Tarixdən səhifələr

Görkəmli filosof Heydər Hüseynov

Heydər Hüseynov Azərbaycanda tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuşdur. Heydər Hüseynov həmçinin AMEA-nın Fəlsəfə İnstitutunun, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının yaradıcılarından hesab edilir.

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində anadan olmuşdur. Böyük qardaşı 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirildikdən sonra ailələri Batuma, Stavropola, ən sonda isə Bakıya köçür.

O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, daha sonra Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

Gələcəyin dahi filosof alimi hələ gənc yaşlarında ikən poeziyaya maraq göstərmiş, dövri mətbuatda Heydər Hüseynzadə imzası ilə şeirlər çap etdirmişdir. 1928-1931-ci illərdə onun “Gənc işçi”, “İnqilab və Mədəniyyət”, “Qızıl əsgər” və digər qəzetlərdə “28 aprel”, “Atəşgah”, “Zərbəçi döyüşçülərə” və s. şeirləri işıq üzü görmüşdür.

Əmək fəaliyyətinə 1924-cü ildə Pedaqoji Texnikumun kitabxanasında başlamışdır. 1932-ci ildən başlayaraq müxtəlif ali məktəblərdə fəlsəfədən dərs demişdir. 1935-ci ildə Azərbaycan dilində “Dialektik materializm”, 1939-cu ildə “Dialektika və metafizika” adlı kitablarını çap etdirmişdir. 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak etmiş, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik etmişdir.

1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il professor elmi rütbəsini almış. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində işləmiş, eyni zamanda akademiyanın ictimai elmlər bölməsinə rəhbərlik etmişdir.

1943-cü ildə Azərbaycan Dövlət Universitetinin əvvəl Marksizm-leninizmin əsasları, sonra Fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

Heydər Hüseynov 100-dən çox elmi məqalənin müəllifidir. Onun tədqiqat obyektləri olan şəxsiyyətlər isə çox müxtəlifdir. Bəhmənyar, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov,Səməd Vurğun,Rusiya elm və fikir adamlarından dahi soydaşımız Mirzə Kazım bəy, Çernışevski, Mendeleyev, Radişşev və digərlərinin ictimai, fəlsəfi və elmi işləri Heydər Hüseynov tərəfindən ətraflı tədqiq edilmişdir.

Faşizmin tüğyan etdiyi illərdə Heydər Hüseynov faşizm əleyhinə bir çox elmi məqalələr yazmış, dövri mətbuatda Azərbaycan alimlərinin hərbi dövrün tələblərinə uyğun olaraq xalq təsərrüfatı, tibbi elmi-tədqiqat, geologiya, neft-kimya, energetika və s. sahələrdə gördükləri işlər barədə hesabat xarakterli yazılarla çıxış etmişdir.

Heydər Hüseynov 1948-ci ildə “Tam Azərbaycan-rus lüğəti”nin yaradılmasına görə İkinci dərəcəli Stalin mükafatına layiq görülür. Həmin dövrdə Heydər Hüseynov 733 səhifəlik “XIX əsrdə Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı fundamental əsər yazır və 1950-ci ilin mart ayında Üçüncü dərəcəli Stalin mükafatı alır. Filosofun ölümünə də məhz sonuncu adı çəkilən əsəri səbəb olur.

Bu əsərin yazılmasında məqsəd Azərbaycan fəlsəfə tarixinin əsaslarının sistemli şəkildə hazırlanmasından ibarət idi. Lakin əsərin bir neçə səhifəsi onun düşmənlərinin əlinə bəhanə vermiş olur. Belə ki, əsərin Mirzə Kazımbəylə bağlı olan hissəsində SSRİ “əleyhinə” olan “dəlillər” aşkara çıxarılır. Heydər Hüseynovun tarixi faktlara əsaslanıb Şeyx Şamili milli qəhrəman, xalq azadlıq hərəkatının rəhbəri kimi təqdim etməsi Mircəfər Bağırovun qəzəbinə səbəb olur.

1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında Heydər Hüseynov sərt tənqid olunur. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsatətini qaldırır və vəsatət təmin edilir.

Qeyd etmək lazımdır ki, Heydər Hüseynov aldığı hər iki Stalin mükafatını uşaq evlərinə və müharibə əlillərinin hesabına keçirmişdi.

H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalan və həbs ediləcəyini duyan H.Hüseynov çıxış yolunu intiharda görür. Böyük alim Heydər Hüseynov 1950-ci ilin avqustunda intihar edir.

İ. Stalin vəfat edəndən sonra bəraət alan H.Hüseynov 1958-ci ildə Fəxri xiyabanda dəfn edilir.

Sonrakı illərdə isə akademikin adı həmişə xoş xatirələrlə anılıb. Prezident İlham Əliyevin 11 iyul 2008-ci il tarixində imzaladığı Sərəncamla görkəmli filosof alim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilmişdir.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Әсәдов, Сабир. Һејдәр Һүсејнов / С. Әсәдов ; ред. И. Мәммәдов. - Бакы : Азәрбајҹан ЕА, 1998. - 95 с.
  2. Heydər Hüseynov - 100 / AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ; red. heyəti: İ. R. Məmmədzadə [et al.]. - Bakı : Təknur MMC, 2009. - 172 s.
  3. Hacıyeva, Arzu Əşrəf qızı. Akademik Heydər Hüseynov : monoqrafiya / A. Ə. Hacıyeva ; elmi red. A. A. Əlizadə ; red. İ. R. Məmmədzadə. - Bakı : Elm, 2015. - 240 s.