Respublikamızda elmi kitabxana xidmətinin təşkilinə 20-ci illərdən başlanılıb. Bu dövrdə respublikada ali məktəblərin, elmi-tədqiqat institutlarının, elmi cəmiyyətlərin meydana gəlməsi, elmi kitabxanaların açılmasına böyük ehtiyac yaratmışdı. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yarandı. Bu cəmiyyət Azərbaycan elminin ilk elmi tədqiqat müəssisəsi kimi Azərbaycan tarixinin, arxeologiyasının, etnoqrafiyasının, coğrafiyasının, Azərbaycan dili və ədəbiyyatının, ümumiyyətlə, mədəniyyət tariximizin öyrənilməsində ilk elmi tədqiqat müəssisəsi kimi çox böyük rol oynamışdır.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü il 4 noyabr tarixində Biblioqrafiya Bürosunun və 18 noyabr tarixində ATTC Kitabxanasının yaradılması haqqında qərar qəbul etdi. Az bir müddətdə yeni təşkil edilmiş kitabxananın komplektləşdirilməsi üçün xeyli işlər görüldü. Respublikanın bütün elmi müəssisələrindən və kitabxanalarından, həmçinin Rusiyadan da xeyli kitablar alındı. Kitabxana qiymətli elmi kitablar və əlyazmaları ilə zənginləşdi.
1926-cı ildə kitabxananın fondunda 20 mindən çox kitab və əlyazması var idi. Cəmiyyət 1929-cü ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Kitabxana öz fəaliyyətini bu institutun tərkibində davam etdirməyə başladı. İnstitutun tezliklə SSRİ EA Zaqafqaziya filialının şöbəsinə çevrilməsi onun imkanlarını daha da artırdı, maddi-texniki bazanın möhkəmlənməsinə səbəb oldu. 30-cu illərdə qarşıda kitabxana fondunun qiymətli kitablarla və dövri mətbuatla təkmilləşdirmək vəzifəsi qoyulmuşdu. Qiymətli kitabların əldə edilməsi işi filialın görkəmli alimlərinə tapşırılmışdı. Kitabxana 1930-cu illərdə xarici ölkələrdən də xeyli kitab və dövri mətbuat əldə etməyə nail olmuşdu.
Kitabxanada 1933-cü ildə şərq şöbəsinin təşkil edilməsi onun Azərbaycan elminə xidmət imkanlarını xeyli artırdı, onu Azərbaycanşünaslığın mərkəzinə çevirdi. Tezliklə bu şöbədə şərq dillərində 15.000-dən artıq nadir kitablar toplanmışdı. Bu kitablar arasında XVIII-XIX əsrlərdə litoqrafiya üsulu ilə çap edilmiş kitablar, əksəriyyəti XV-XVI əsrlərə aid olan yüzdən artıq ən qiymətli əlyazmaları var idi. Şöbə Azərbaycan klassiklərindən M.F.Axundovun, A.Bakıxanovun, C.Məmmədquluzadənin şəxsi kitabxanalarını almış, Nizaminin, Füzulinin yeni əlyazmalarını əldə etmişdi.
1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana, 1984-cü ildən isə Mərkəzi Elmi Kitabxana (MEK) adını daşımışdır.
Müharibədən sonrakı illərdə akademiyanın kitabxana şəbəkəsi əsaslı şəkildə böyümüşdü. Artıq 1952-ci ildə respublikada 82 elmi-tədqiqat institutu kitabxanası fəaliyyət göstərirdi ki, bunların da əksəriyyəti Azərbaycan Elmlər Akademiyasının tərkibində idi.
1967-ci ildə MEK Akademiya şəhərciyində yerləşən AMEA-nın əsas binasına köçdü. 1974-cü il Azərbaycan Elmlər Akademiyası kitabxanasının mərkəzləşdirilməsi haqqında sərəncam verildi. Artıq 1976-cı ildə akademiyanın kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi başa çatdırıldı. Akademiyanın elmi kitabxanası mərkəzi elmi kitabxanaya, elmi tədqiqat institutlarının kitabxanaları isə onun filiallarına çevrildi.
AMEA Mərkəzi Elmi Kitabxanası ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçdi. Mərkəzi Elmi Kitabxananın həyatında xüsusilə 2015-ci il bir çox əhəmiyyətli hadisələrlə səciyyələndi. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2011-ci il tarixli Sərəncamı ilə inşa edilmiş və iştirakı ilə istifadəyə verilmiş yeni binada MEK fəaliyyətini davam etdirdi. MEK-ın yeni Nizamnamə və Strukturu təsdiq olundu. Kitabxana fondlarında saxlanılan kitabları AMEA-nın əsas binasından MEK-in yeni binasına köçürüldü. Milli Rəqəmsal Yaddaş layihəsinə başlanıldı. Vahid İdarəetmə Proqramının hazırlanmasına başlanıldı. Həmçinin 2015-ci ildə “Akademkitab” satış mərkəzi MEK-in tərkibinə daxil edildi. Eyni zamanda MEK-in tərkibində İnformasiya Resursları Mərkəzi (İRM) yaradıldı. İRM-in ən ümdə vəzifəsi kitabxana-informasiya proseslərini avtomatlaşdırmaq, MEK üçün strateji əhəmiyyət kəsb edən informasiyanı toplayıb saxlamaq, gələcək nəslə çatdırmaq və Azərbaycan elm ictimaiyyətini informasiya təminatını ödəməkdir.
Kitabxanada 2 milyonluq fond həm yerli, həm də xarici ədəbiyyatla daim zənginləşmiş, dünyanın 600-dən artıq nüfuzlu elm və təhsil müəssisəsindən mübadilə yolu ilə əldə edilimiş nəşrlərin sayı artdığından, EBSCO, INTAS, SVITS, IOP, APS və s. kimi irihəcmli elektron informasiya bazalarına çıxış davamlı olduğundan oxucuların sorğularını dolğun şəkildə təmin etmək mümkün olur.
MEK-da davamlı olaraq nəşr olunan “Elmi əsərlər” beynəlxalq standart seriya nömrəsi (ISSN – 2219-5874) alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli protokoluna əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı”na daxil edilib.
MEK-da bir sıra əhəmiyyətli kitablar, şəxsi biblioqrafik göstəricilər hazırlanır və nəşr olunur. Kitabxnada həmşinin mütəmadi olaraq seminarlar, sessiyalar, sərgilər, konfranslar keçirilir. Bu xidmətlər Milli Elmlər Akademiya Mərkəzi Elmi Kitabxanasının respublika elminə, mədəniyyətinə böyük töhfəsidir. Böyük elmi potensiala malik olan kitabxana öz işini müvəffəqiyyətlə davam etdirir, elmimizə və mədəniyyətimizə xidmət göstərir.
Tövsiyə edilən ədəbiyyat: