Tarixdən səhifələr

Beynəlxalq Könüllülər Günü

Könüllülük Azərbaycanın qədim tarixi adət-ənənələrinə doğma olan bir xarakterdir.  Könüllülər hərəkatının bizim üçün ən yüksək forması Vətəni könüllü müdafiə etməkdir. Könüllülər heç bir karyera düşünmədən Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksəlmişlər. Ümumiyyətlə, Azərbaycan tarixində könüllü fəaliyyət zamanın hər bir dövrünə sirayət etmiş, özünü göstərmişdir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilmişdir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri kimi cəmiyyətin hərəkətverici zümrəsi hesab olunur. Gənclər cəmiyyətin dinamik hissəsi olmaqla, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.

Könüllülük fəaliyyəti bir anlayış kimi ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranıb. Bu termin könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Belə ki, bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar.

Könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. “Pozitivizm”in banisi sayılan fransız filosofu, sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna xidmətləri olmuş Oqüst Kont tərəfindən irəli sürülən altruizm - başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Əxlaqi prinsip olan altruizm başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir.

Müasir anlamda bir hərəkat kimi ilk dəfə 1920-ci ildə Beynəlxalq Mülki Xidmət təşkilatının yaranması ilə rəsmi olaraq gündəmə gəlib. Birinci Dünya Müharibəsindən sonra Avropa xalqları arasında düşmənçiliyi aradan qaldırmaq və dostluq münasibətləri qurmaq məqsədi daşıyan bu təşkilatın sıralarında tezliklə on minlərlə könüllü birləşdi. 1929-cu ildə ağır iqtisadi böhran zamanı bu təşkilat işsiz qalmış gənclərin ictimai faydalı işlə, o cümlədən ərzaq, paltar və yataq ləvazimatı ilə təmin olunmasında və onların üzləşdiyi problemlərin həllində çox əhəmiyyətli rol oynadı. Könüllülük fəaliyyəti sonrakı illərdə də xeyli vüsət aldı və 1948-ci ildə UNESCO-nun nəzdində Beynəlxalq Könüllü Xidmətinin Əlaqələndirmə Komitəsi və 1970-ci ildə BMT-nin Könüllülər Proqramı təsis edildi. 1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekab BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub.

Müasir Azərbaycanda isə könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərə çarpacaq yüksəlişi məhz ümummilli liderin adı ilə bağlıdır. 1995-ci ildə Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995-1996-cı illərdə gənclər üçün bir işıq oldu. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində göstərdi. İlham Əliyevin 13 dekabr 2007-ci il "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası"nı təsis etdilməsi, QHT və ya  könüllü sektora hərtərəfli dəstək vermək məqsədi daşıyırdı. 9 iyun 2009‐cu ildə imzalanan “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin inkişafına fərqli və böyük bir dəyər qatdı. Belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşların hüquq və mənafelərinin qorunmasına, Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə, onun ayrı-ayrı təsisatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsində mühüm rol oynadı. Könüllülük fəaliyyətinin qanunla tənzimlənməsi ölkədə fəaliyyət göstərən QHT-lərin, eləcə də bu xidmətdən istifadə edən digər təşkilatların işinin düzgün qurulmasına, könüllü fəaliyyətə maneə olan praktiki problemlərin aradan qaldırılmasına  xeyli müsbət təsir göstərdi.

ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi iri miqyaslı könüllü heyətinə çevrilmişdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında “2020 Könüllülər ili” elan edilməsi haqqında sərəncamı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. “2020 Könülülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlandı və həyat keçirildi.

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər. Azərbaycanda xüsusilə son illər könüllülər hərəkatının geniş vüsət aldığını müşahidə edilir.

Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə könüllülər öz rollarını layiqincə yerinə yetirirlər Ölkəmizdə “Avroviziya Mahnı Müsabiqəsi”, “I Avropa Oyunları”, "Formula 1" yarışları, “IV İslam Həmrəyliyi Oyunları” kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində gənclərimizin əvəzsiz rolu olmuşdur. Prezident İlham Əliyevin vurğulandığı kimi:  "Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.


Tövsiyə edilən ədəbiyyat:

  1. Adilov, Nadir Adil oğlu. Könüllülük : uğur formulu / N. A. Adilov, E. Paşayev ; red.: E. Hacıyev, D. O. Osmanlı ; Azərbaycan Turizm və Menecment Universiteti, "Asan Könüllüləri" Təşkilatı. - Bakı : Adventa MMC, 2017. - 246 s.
  2. Adilman, Nadir. Könüllünün öz/əl kitabı / N. Adilman ; Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi. - Bakı : AzFood İnformasiya Agentliyi, 2020. - 189 s.
  3. Qəmbərov, Atif.  Könüllülərlə iş /A. Qəmbərov, T. Hümbətov ; [red.: R. Hacıyev, N. Pirverdiyeva ; dizayner: Ə. İsmayılzadə, T. Malikli] ; BBC Academy, Baku City Circuit, Azərb. Könüllü Təşkilatları İttifaqı. - Bakı: n. y., 2021. - 162 s.
  4. Adilov, Nadir. Gəncsən? Başla!: Azərbaycan Universitetinin Elmi Şurasının 14 sentyabr 2017-ci il tarixli (01 №-li protokol) qərarı ilə çap olunmaq üçün tövsiyə edilib /N. Adilov ; red. E. Paşayev ; nəşrə məsul. B. İslamov ; rəssam İ. Quliyev. - Bakı: Kreopak MMC, 2017. – 163 s.