nizamnaməsi, nə xalq maarifinin ümumi sistemi, nə müəyyən büdcəsi, nə də müvafiq orqanı vardı. Məktəbin tədris planına şəriət, qiraət, hüsnxətt, hesabdan ilk dörd əməliyyat, rus və Azərbaycan dilləri daxil idi. Məktəb öz hüququna görə Rusiyadakı müvafiq təhsil müəssisələrinə bərabər idi, Gəncə Qəza Məktəbi ilk dəfə 38 şagird ilə işə başlamışdır. Şagirdlərin milli tərkibi beynəlmiləl idi. Burada azərbaycanlılarla yanaşı, ruslar və digər millətlərin uşaqları təhsil alırdılar. Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə ona kömək edirdi.

İkisinifli qəza məktəbi 1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsinin təsdiqindən sonra Gəncə qəza məktəbi daxil olmaqla üç sinifli oldu. Burada Azərbaycan, rus dilləri, şəriət, hesab, hüsnxətt, tarix, ədəbiyyat, coğrafiya və həndəsə fənləri tədris edilirdi.

Gəncə Qəza Məktəbi Azərbaycanda dövlət tərəfindən tikilib istifadəyə verilən ilk maarif müəssisəsi idi. 1836-cı ildə Gəncə Qəza Məktəbi üçün dövlət xəzinəsi hesabına xüsusi bina tikilməsi qərara alındı və şəhərin mərkəzindəki açıqlıqda məktəb binası üçün müvafiq yer seçildi. Məktəb binası 1840-cı il avqustun 20-də istifadəyə verildi.

1843-cü ildə məktəbdə 95 nəfər, 1844-cü ildə isə 109 nəfər şagird təhsil alırdı. Şagirdlərin ümumi sayına görə, Gəncə Qəza Məktəbi Naxçıvan, Şuşa, Bakı, Nuxa və Şamaxı qəza məktəblərindən irəlidə idi. 1869-cu ildə bütün Zaqafqaziyada mövcud olan 13 qəza məktəbini bitirənlərin ümumi sayı 44 nəfər idi, bunun da 18 nəfəri Gəncə Qəza Məktəbinin payına düşürdü.

XIX əsrin ortalarında məktəbin tədris planı müəyyən dərəcədə dəyişildi, plana bəzi yeni fənlər əlavə edildi. Məktəblərdə əməli əhəmiyyəti olan bəzi peşə, o cümlədən, hesabdarlıq, məhkəmə qaydaları, dəftərxana işləri öyrədildi. Məktəbin ştatı və vəsaiti də artdı.

XIX əsrin 50-ci illərindən başlayaraq vətənpərvər xalq ziyalıları xalqın nicat yolunu maariflənməkdə görərək onları nadanlıqdan, cəhalətdən, dini fanatizm xofundan, kütləvi savadsızlıqdan xilas etmək üçün əllərindən gələni etməyə çalışdılar. Ruhani təbəqəyə mənsub olan Gəncə Qəza Məktəbinin müəllimləri içərisində Mirzə Şəfi Vazeh xüsusilə fərqlənirdi. O, 1846-cı ilin noyabrından 1850-ci ilin yanvarına qədər burada çalışmış və zəngin irs qoymuşdu. Onun Azərbaycan maarrifçiliyinə ən böyük töhfələrindən biri, məşhur şərqşünas Mirzə Kazım bəyin tələbəsi, Tiflis gimnaziyasının müəllimi İvan Qriqoryevlə birlikdə yazdığı “Kitabi-türki”, “Müntəxəbat-türki” və “Azərbaycan ləhcəsi müntəxəbatı” tərtib etdiyi dərs vəsaitləri olmuşdur. Mirzə Şəfinin bu müntəxəbatı Azərbaycan dilində ilk təlim vəsaiti idi.

XIX əsrin 70-ci illərində Gəncə quberniyasının yaranması, Gəncənin quberniya mərkəzinə çevrilməsi Gəncə quberniyasında yeni tipli ziyalıların ilkin dəstəsinin meydana çıxmasına səbəb oldu. 31 may 1872-ci il tarixli xüsusi nizamnamə ilə qəza məktəbləri şəhər məktəbi adlanan yeni tip məktəbə çevrildi. Nizamnaməyə görə, şəhər məktəbləri bir, iki, üç və dörd sinifdən ibarət ola bilərdi. Dərəcəsindən asılı olaraq, ayrı-ayrı siniflərdə təhsil müddəti müxtəlif idi. Şəhər məktəblərinin tədris planına əsasən şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, təbiət tarixindən məlumat, fizika, rəsm, fransız dili, musiqi daxil edilir, kənd təsərrüfatı və sənət şöbələri təşkil olundu.

Gəncənin quberniya mərkəzi olması ilə əlaqədar olaraq Gəncə Qəza Məktəbi 1 iyun 1870-ci ildə Gəncə klassik progimnaziyaya çevrildi. Gəncə Qəza Məktəbi 38 il fəaliyyət göstərmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əsgərov, Şahlar Qaçay oğlu. Təhsilimiz dünən, bu gün, sabah / Ş. Q. Əsgərov ; red. S. Ağababayeva. - Bakı : Azərbaycan nəşriyyatı, 2003. - 280 s. ;
  2. Mərdanov, Misir Cumayıl oğlu. Azərbaycan təhsil tarixi / M. C. Mərdanov ; elmi red. F. A. Rüstəmov. I cild / elmi red. F. A. Rüstəmov. - Bakı : Təhsil, 2011. - 296 s.
  3. Tahirzadə, Nərmin Abdulla qızı. Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz / N. A. Tahirzadə ; rus dilindən tərc.: Ə. Tahirzadə, O. Tahirli ; layihənin rəh. M. Mərdanov ; elmi red. Ə. Tahirzadə. - Bakı : Nurlar NPM, 2015. - 480 s.