Tarixdən səhifələr

"Azərbaycan Respublikası" adının və üçrəngli bayrağın Parlamentdə təsdiq edilməsi

Azərbaycanda dövlət müstəqilliyi uğrunda  mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından sonra yeni vüsət aldı. Heydər Əliyevin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu. Ümummilli liderin Naxçıvanda parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla gündən-günə genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının getdikcə daha da mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Sovetinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. 
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Sovetinin I sessiyası keçirildi. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Həmin sessiyada qəbul edilən çox mühüm tarixi qərarlardan biri də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi oldu. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.

Naxçıvan MR-də həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana örnək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilib "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Heydər Əliyev və Azərbaycan parlamenti / məsul red. M. Ələsgərov ; tərt.: A. Babayev, H. Babayev. - Bakı : Milli Məclisin nəşri, 2003. - 543,[24] s.
  2. Cabbarlı, Ələkbər Həsən oğlu. Heydər Əliyev və Naxçıvan tarixi məsələləri : monoqrafiya / Ə. H. Cabbarlı ; elmi red. E. Y. Cəfərli. - Naxçıvan : Əcəmi NPB, 2015. - 232 s.
  3. Qayıdış: 1990-1993 : toplu / bur. məsul V. Y. Talıbov ; tərt. Ə. M. Həsənov. - Təkmilləşmiş və yenidən işlənmiş II nəşri. - Bakı : Azərbaycan nəşriyyatı, 2008. - 840 s.
  4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. 608 səh.