Tarixdən səhifələr

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycanda müdafiə sənayesinin inkişaf tarixi geniş və çoxşaxəli olmuşdur. Xalqımız dünya hərbi-sənaye elminin, texnikasının və istehsalın yüksək səviyyəyə çatmasında xüsusi əhəmiyyəti olan əksər yenilikçi işlərdə fəal iştirak etmişdir.

Keçmiş SSRİ dövründə ilk sovet raketləri üçün bərk, qatılaşdırılmış raket yanacaqları hələ 1932-ci ildə Bakıda qatılaşdırılmış benzin əsasında yaradılmışdır. Azərbaycanda raket yanacaqları yaratma sahəsində elmi-tədqiqat işləri son dövrlərə kimi aparılmışdır.

Azərbaycan alimləri tərəfindən toluolun alınması üçün texnologiya və qurğunun yaradılması döyüş sursatlarında istifadə olunan trotilin istehsalı, eləcə də hazırlanmış aşqarların aviasiyada və tanklarda istifadə olunan yanacaqlara əlavə edilməsi nəticəsində yanacağın donmasının qarşısının alınması 1941-1945-ci illərin müharibə dövründə hərb elminin böyük yeniliklərindən sayılmışdır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra respublika iqtisadiyyatının digər sahələrində olduğu kimi, hərbi-sənaye sahəsində də onun təşəbbüsü ilə mühüm işlər görülmüşdür. Həmin dövrdə SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun bazasında "Azon" zavodu, 1975-ci ildə isə Bakı şəhərində Elektron Hesablama Maşınları Zavodu tikilib istismara verilmişdir. Bütövlükdə, 1970-1982-ci illərdə respublika ərazisində onlarla müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılmışdır.

Azərbaycanda ağır maşınqayırma və hərbi-sənaye kompleksinin inkişafı məqsədilə Sov.İKP MK-nın 27 iyun 1976-cı il tarixli qərarı ilə təsdiq olunmuş beşillik plana (1975-1980-ci illər) bir sıra irihəcmli yeni hərbi-sənaye və elmi müəssisələrin yaradılması daxil edilmişdir. Həmin qərar əsasında Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin: Radio Maşınqayırma Zavodunun ("Robot" zavodu); Tərtərdə Lionozov Elektromexaniki Zavodunun filialının və Elektron Hesablama Maşınları Zavodunun "II növbəsinin" tikintisi, elektron sənayesi üzrə dörd zavodun: Gəncədə "Billur", Xaçmaz, Siyəzən və Lənkəranda isə "Kondesator" zavodlarının tikilməsi; müdafiə sənayesi üzrə Azov Optika-Mexanika (Alov) Zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələri yaradılaraq sonradan onun bazasında "Nord" EİB-nin yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və digər işlər həyata keçirilmişdir.

1980-1990-cı illərdə "Nord" EİB-də elmi-tədqiqat, konstruktor-texnoloji və təcrübə-istehsalat sahələrində 4 minə qədər alim və mütəxəssis çalışmışdır. "Nord" EİB-də keçmiş SSRİ Hərbi Dəniz Donanmasının bütün növ sualtı və suüstü gəmiləri üçün elmi tutumlu cihazlar, komplekslər, sistemlər yaradılmış və istehsal edilmişdir.

1982-ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi (EİB) yaradıldı.

Qeyd etmək lazımdır ki, həmin dövrdə tikilən əksər maşınqayırma zavodlarının qurulmasında müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmuşdu. Eləcə də Azərbaycanda "Uzaq rabitə" Leninqrad Elmi İstehsal Birliyinin bir neçə müəssisəsi ("Ulduz" EİB, "Araz" zavodu, "Rabitə" Elmi Tədqiqat İnstitutu və s.) yaradılmışdır. Bu sahələrdə yaradılmış müəssisə və zavodların tikilib istismara verilməsi Azərbaycan Respublikasında hərbi-sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan vermişdir. Tikilib istifadəyə verilmiş iri sənaye müəssisələrində istehsal olunan ikili təyinatlı məhsullar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır.

Müstəqilliyinin ilk illərində bütövlükdə tənəzzülə uğramış Azərbaycan Respublikasının iqtisadiyyatı və onun tərkib hissəsi olan respublika sənayesi, o cümlədən müdafiə sənayesi 1993-cü ildən sonra dirçəlməyə başlamışdır. Keçmiş SSRİ-nin hərbi-sənaye kompleksi üçün fəaliyyət göstərən, indiki Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr SSRİ-nin dağılmasından sonra bir sıra problemlərlə qarşı-qarşıya qalmışdılar. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılmışdır. Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərən müəssisələr Müdafiə Nazirliyinin sifarişlərinə əsasən qəbul olunmuş Dövlət proqramlarına uyğun müdafiə təyinatlı məmulatların yaradılması ilə məşğul olmuşlar.

Respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edildi. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və ordumuzun yeni məhsullarla təminatı nəzərdə tutulurdu.

Həmin tarixdən respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyulub. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Yarandığı 2005-ci ildən etibarən Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində başlıca rol oynayan Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı tarixi Qələbəyə Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini vermişdir.

"Dəmir yumruq" əks-hücum əməliyyatında Silahlı Qüvvələrin silah, sursat, hərbi-xüsusi texnika, pilotsuz uçuş aparatları və digər məhsullarla fasiləsiz təmin edilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumları və müəssisələri gücləndirilmiş iş rejimində çalışmış, bu dövlət orqanının kollektivinin 72 üzvü qanlı döyüşlərdə iştirak etmiş, üç əməkdaşı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmış, 7 işçisi yaralanaraq qazi olmuşdur.

Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ərzində istehsalı mənimsənilən məmulatlardan “Mübariz”, “İstiqlal”, "Yalquzaq", "Yırtıcı" snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, aviasiya bombaları, ”Matador” və ”Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və ”Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B” və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

Müdafiə Sənayesi Nazirliyi yeni silahların yaradılması istiqamətində geniş tədqiqatlar aparır, xarici ölkələrin şirkətləri ilə müştərək iş birliklərinə və yeni layihələrə imza atır. Respublikamızın istehsalı olan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır.

Bu gün Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf yolundadır. Azərbaycanın müdafiə sənayesi ehtiyaclarımızı ödəməklə yanaşı, bir çox ölkəyə hərbi məhsul ixrac edir. Bütün bu uğurlar Prezident İlham Əliyevin müdafiə sənayesinin modern çağırışlara uyğun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan ordusunun tarixi / M. S. Süleymanov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. V cild : 1991-2017 / elmi red.: Ə. Qasımov, Q. Hacıyev. - Bakı : Maarif, 2019. - 784 s.
  2. Azərbaycan 2013-2003: əsrə bərabər illər. - ISBN 978-9952-404-59-3. Ordu quruculuğu: təhlükəsizlik və müstəqilliyin zəmanəti. - Bakı : Şərq-Qərb, 2013. - 160 s.
  3. Сүлејманов, МеҺман Сираҹ оғлу. Һәрб гуруҹулуғунун јени мәрһәләси / М. С. Сүлејманов ; ред., өн сөз. мүәл. Н. Садыков. - Бакы : Һәрби нәшријјат, 1996. - 312 с.