Azərbaycan Dövlət Kitab Palatasının yaradılması ideyası 1924-cü ildə meydana gəlmişdir. Həmin ildə RSFSR, Ukrayna və Belorusiya kitab palataları ilə birgə Azərbycan Xalq Maarif Komissarları nümayəndəsinin (M.İ.Səlimov) də iştirak etdiyi müşavirədə müttəfiq respublikalarda kitab palatalarının yaradılması, məcburi nüsxələrin alınması, paylanması, salnamələrin buraxılması, kitab statistikasının vahid forması haqqqında məsələlər müzakirə olunmuşdu. Bu da Azərbaycanda kitab palatasının yaradılması işini xeyli sürətləndirmişdi. Azərbaycan Respublikası Xalq Maarif Komissarları kollegiyasının 1924-cü il sentyabr tarixli iclasında Xalq Maarif Komissarı Mustafa Quliyevin təklifi ilə Respublika Dövlət Kitab Palatasının yaradılması haqqında məsələ müzakirə edildi və belə bir idarənin respublika üçün vacibliyi qeyd olundu. Ali Siyasi Maarif idarəsinə tapşırıldı ki, bu barədə dekretin layihəsini hazırlayıb Azərbaycan Respublikası XKS-nə təqdim etsin. Layihə hazırlanaraq 1925-ci ilin yanvarında Azərbaycan hökumətinə təqdim edildi. XKS qərarın layihəsinə bir sıra düzəlişlər edərək 1925-ci il fevralın 5-də Q.Musabəyovun imzası ilə "Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında dövlət kitab palatasının təşkili və mətbuat əsərlərindən nüsxələrin təqdim edilməsi haqqında" qərar qəbul etdi.
ADKP 1925-ci ilin oktyabr ayında RSFSR Mərkəzi Dövlət Kitab palatası, noyabr ayının 23-də Ümumittifaq mədəni əlaqələr cəmiyyəti ilə saziş bağlayır və bunun əsasında xarici ölkələrlə kitab mübadiləsi aparmaq imkanı əldə edir. Kitab Palatası öz fəaliyyətini genişləndirmək məqsədi ilə Brüssel beynəlxalq biblioqrafiya institutu, Nyu-York kütləvi kitabxanası, Pekin kitabxanası, Tokio imperator kitabxanası, Paris Asiya muzeyi və başqa xarici müəssisələrlə əlaqə saxlayırdı.
Palatanın dövlət biblioqrafiyası istiqamətindəki fəaliyyəti, əsasən, ikili funksiya daşıyırdı. Onlardan birincisi çap əsərlərinin qeydə alınması, ikincisi isə biblioqrafik informasiya vermək funksiyası idi.
1929-cu ildə Palata XMK-nın Ali Siyasi-Maarif idarəsinin tabeçiliyindən Baş elmi müəssisələr idarəsinə (Qlavnauki) keçir və bu da onun biblioqrafik elmi mərkəz kimi formalaşmasına səbəb olur. 1939-cu il aprel ayının 28-də Kitab Palatası haqqında yeni əsasnamə qəbul olunur. Əsasnamədə Palatanın qarşısında duran vəzifələr belə ümumiləşdirilmişdir: 1. Azərbaycan Respublikasında çıxan bütün çap əsərlərinin biblioqrafik qeydə alınması. 2. Azərbaycanda çıxan çap əsərləri haqqında geniş biblioqrafik informasiya vermək; Bu məqsədlə "Kitab salnaməsi", "Qəzet məqalələri salnaməsi", "Jurnal məqalələri salnaməsi"ni və annotasiyalı kartoçkaları çap etdirmək. 3. Mərkəzləşdirilmiş kataloqlaşdırma işini həyata keçirmək. 4. Biblioqrafik kadrlar hazırlanmasına təsir göstərmək. 5. Biblioqrafiyanın metodiki məsələlərini işləmək. 6. Biblioqrafiya və kitabşünaslıq biliklərini yaymaq. 7. Dövlət orqanlarına, müəssisə və təşkilatlara biblioqrafik xidmət göstərmək.
II Dünya müharibəsi (1941-45) bütün sahələrdə olduğu kimi, ADKP-nın da fəaliyyətinə mənfi təsir göstərir. 1945-ci ildən Palata Azərbaycan SSR XKS yanında Mədəni-Maarif Müəssisələri Komitəsinin nəzdində fəaliyyət göstərməyə başlayır. 1953-cü ildən isə o, AR Mədəniyyət Nazirliyinin 616 №-li əmrinə əsasən həmin nazirliyin ixtiyarına verilir. Bu isə Palatanın yerləşdiyi binanın sahəsini bir qədər genişləndirməyə imkan yaradır.
Palatanın çap məhsulları arasında respublikada nəşr olunan kitablar haqqında buraxılan çap kartoçkaları operativliklərinə görə fərqlənirdi. XX əsrin 70-ci illərin axırlarında və 80-ci illərin əvvəllərində palata ildə təxminən 630 adda kitaba dair kartoçka çap etdirirdi. Ayda iki dəfə (hər ayın 4-də və 19-da) mətbəəyə verilən kartoçkalar çap olunduqdan sonra 237 ünvana: Bakı şəhəri, rayon kitabxanaları, keçmiş müttəfiq respublika kitab palataları, dövlət kitabxanaları, həmçinin keçmiş SSRİ Dövlət Kitabxanası və Saltıkov Şedrin adına Leninqrad Ümumi Dövlət Kitabxanasına göndərilirdi. Soraq-biblioqrafiya xidməti 32 növ kataloq və kartoteka sistemi əsasında həyata keçirilirdi.
Ümumi biblioqrafiyanın ixtisaslaşmış mərkəzi kimi fəaliyyət göstərən Kitab Palatası iki şöbəyə (Dövlət biblioqrafiyası və Məlumat biblioqrafiyası), üç filiala (mətbuat statistikası, elmi-texniki informasiya və nəzarət filialları) və bir bölməyə (Kitab salnaməsi bölməsi) malik idi.
ADKP müstəqillik illərində də fəaliyyətini davam etdirmiş, 2002-ci ildən isə onun funksiyaları Azərbaycan Milli Kitabxanasına verilmişdir.
Tövsiyə edilən ədəbiyyat: