Tarixdən səhifələr

İnsan Hüquqları Günü

“Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü  İnsan Hüquqları Günü olaraq qəbul etmişdi. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi və hüquq bərabərliyi bir çox dövlətlərin Konstitusiyasında, beynəlxalq konvensiyalarda təsbit olunduqdan sonra, bu sənəd icrası mütləq statusu almışdır. Həmin prinsiplər adı çəkilən Bəyannamədən hələ 30 il əvvəl Şərqdə ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmışdır. 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının səmərəli təmininə zəmin yaratmışdır.

Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanda Ombudsman haqqında Konstitutsiya Qanunu qəbul edilmiş, bunun əsasında ilk Ombudsman təsisatı yaradılmışdı. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ümummilli lider Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdu. 2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul etmişdir. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmış,  2002-ci il martın 5-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır.

Bundan başqa, Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmişdir.

2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmışdır. Qeyd etmək zəruridir ki, 18 iyun Milli İnsan Hüquqları Günü kimi elan edilmişdir və bu, Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əfv sərəncamları imzalanmış, amnistiya aktları qəbul edilmiş və bunlar on minlərlə insana şamil olunmuşdur. Bu da təsadüfi deyil, ona görə ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaratmışdır. Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazasının yaradılması ölkədə belə əlverişli mühitin formalaşmasına imkan vermişdir.

Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Bundan əlavə, Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına hörmətini nümayiş etdirir, bir çox beynəlxalq sazişlərə qoşulmuşdur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlamış “Bakı Prosesi” çərçivəsində ölkəmizdə çoxsaylı Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.

İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də töhfəsini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.
 
Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi” adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.

Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümümmilli lider Heydər Əliyevin imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur.

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.


Tövsiyə edilən ədəbiyyat:

  1. İnsan hüquqları və Avropa konvensiyası: yeni demokratik təfəkkürün vasitə və yolları / AMEA İnsan Hüquqları İnstitutu ; red. M. Cavad. - Bakı : [n. y.], 2000. - 69 s.
  2. Babaoğlu, Hikmət. İnsan hüquqları və azadlıqları : tarixi təkamülü, beynəlxalq və politoloji aspektləri, Azərbaycan təcrübəsi: monoqrafiya / H. Babaoğlu ; elmi red. Ə. Əhmədov. - Bakı : Elm, 2006. - 244 s.
  3. İnsan hüquqları / L. Henkin [et al.] ; red. heyəti R. K. Klark [et al.]. - Bakı : Adiloğlu, 2008. - 1232 s.
  4. İnsan hüquqları və layiqli idarəetmə: körpülərin qurulması / tərt.: H. O. Sano, G. Alfredsson, R. Klappin. - Bakı : CBS Polygraphic Production, 2007. - 268 s.
  5. Права человека: энциклопедический словарь / В. П. Авдеева [и др.] ; отв. ред. С. С. Алексеев. - М. : НОРМА, 2009. - 656 с.