Tarixdən səhifələr

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı

Müasir dövrdə çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi  səmərəli idarə olunması və ən əsası isə qorunması və təhlükəsizliyinin təmin edilməsidir. Bu mühüm və məsuliyyyətli işi isə, öz öhdəsinə FHN işçiləri götürmüşdür.

Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 16 dekabr tarixli Sərəncam imzalamışdır. Prezidentin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Fəaliyyət göstərdiyi bu illər ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

Respublika ərazisinin coğrafi mövqeyi, onun relyefi, iqlim müxtəlifliyi, rəngarəng landşaftı insan həyatı üçün əlverişli şərait yaratmaqla yanaşı, təbiəti fövqəladə halları da yaradır. Dağıdıcı hadisələrin əksəriyyəti təbii proseslərin qanuna uyğun şəkildə yaranması, inkişafı və başa çatması ilə əlaqədardır ki, insan bu prosesə müdaxilə etməklə onları sürətləndirə və ya ləngidə bilər, təsirini azaldar. Bu məqsədlə təbiətin dağıdıcı hadisələrinin əmələgəlmə səbəblərini geniş miqyasda tədqiq etməyə, onlara qarşı mübarizə tədbirləri və elmi proqnozlar işləməyə həmişə ehtiyac var. Təbiətin dağıdıcı qüvvələrinin proqnozunu işləmək, onların gücünü, təsir dairəsini azaltmaq və ya onlara qarşı tam mübarizə aparmaq məqsədilə bir sıra elmi  problemlərin tədqiqinə, aidiyyatı qurumlarda çalışan müvafiq ixtisaslı alimləri bu işə cəlb etmək vacibdir. Bu məqsədlə, Prezident İlham Əliyev 2016-ci il martın 2-də “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Sənəddə redaksiya heyətinin tərkibi və proqram layihəsi təsdiqlənib. Əsas icraçılar AMEA-nın Coğrafiya və Geologiya və Geofizika institutlarıdır. Proqram layihəsi hazırlanarkən bir sıra qabaqcıl ölkələrin müvafiq atlasları nəzərdən keçirilib, müsbət halları hazırkı layihənin tərtibində tətbiq edilib. Xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların treninqlər keçirməsi üçün ölkəmizə dəvət olunublar. Atlasın hazırlanması üçün 200-dən artıq xəritə tərtib edilib.

Həmçinin Dövlət başçısının diqqəti sayəsində nazirliyin maddi-texniki bazası gücləndirilib, kadr hazırlığının təşkili, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub. Ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr, cihazlar alınıb. Nazirliyin strukturuna daxil olan regional mərkəzlər yaradılıb, yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bütün bunlar 2010-cu ildə baş verən Kür daşqınlarının, 2012-ci ildə respublikanın qərb bölgəsində qeydə alınan zəlzələnin nəticələrinin uğurla aradan qaldırılmasında mühüm rol oynamışdır. Bu gün bizim xilasedicilərimiz xarici ölkələrdə xilasetmə missiyasını icra edirlər. FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.

FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. FHN-in xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilir. Qısa müddətdə Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirib.

Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Nazirliyin kadr potensialının artırılması və bu istiqamətdə mühüm tədbirlərin görülməsi haqqında Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən yaradılan Fövqəladə Hallar Nazirliyinin Akademiyası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2009-cu ildən fəaliyyətə başlayan akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini, fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Fövqəladə hallar sahəsində  fənn kabinetlərinin, auditoriyaların hər cür zəruri avadanlıqlarla təchiz olunduğu akademiyada peşə ixtisası və xüsusi hazırlıq kompleksi yaradılmışdır. Burada xilasetmə, tibbi hazırlıq, dalğıc və alpinist hazırlığı, siqnalizasiya və digər sahələr üzrə xüsusi tədris kabinetləri mövcuddur.

Vətən müharibəsi dövründə FHN-in bütün strukturları Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.

Ekstremal hallarda əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ölkədə fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Dövlət Sistemi yaradılıb. Fövqəladə hallar üzrə Dövlət Sisteminə rəhbərlik Ölkə Prezidentinin sərəncamı ilə respbulika Fövqəladə Hallar Komissiyasına, Fövqəladə Hallar Nazirliyinə, sistemin ərazi və sahə pillələrinə şəhər və bölgə icra hakimiyyəti təşkilatlarının, nazirliklərin, xalq təsərrüfatı təşkilatlarının müvafiq komissiyalarına həvalə edilmişdir. Komissiyanın qəbul etdiyi qərarların yerinə yetirilməsi respublikanın bütün icra hakimiyyəti orqanları, nazirliklər, şirkətlər və sahə tabeliyində və təsərrüfat formasından asılı olmayaraq müəssisə, təşkilat və idarələr üçün məcburidir.

Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması üçün əllərindən gələni edirlər. Fövqəladə Hallar Nazirliyinin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında,  müxtəlif xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərirlər. FHN-in şəxsi heyəti hər zaman olduğu kimi bundan sonrada ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcəkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. İmanov, Kamran Sultan oğlu. Fövqəladə hallar, əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər və insan hüquqları = Emergency situations, cultural values protected by IPR and humnan rigts / K. S. İmanov ; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi. - Bakı : n. y., 2016. - 75 s.
  2. Ocaqov, Həbib Osman oğlu. Fövqəladə halların idarə olunması : dərslik / H. O. Ocaqov. - Düzəliş və əlavələr edilmiş II nəşri. - Bakı : Təhsil NPM, 2011. - 232 s.
  3. Süleymanov, Pənah Hüseyn oğlu. Fövqəladə halların iqtisadiyyatı : metodiki vəsait / P. H. Süleymanov, C. Q. Həsənov ; elmi red. H. B. Rüstəmbəyov ; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası. - Bakı : CBS Polygraphic Production, 2016. - 80 s.
  4. Nəbibəyli, Ziyadxan İsrafil oğlu. Ekologiya və fövqəladə hallar / Z. İ. Nəbibəyli ; elmi red. İ. Cəlilbəyli. - Bakı : AzTU, 2012. - 380 s.