Tarixdən səhifələr

Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlal Paşayev

Mir Cəlal Mir Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Əndəbil kəndində anadan olmuşdur. Lakin taleyi onu uşaqlıq çağlarından qədim Gəncə şəhərinə gətirib çıxarmışdır.

1918-ci ildə atası vəfat edəndən sonra böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə Gəncə Xeyriyyə cəmiyyətinin ibtidai məktəbində təhsil almışdır. 1924-1927-ci illərdə M.F.Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda təhsil almışdır. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. Tələbəlik illərində ictimai işlərdə fəal çalışmış, texnikumun tələbə-gənclər təşkilatının, sonra isə Gəncə şəhər Tələbə-Gənclər Həmkarlar Təşkilatının sədri seçilmişdir. Pedaqoji Texnikumu bitirdikdən sonra Gəncədə müəllimlik fəaliyyətinə başlamış, sonra isə Gədəbəy rayonunda yeddiillik məktəbin müdiri işləmişdir.

1929-1930-cu illərdə I dərəcəli Gәncә şәhәr mәktәbinin direktoru vәzifәsindә işlәmişdir.

Azərbaycan Proletar Yazıçıları Gəncə şöbəsinin üzvü olmuşdur.

Gəncə ədəbi mühitinə daxil olan Mir Cəlal 1926-1930-cü illərdə "Yeni fikir" qəzetində, "Qızıl Gəncə", "İlk addımlar", "Hücum" məcmuələrində doğma dilə çevirdiyi şeir və hekayələrlə yanaşı, özünün ilk yaradıcılıq nümunələrini də çap etdirmişdir.

Mir Cəlal Paşayev 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun dil-әdәbiyyat fakültəsində təhsil almışdır. 1932-1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almış, eyni zamanda "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsində işlәmişdir.
Mir Cəlal Paşayevin 1932-ci ildə "Sağlam yollarda" oçerklər toplusu çap olunmuşdur. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ictimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. O, Ədəbiyyat İnstitutunun yaradılmasında bilavasitə iştirak etmiş, burada XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri işləmişdir.

1933-cü ildə Mir Cəlal Paşayev “Kommunist” qəzetində birgə işlədiyi Püstə xanımla (1914-2001) ailə həyatı qurmuşdur.

1936-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində mühazirələr oxumuşdur. 1940-cı ildə filologiya elmlәri namizәdi alimlik dәrәcәsi almaq üçün “Füzulinin poetik xüsusiyyәtlәri” adlı dissertasiya işini müdafiə etmişdir.

Mir Cəlal Paşayevin 1935-1939-cu illərdə "Boy" (novellalar), "Bostan oğrusu" (hekayələr), "Gözün aydın" (hekayə və oçerklər), "Dirilən adam" (roman) kitabları kütləvi tirajla çap edilmişdir. İkinci Dünya müharibəsi illərində Mir Cəlalın istər "Xalqın ürək sözü" (1941), "Vətən hekayələri" (1942), "İlyas" (1942), "İsrafil" (1942), "Vətən yaraları" (1943), "Vətən" (1944) kitablarında, istərsə də dövri mətbuatda çap etdirdiyi hekayələrində arxa və ön cəbhədə Azərbaycan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur.

Mir Cəlalın nəsr yaradıcılığında roman janrı başlıca yer tutur. O, ilk romanı - "Dirilən adam"ı (1934-1935) yazandan sonra "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941-1944), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957) romanlarında həyatın geniş epik lövhələrini yaratmışdır.

Onun bu əsərləri Azərbaycan ədəbiyyatı tarixində roman janrının inkişafına istər məzmun, istərsə də bədii forma cəhətdən təsir göstərmişdir.

Mir Cəlal Paşayev 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur.

O, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Mir Cəlal Paşayev 1944-1960-cı illərdə SSRİ EA Azərbaycan filialının Әdәbiyyat vә Dil İnstitutunun Sovet әdәbiyyatı şöbәsinin müdiri vә S. M. Kirov adına ADU-nun Azәrbaycan әdәbiyyatı kafedrasının dosenti vәzifәsindә işlәmişdir. O, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1948-ci ildə S. M. Kirov adına ADU-da professor vәzifәsinә seçilmişdir.

Mir Cəlal Paşayev, həmçinin, Azərbaycan klassik ədəbiyyatının görkəmli tədqiqatçısı olmuşdur. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əbülqasım Nəbati, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yaradıcılığını araşdırmış, Azərbaycan ədəbiyyatı tarixinin yazılmasına öz sanballı töhfəsini vermişdir.

1961-ci ildən Mir Cəlal Paşayev Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmış, elmi-pedaqoji kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. O, estetikanın nəzəri problemləri, poetika ilə məşğul olmuş, ali məktəbdə uzun müddət ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxumuşdur.

1969-cu ildə Mir Cəlal Paşayevə Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanı Azərbaycan ədəbiyyatında yeni hadisə idi. Bu roman 1968-ci ildə Azәrbaycan LKGİ MK-nın qәrarı ilә Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

Mir Cəlal ədəbi-pedaqoji və elmi xidmətlərinə görə "Şərəf nişanı" (iki dəfə -1950, 1958-ci illərdə), "Qırmızı Əmək Bayrağı" (1967), "Oktyabr inqilabı" (1948, 1978) ordenləri, "Əmək igidliyinə görə" (iki dəfə - 1944,1945-ci illərdə), "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" medalları ilə təltif edilmişdir. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur.

Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də vəfat etmiş, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mir Cəlal yaradıcılığında vətən sevgisi: görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransların materialları, 2008 / Regionların İnkişafı İctimai Birliyi ; red. T. Həmid ; tərt. İ. Əhmədov. - Bakı : Çaşıoğlu, 2009. - 208 s.
  2. Mir Cəlal: 2 cilddə / tərt.-müəl. T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva. - ISBN 978-9952-490-18-3. I cild : Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti. - Bakı : Nurlar NPM, 2014. - 348 s.
  3. Mir Cəlal: 2 cilddə / tərt.-müəl. T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva. - ISBN 978-9952-490-18-3. II cild : Fotosənədlər, əlyazmalar, epistolyar irs. - Bakı : Nurlar NPM, 2014. - 380 s.
  4. Pənah, Gülxani. Mir Cəlalın elmi-nəzəri görüşləri : monoqrafiya / G. Pənah ; elmi red.: Q. M. Namazov, İ. S. Əliyeva, R. B. Rüstəmzadə. - Bakı : "Poeziya günü" NE, 2013. - 524 s.
  5. Cəfərov, Nizami Qulu oğlu. Mir Cəlalın milli ideyaları / N. Q. Cəfərov ; elmi red. K. M. Tahirov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bakı : Zərdabi LTD MMC, 2018. - 112 s.