Tarixdən səhifələr

Heydər Əliyev adına Hərbi Lisey

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasında ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutmuşdur. Hələ Sovet İttifaqı dövründə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəb təsis edilmişdir. Prezident Heydər Əliyevin 1997-ci il 24 noyabr tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəb Cəmşid Naxçıvanski adına hərbi litsey adlandırılmışdır.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev 1999 il oktyabrın 13-də və 2002 il il iyunun 17-də Hərbi Liseydə şəxsi heyətlə görüşmüş, geniş nitq söyləmiş, dəyərli tövsiyyələr vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 19-da Naxçıvan Muxtar Respublikasına səfər zamanı Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseylə tanış olmuş və liseyin kursantları qarşısında çıxış etmişdir.

Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. 4,5 ha sahəni əhatə edən litsey 750 nəfərlik tədris və yataq korpuslarından, qərargah binası, yeməkxana, xəstəxana, idman zalı və təlim meydançalarından ibarətdir. Tədris korpusunda fizika, kimya laboratoriyaları, kompüter otaqları, biologiya, tarix, riyaziyyat, coğrafiya, ədəbiyyat fənn kabinələri, kitabxana fəaliyyət göstərir.

Hərbi Liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. Təhsil ərzində kursantlara Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.

Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan 2013-2003 : əsrə bərabər illər. - ISBN 978-9952-404-59-3. Ordu quruculuğu: təhlükəsizlik və müstəqilliyin zəmanəti. - Bakı : Şərq-Qərb, 2013. - 160 s.
  2. Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan Ordusunun tarixi / M. S. Süleymanov ; elmi red.: M. Quluzadə, H. İ. Məmmədova ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. IV cild : 1923-1990. - Bakı : Maarif, 2018. - 800 s.
  3. Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan ordusunun tarixi / M. S. Süleymanov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. V cild : 1991-2017 / elmi red.: Ə. Qasımov, Q. Hacıyev. - Bakı : Maarif, 2019. - 784 s.
  4. Piriyev, Heydər. Heydər Əliyev irsində hərb tarixi və ordu quruculuğu məsələləri / H. Piriyev, M. S. Süleymanov ; elmi red. E. Həşimov ; Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Hərbi Akademiyası. - Bakı : Hərbi Nəşriyyat, 2021. - 312 s.
  5. Hüseynova, İradə Mehtiqulu qızı. İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri / İ. M. Hüseynova ; elmi red. Q. Hacıyev. - Bakı : Füyuzat, 2021. - 224 s.