Tarixdən səhifələr

Yeni Azərbaycan Partiyasının yaradılması

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət Azərbaycan ziyalıları “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə “Yeni Azərbaycan” adlandırılacaq siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsini xahiş etmişlər. Ümummilli lider Heydər Əliyev 24 oktyabr 1992-ci ildə “Səs” qəzetində çap etdirdiyi “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə müsbət münasibətini bildirmişdir. Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakı şəhərində keçirilməsinə razılıq verilməmişdir. Ona görə də qısa müddətdə zəruri hazırlıq işləri aparıldıqdan sonra 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından gəlmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsinə seçilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin qəbul olunması, Siyasi Şuranın və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin müavinlərinin seçilməsi haqqında mühüm qərarlar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınmışdır. Bu, Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçmiş rəsmi bir siyasi qurum kimi fəaliyyətə başlamasını təmin etmişdir. Bununla Azərbaycanda Heydər Əliyev kimi dünya miqyasında xüsusi nüfuza malik olan görkəmli dövlət xadiminin rəhbərlik etdiyi ən böyük siyasi gücün meydana çıxmasına imza atılmışdır.

Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ümummilli lider ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Bu gün Ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun yüz minlərlə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır.

Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus şərəfli inkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir. Buna görədir ki, Yeni Azərbaycan Partiyası daim yeniləşən Azərbaycanın böyük ənənələrə malik olan yeni tipli, yetkin və dialektik inkişafda olan siyasi partiyası kimi nüfuzunu və şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır, genişləndirir və möhkəmləndirir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatlar ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətdir. Müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının özünəməxsus böyük payı, rolu və xidmətləri vardır. Yeni Azərbaycan Partiyasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi səmərəli fəaliyyəti geniş mənada respublikamızda bütün sahələr üzrə müasir inkişafın, o cümlədən partiyamızın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə və gücləndirilməsinə uğurla xidmət edir və böyük töhfələr verir.

Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.


Tövsiyə edilən ədəbiyyat:

  1. Yeni Azərbaycan Partiyası : 1992-2002: Azərbaycanın dünəni, bu günü və gələcəyi. - Bakı : Azərbaycan nəşriyyatı, 2002. - 467 s.
  2. Yeni Azərbaycan Partiyası / Yeni Azərbaycan Partiyasının İcra Katibliyi. - Bakı : [n. y.], 2007. - 263 s.
  3. Muradlı, Arzuman Ağamməd oğlu. Heydər Əliyev Partiyası : Yeni Azərbaycan Partiyası - 20 / A. A. Muradlı ; məsl., ön sözün müəl. Z. İ. Qaralov, red. İ. Rüstəmov. - Bakı : Elm və təhsil, 2012. - 632 s.
  4. Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah : elmi-praktiki konfransın materialları / elmi red. Ş. H. Hacıyev ; ön söz müəl. E. Ə. Əzizov. - Bakı : Azərbaycan, 2016. - 340 s.
  5. Əliyeva, Nurlana Müzəffər qızı. Qüdrətli Azərbaycan naminə / N. M. Əliyeva ; red., ön sözün müəl. N. Q. Cəfərov. - Bakı : Mütərcim, 2019. - 440 s.