Tarixdən səhifələr

Bеynəlxalq Əlillər Günü

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.

Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı da həyata keçirilir. Minik avtomobili  ilə təmin olunan əlillərin sayı da il-ildən artır.

Dövlət başçısının müvafiq fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş hərbçilərin sağlamlığının bərpası və normal həyata qayıtmağı üçün dövlətimiz tərəfindən addımlar atılır. 
Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpası məqsədi ilə onlar 4-cü nəsil müasir protezlərlə təmin edilirlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, bu Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır.

Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir.

Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Əlilliyi olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunması da geniş vüsət alıb. Belə proqramlardan biri olan özünüməşğulluq proqramına əlilliyi olan şəxslər cəlb edilərək onlar üçün kiçik müəssisə və təsərrüfatlar yaradılır.

Dövlətin bu təbəqəyə göstərdiyi qayğı daim diqqət mərkəzindədir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həsənzadə, Səidə Bəhram qızı. Əlillərin sosial müdafiəsi sahəsində hüquq islahatlarının əsas istiqamətləri : monoqrafiya / S. B. Həsənzadə ; elmi red. M. N. Əliyev ; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı : Təknur MMC, 2009. - 120 s.
  2. Əliyeva, Səbinə Yaşar qızı. Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası : monoqrafiya / S. Y. Əliyeva ; elmi red. Ə. İ. Əliyev. - Bakı : Red N Line, 2019. - 256 s.
  3. Mustafazadə, Aytən İnqlab qızı. Əlilliyi olan şəxslərin məşğulluğu problemləri : monoqrafiya / A. İ. Mustafazadə ; red. L. Əhmədova ; AMEA Hüquq və İnsan Haqları İnstitutu. - Bakı : Elm və təhsil, 2018. - 152 s.