Tarixdən səhifələr

Azərbaycanda ölüm hökmünün ləğvi

XX əsrin sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sovet dövlətinin süqutu Azərbaycanın da öz azadlığını elan etməsinə, müstəqil siyasət yeritməsinə, həmçinin beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya birliyinə qovuşmasına imkan verdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev mükəmməl, demokratik bir cəmiyyət yaratmağı qarşısına məqsəd qoydu. Əsas meyarlar Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi idi. İnsan hüquqlarının qorunması isə ən prioritet vəzifə kimi qarşıya qoyuldu. Ulu öndər bu sahədə müdrik addımlar atdı. Başlanan yol ölkəmizi tezliklə beynəlxalq aləmə yaxınlaşdırdı.

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü Ulu öndər Heydər Əliyevə məxsusdur. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, ölüm cəzasının tətbiqinə moratorium qoyulub.

Ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu qurumun üzv dövlətlərin qarşısında müəyyənləşdirdiyi tələblərdən biri idi. Qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüqüq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani sübutudur. Çox keçmədən bu mühüm məsələ Azərbaycanın müstəqil Konstitusiyasında təsbit olundu. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları və insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunması da Əsas Qanunumuzda öz əksini tapmışdır. Heydər Əliyev ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə inamının və etimadının formalaşmasını mümkünsüz hesab etdi, bunun üçün, ilk növbədə, məhkəmə-hüquq sistemində zamanın tələbləri ilə ayaqlaşan mütərəqqi islahatların aparılmasına nail oldu.

Ulu öndər 1995-ci ildə amnistiya institutunu da təsis etdi. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradıldı. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etdi, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirildi.

Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır.

Ümummilli lider Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, eləcə də Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim etmişdir. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.

1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanmışdır. Bu amnistiya aktı 77 mindən çox insana şamil edildi. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olundu. Əfv fərmanı ilə 3104 şəxs bağışlanaraq cəzadan azad edildi.

Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. İmzalanan əfv sərəncamları ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən birinə çevrilib.


Tövsiyə edilən ədəbiyyat:

  1. İnsan hüquqları / elmi red. : S. R. Zeynalov [et al.] ; rus dilindən tərc. : Ş. İ. Əliyev. - Bakı : Şirvannəşr, 2005. - 572 s.
  2. Babaoğlu, Hikmət. İnsan hüquqları və azadlıqları : tarixi təkamülü, beynəlxalq və politoloji aspektləri, Azərbaycan təcrübəsi: monoqrafiya / H. Babaoğlu ; elmi red. Ə. Əhmədov. - Bakı : Elm, 2006. - 244 s.
  3. İnsan hüquqları / L. Henkin [et al.] ; red. heyəti R. K. Klark [et al.]. - Bakı : Adiloğlu, 2008. - 1232 s.
  4. Novak, Manfred. İnsan hüquqları : parlament üzvləri üçün vəsait / M. Novak, J. Klok, İ. Şvartsın ; red. E. T. Süleymanova ; Parlamentlərarası Birlik, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsi. - n. y. y. : [n. y.], 2005. - 232 s.
  5. İnsan hüquqları : beynəlxalq və milli müdafiə mexanizmləri / Ə. Abdullayev [et al.] ; red. Ə. Abdullayev. - Bakı : Açıq dünya, 2008. - 487 s.
  6. Права человека и процессы глобализации современного мира / М. М. Бринчук [и др.] ; отв. ред. Е. А. Лукашева ; Институт Государства и Права РАН. - М. : НОРМА, 2005. - 464 с.