Tarixdən səhifələr

Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təşkil edilməsi

1920-ci ilin aprel-mayında Azərbaycanın işğalını başa çatdıran bolşevik Rusiyasının XI Ordusunun bir hissəsi (28-ci atıcı diviziyasının I süvari alayı) iyulun 28-də Gorus və Şahbuzdan keçərək Naxçıvana daxil olmuş və elə həmin gün də burada Sovet hakimiyyəti elan edilmişdi.

M. Bəktaşovun başçılığı ilə Naxçıvan İnqilab Komitəsi yaradılmışdı. 1920-ci il avqustun 10-da M. Bəktaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri N. Nərimanova məktub göndərərək, Naxçıvan diyarının Azərbaycanın ayrılmaz hissəsi olduğunu, diyar əhalisinin Azərbaycanla birləşmək arzusunu bəyan etmişdi. Məktubda qaldırılan məsələ avqustun 28-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosunda müzakirə edilmişdi.

Naxçıvan diyarına fövqəladə komissar təyin olunması və onun sərəncamına 30 mln. manat vəsait ayrılması qərara alınmışdı. Lakin RK(b)P və RSFSR hökuməti rəhbərliyinin, o cümlədən V. Lenin və İ. Stalinin təzyiqi ilə Ermənistanda sovet hakimiyyəti elan edildiyi gün (30 noyabr 1920) Azərbaycan K(b)P-nin siyasi və təşkilat bürolarının birgə iclası Zəngəzur və Naxçıvanın Ermənistanın tərkibinə keçirilməsi, Qarabağın dağlıq hissəsinə isə öz müqəddəratını təyin etmək hüququ verilməsi barədə qərar çıxardı. Həmin qərarın ideya müəllifləri Lenin və Stalin, icraçısı isə N.Nərimanova təzyiq göstərən S. Orconikidze idi. Qərar dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında N. Nərimanovun elan etdiyi bəyannamədə öz ifadəsini tapdı, dekabrın 2-də isə RSFSR-lə Ermənistan SSR arasında imzalanmış müqavilədə Naxçıvan, Zəngəzur Ermənistan əraziləri kimi “mübahisəsiz tanındı”. 1920-ci il 1 dekabr bəyannaməsi Naxçıvanda kəskin etirazla qarşılandı. Əhalinin Naxçıvan şəhərində, Şərur və Ordubad bölgələrində və bir çox kəndlərdə keçirilmiş kütləvi mitinqlərində Naxçıvan Diyarının Azərbaycanın tərkibində qalması tələb edildi. 1921-ci ilin əvvəllərində bu məsələ ilə əlaqədar keçirilmiş rəy sorğusunda iştirak edənlərin 90 faizi Naxçıvanın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi. Xalqın rəyinin nəzərə alınmasında Türkiyə dövlətinin qəti mövqe tutması da böyük rol oynadı. 1921-ci il martın 16-da RSFSR-lə Türkiyə arasında Moskvada imzalanmış müqavilənin 3-cü maddəsinə əsasən müqaviləyə əlavədə göstərilən Naxçıvan vilayəti ərazisində Azərbaycanın protektoratı altında, həmin hüququ Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə Naxçıvan muxtar qurumunun yaradılması nəzərdə tutuldu. Həmin il oktyabrın 13-də Qars şəhəriində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan, Gürcüstan ilə Türkiyə arasında bağlanmış müqavilənin 5-ci maddəsində isə göstərildi ki, Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin bu müqaviləyə 3-cü əlavədə göstərilən sərhədləri daxilində Azərbaycanın himayəsi altında muxtar qurum yaratmasına razıdırlar.

1921-ci ilin sentyabrında Naxçıvan SSR XKS təşkil edilmiş, həmin ilin sonlarında Naxçıvan Respublikasında Sovetlərə seçkilər keçirilmişdir.

1922-ci il yanvarın 25-də keçirilmiş birinci Ümumnaxçıvan Sovetlər Qurultayı diyar inqilab komitəsini ləğv edərək Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsini (MİK) seçdi. Respublikanın ali qanunvericilik orqanı Sovetlər qurultayı, qurultaylararası müddətdə isə MİK, ali icraedicilik orqanı isə XKS hesab edildi. 1922-ci il dekabrın 12-də keçirilən I Zaqafqaziya Sovetlər Qurultayı “Naxçıvan muxtariyyəti haqqında” qəbul etdiyi xüsusi qərarda “Naxçıvan Respublikasını muxtariyyət hüququ ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi” elan etdi. Bununla belə, 1923-cü il yanvarın 18-də RK(b)P Zaqafqaziya Diyar Komitəsinin Rəyasət Heyəti Azərbaycan K(b)P MK-ya təklif etdi ki, Naxçıvanı muxtar vilayətə, Naxçıvan XKS və MİK-i isə Naxçıvan Diyarının İcraiyyə Komitəsinə çevirsin. 1923-cü il yanvarın 21-də Azərbaycan K(b)P MK katibliyi həmin təklifi müzakirə və qəbul etdi, üstəlik Naxçıvan Diyar Partiya Komitəsini Azərbaycanın K(b)P Naxçıvan Diyar Komitəsinə çevirdi.
1923-cü il fevralın 27-də III Ümumnaxçıvan Sovetlər Qurultayı Naxçıvan Respublikasını Naxçıvan Diyarına çevirmək haqqında qərarı bəyənərək, müvafiq bəyannamə qəbul etdi. Naxçıvan MİK və XKS buraxıldı, 17 üzv və 7 namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi seçildi.

1923-cü il iyunun 16-da Azərbaycan MİK-in üçüncü sessiyası Naxçıvan Diyarını Azərbaycanın muxtar qurumu kimi onun tərkibinə daxil etmək haqqında Naxçıvan Sovetlər Qurultayının xahişini qəbul etmək haqqında qərar verdi. 1923 il dekabrın 11-də Azərbaycan K(b)P MK-nın Rəyasət Heyəti yenidən Naxçıvanın muxtariyyəti məsələsinə qayıdaraq indi də Naxçıvan Diyarını Naxçıvan Respublikasına çevirmək haqqında qərar qəbul etdi, Azərbaycan MİK-ə bu məsələni Zaqafqaziya MİK qarşısında qaldırmağı tapşırdı. Zaqafqaziya MİK Rəyasət Heyətinin 8 yanvar 1924-cü il tarixli müvafiq qərarına əsasən Naxçıvan SSR MİK-in yanvarın 18-də keçirilən 1-ci plenumu Naxçıvan diyarını Azərbaycanın protektoratında Naxçıvan SSR-ə çevirmək haqqında qərar qəbul etdi. MİK respublikada XKS yaratdı, respublikanı inzibati cəhətdən üç qəzaya - Naxçıvan, Şərur və Ordubad qəzalarına böldü.

1924 il fevralın 9-da Azərbaycan MİK Naxçıvanın muxtariyyəti məsələsi haqqında yeni qərarı ilə Naxçıvan Diyarını Azərbaycan SSR protektoratında Naxçıvan MSSR-ə çevirdi.

Naxçıvan MR-in Konstitusiyası 1925 il dekabrın 27-də Naxçıvan MSSR MİK-in dördüncü çağırış 2-ci sessiyasında qəbul olundu. 1926 il aprelin 8-də Azərbaycan SSR MİK-in yaratdığı komissiya Naxçıvan Respublikasının Konstitusiya layihəsinə baxaraq, onu düzəliş və əlavələrlə birlikdə bəyəndi. Həmin il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayı Naxçıvan Respublikasının ilk Konstitusiyasını yekdilliklə qəbul etdi. Konstitusiyanın 4-cü bölməsində hətta Naxçıvan MSSR-in gerbi və bayrağı haqqında maddələr də saxlanmışdı (1936 il iyunun 16-da çıxarılmışdır). Beləliklə Naxçıvanın muxtariyyəti məsələsi özünün ədalətli həllini həmişəlik tapmış oldu.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Naxçıvan tarixi : 3 cilddə / red. heyəti: İ. M. Hacıyev [et al.]. III cild : XX əsrin 40-cı illərindən müasir dövrədək. - Naxçıvan : Əcəmi NPB, 2015. - 560 s.
  2. Əliyev, Vəli Hüseyn oğlu. Naxçıvan / V. H. Əliyev ; red. İ. Babayev. - Bakı : XXI-YNE, 2002. - 320 s.
  3. Naxçıvan Muxtar Respublikası / Azərbaycan Milli Elmlər Akademiyası ; ред. C. Quliyev. - Bakı : Elm, 2001. - 220,[9] s.
  4. Нахчыван Мухтар Республикасы тарихиндән / С. Һ. Садыгов ; елми ред. К. Мухтаров ; Азәрбајҹан ЕА Милли Мүнасибәтләр Институту. - Бакы : н. ј., 1995. - 144 с.
  5. Гулијев, Ҹәмил Баһадур оғлу. Совет Нахчываны / Ҹ. Б. Гулијев, Г. Ә. Мәдәтов, А. А. Надиров ; ред. Е. Ј. Салајев. - Бакы : Азәрнәшр, 1984. - 136 с.
  6. Нахчыван Мухтар Совет Сосиалист Республикасы / Азәрбајҹан ССР ЕА ; ред. һеј’әти: А. А. Һүсејнов, М. А. Мәммәдјаров, Ј. М. Нәбијев ; баш ред. Һ. Б. Абдуллајев ; ред.: М. С. Гашгај, М. А. Дадашзадә. - Бакы : Елм, 1975. - 359 с.