Tarixdən səhifələr

Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı

Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı milli musiqi mədəniyyəti xəzinəmizin dəyərli səhifələrini təşkil edir.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində Zeynallı ailəsi Bakıya köçür. 1922-26-cı illərdə o, Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının əvvəl orkestr fakultəsinə daxil olur, sonra isə bəstəkarlıq fakultəsində təhsilini davam etdirir. Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Üzeyir Hacıbəyli, B.Karagiçev, L.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çox hissəsini təhsil illərində yazmışdır.

Cəmi 23 il yaşayan Asəf Zeynallı musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. Bəstəkar Azərbaycan musiqi tarixinə milli romans janrının yaradıısı kimi daxil olmuşdur. Onun «Ölkəm», «Sərhədçi», «Çadra», «Sual», «Seyran» romansları milli vokal musiqimizin inciləridir.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olmuşdur. Onun «Çahargah», «Muğamsayağı» pyesləri, «Uşaq süitası», 2 fuqa, fortepiano və skripka üçün əsərləri instrumental musiqi sahəsində bəstəkarlarımızın sonrakı nəsilləri üçün nümunə olmuşdur.

Bəstəkar habelə ilk simfonik musiqi nümunələrinin müəllifidir. Onun «Fraqmentlər» simfonik əsəri bu janrda yazılmış ilk orijinal əsərdir. Bəstəkarın yalnız bəzi cizgilərini yazdığı «Bakı» adlı simfoniyasının reallaşmasına isə vaxtsız ölüm mane oldu.

Bəstəkar teatr musiqisi sahəsində də geniş fəaliyyət göstərərək «Tənqid-Təbliğ» teatrında musiqi hissəsinə rəhbərlik etmişdir. O, C.Cabbarlının «Sevil», S.Rüstəm və H.Nəzərlinin «Yanğın», C.Xəndanın «Gizli əl», A.Yanovskinin «Qəzəb» və s. tamaşalara musiqi tərtibatı vermşdir.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil etmiş və konsertlər zamanı Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış etmişdir.

Asəf Zeynallı folklor nümunələrinin toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük, faydalı iş aparmış, külli miqdarda xalq mahnılarını nota yazmışdır.

Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyükdür. O, 1928-ci ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş, «İbditai not savadı» adlı dərslik tərtib etmişdir. Azərbaycanın bir sıra görkəmli bəstəkarları — Qara Qarayev. Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov ondan dərs almışlar.

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunub. Səfər zamanı orada ağır xəstələnib. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdıb. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edib. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir.

Asəf Zeynallının ölümündə erməni əli ehtimal olunur. O yazdığı məktubda qeyd edir ki, ermənilər onu “şovinist” adlandırır və dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - erməni şagirdlərdən daha çox diqqət ayırmaqda ittiham etmişlər. Asəf Zeynallı Qarabağda ezamiyyətdə olan zaman ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə sonra bildirir ki, suyun tamı xoşuna gəlmir lakin yanında olan kimsə ona suyun tamına fikir verməməsinə təkid edir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gələndə o xəstəxanaya yerləşdirilir. Xəstəxanada vəfat edəndən sonra əlavə söz-söhbət olmasın deyə ailəsinə bildirilir ki, o qarın yatalağından vəfat edib.

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə ağır xəstəlikdən vəfat edib və Çəmbərəkənd qəbiristanlığında basdırılıb, sonralar onun nəşi “Qurd Qapısı” qəbiristanlığına köçürülüb.


Tövsiyə edilən ədəbiyyat:

  1. Hüseynov, Mirzə Məhəmməd oğlu. Asəf Zeynallı: musiqiyə həsr olunmuş ömür /M. Hüseynov; elmi rəhbər H. Mirzəyev ; ön söz E. Mansurov. - Bakı: Nur, 2011. - 133 s.
  2. Azərbaycan musiqi tarixi / AMEA Memarlıq və İncəsənət İnstitutu ; red. heyəti K. Abdulla, red. heyəti F. S. Bədəlbəyli, red. heyəti F. Ə. Əlizadə, red. heyəti S. Ə. Kərimli, red. V. M. Məmmədəliyev, layihənin rəh., elmi red. Z. Y. Səfərova. II cild. - Bakı: Elm, 2017. - 582 s.
  3. Меликов, Ханлар Гамидович. Асаф Зейналлы /Х. Меликов. - Баку: Азернешр, 1956. - 17 с.
  4. Меликов, Ханлар Гамидович. Композитор Асаф Зейналлы: 1909-1932 /Х. Меликов. - Баку: Азернешр, 1969. - 29 с.