Tarixdən səhifələr

İctimai-siyasi xadim Rüstəm xan Xoyski

Xoyski ailəsi, Azərbaycan tarixində iz qoymuş, Xoy xanlığının qurucuları olan dünbülilər nəslindəndir. Dünbülilər Səfəvi İmperiyasının ordusunda yer almış, Şah İsmayıl Səfəvi Qızılbaş ordusunun bir qolunu cəsur dünbülilər tayfasından olan döyüşçülərdən təşkil etmişdi. Rüstəm xan Xoyskinin ikinci babası Cəfərqulu xan Dünbüli həm də “Batmanqılınc” ləqəbi ilə tanınıb. Cəfərqulu xan Qacar hökmdarı Fətəli şahla yaranmış münaqişə səbəbi ilə qohum-əqrəbası və 20 minə yaxın qoşunu ilə Şimali Azərbaycana köçmüş və 1807-ci ildə Rusiya çarı tərəfindən Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdi. Cəfərqulu xandan sonra 1810-1819-cu illərdə Şəki xanlığını oğlu İsmayıl xan idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki Xanlığı ləğv edilir.

İsmayıl xanın ölümündən sonra onun oğlu İsgəndər xan Gəncəyə köçür. İsgəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general-leytenantı idi, onun arvadı Şərəbanı-xanım Hacı Molla Zeynalın qızı idi. General-leytenant İsgəndər xan Xoyskinin 4 oğlu, bir qızı olmuşdur. Onlardan Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm xan müstəqil Azərbaycan Cümhuriyyətinin himayəçilik (sosial-təminat) naziri, Fətəli xan isə müstəqil Azərbaycanın ilk baş naziri olmuşdur. Digər övladı Cahangir isə ali hüquq təhsili almışdı.

Azərbaycanın sovet rejimi tərəfindən işğalından sonra, onun qardaşı Hüseyn qulu xan Xoyski (22 sentyabr 1869, Gəncə - 7 dekabr 1955, İstanbul)  Türkiyədə yaşamaq məcburiyyətində qaldı. Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəyli Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə həyatı qurdu. Valiyə xanım azərbaycanlı legionerlərdən bir qrupunu sovet dövlətinə təhvil verilməməsi üçün Romaya apararkən təyyarə qəzası nəticəsində həlak oldu. Cahangir bəy Kazımbəyli isə sovet təhlükəsizlik orqanlarının bir agent xanımı vasitəsi ilə 1955-ci ildə zəhərlənib öldürüldü.

Rüstəm xan Xoyskinin digər ögey qardaşı Cahangir xan Xoyski Azərbaycan ordusunun zabiti olmuş, Gəncə üsyanında bolşeviklərə qarşı savaşmışdı. O 1920-ci ilin iyununda ailəlikcə həbs edilib Sibirə sürgünə göndərildi.

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin yaradıcılarından biri olan dövrünün görkəmli siyasi və ictimai xadimi Rüstəm Xan Xoyski 1888-ci ildə Şəkidə anadan olub. Rüstəm xan Xoyski Xoyski Gəncə klassik gimnaziyasında orta təhsilini başa vurub (1906)  və 1913-cü ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Burada o,  Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü idi. O, 1913-cü ildə hüquq fakültəsini bitirərək Gəncəyə dönüb və ixtisası üzrə çalışıb. Öncə Gəncə Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib, eyni zamanda Gəncənin ictimai-mədəni həyatında yaxından iştirak etmişdir. 1916-cı ildə Bakıya köçərək Bakı Dairə Məhkəməsində eyni vəzifəni davam etdirmişdir.

R.Xoyski 1917-ci ildə baş verən Fevral-Burjua inqilabından sonra fəal siyasi mübarizəyə başlamışdır. 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb. F.X.Xoyskinin 1918-ci ildə yaratdığı Hökumət kabinetində 1919-cu ilin yanvarın 1-nə qədər dəftərxana rəisi olaraq çalışmışdır. Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində  Rüstəm xana ümuri-xeyriyyə (sosial təminat) naziri kürsüsü etibar edilir. Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra hökumətin başında durmuş böyük qardaşı Fətəli xanla birgə o da dövlət işlərinin yükünü öz çiyinlərində daşımışdır. Öncə Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri sonrada qardaşına Ümri-Xeyriyyə naziri vəzifəsini həvalə etməsi  bədxahlar tərəfindən Fətəli xanın öz doğma qardaşına himayədarlığı kimi dəyərləndirilə biləcəyindən ehtiyat etsə də, o dönəmin rəsmi sənədləri nazirin öz vəzifəsini bacarıqla yerinə yetirdiyini təsdiqləyir. Rüstəm xan Xoyski Ermənistandan qovulmuş qaçqın soydaşlarımızın yerləşdirilməsi və onlara maddi yardım göstərilməsi kimi bir çox çətin vəzifəni ləyaqətlə yerinə yetirmişdir. 14 mart 1919-cu ildən 22 dekabr 1919-cu ilədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini, 24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində Ümuri-Xeyriyyə və Səhiyyə nazirinin müavini vəzifəsində calışıb. Rəsmi sənədlərdə Qaçqınlar probleminin nə qədər ağır olduğunu Ümuri-Xeyriyyə Nəzarəti (Sosial Təminat Nazirliyi) nümayəndəsi olan nazir müavini Rüstəm xanın imzaladığı və Baş nazir Nəsib bəy Yusifbəyliyə göndərilmiş 18 oktyabr 1919-cu il tarixli geniş hesabat da bunu sübut edir.

Azərbaycanın 1920-ci ilin aprelin 27-də sovet rejimi tərəfindən işğalından sonra R.Xoyski bir müddət Sosial Təminat Komissarının müavini işlədi. O, bu vəzifədə mayın 15-nə, yəni Sosial Təminat Komissarlığı Əmək Komissarlığı ilə birləşənə qədər çalışdı. O, sonradan bu işdən uzaqlaşdırıldı və N.Nərimanova müraciət etsə də işlə təmin olunmadı. 1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edildi. Anası Şəhrəbanı xanımın oğlunu bolşevik güllələnməsindən xilas etmək üçün N.Nərimanova yazdığı ərizədə çox təsirli sözlər vardı: “Mənim oğlum Rüstəm artıq beş aydır ki, Azərbaycan Fövqəladə Komitəsi tərəfindən həbs edilib və indiyə qədər həbsdədir... Bütün son illər ərzində mənim oğlum Rüstəm təhsil almaq üçün daim ciddi və vicdanlı zəhmətkeş olub. Öz qazancı ilə özünü saxlayıb. Bu barədə məlumatları onu tanıyanların hamısı, o cümlədən, yoldaş Qarayev, yoldaş M.D.Hüseynov təsdiq edə bilərlər. İndi budur, mənim ömrümün ahıl çağında bir tikə çörəksiz mən Sizdən acizanə xahiş edirəm, yoldaş Nərimanov, şəxsən, yaxud mənim xahişimi müzakirəyə qoyaraq, Azərbaycan İnqilab Komitəsi oğlumu, mənim yeganə ümidimi mənə qaytarsın və onu layiq olmadığı ləkədən xilas etsin. Mən əminəm ki, bədbəxt ağbirçək ananın xahişi Sizin tərəfinizdən cavabsız qalmayacaq. Şəhrəbanı xanım Xoyski”.

N.Nərimanov ərizəyə bu sözləri yazmışdı: “AFK da (Azərbaycan Fövqəladə Komissiyası) baxılsın”. R.Xoyski 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanıldı. Sovet hakimiyyətinin qəti əleyhdarları sırasına mənsub olduğunu nəzərə alaraq AFK onu həbsdən sürgünə göndərdi. R.Xoyski 1939-cu ildə Moskvada vəfat etmiş və Novodeviçye monastrının qəbirstanlığında dəfn olunmuşdu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Yaqublu, Nəsiman Qara oğlu. Cümhuriyyət qurucuları / N. Q. Yaqublu; red. İ. Quliyeva.- Bakı: Nurlar NPM, 2018.- 504 s
  2. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: portret-oçerklər və məqalələr / Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi; red., ön sözün müəl. Ə. A. Rəsulov.- Bakı: Elm və təhsil, 2018.- 248 s
  3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu [et al.]; layihənin rəh. S. Babayev; elmi red. Y. M. Mahmudlu; mətnin müəl.: V. Həsənov [et al.]. - Bakı: AR ƏƏSMN, 2019.- 196 s.
  4. Hüseynov, Rəşid İnqilab oğlu. Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti: [monoqrafiya] / R. İ. Hüseynov; elmi red. F. M. Qurbanov.- Bakı: Afpoliqraf, 2018.- 480 s.
  5. Азербайджанская Демократическая Республика: архивные документы Великобритании / Институт Истории им. А.А. Бакиханова НАНА, Общественная организация развития регионов; сост. Н. Максвелл, науч. ред., авт. предисл. Я. М. Махмудов.- Баку: Чашыоглы, 2008.- 576 с.
  6. Азербайджанская Демократическая Республика: 1918-1920 / Институт Истории АН Азербайджанской ССР; редкол. Ф. Максудов [и др.]; отв. ред. Н. Агамалиева.- Баку: Элм, 1998.- 316 с.