Azərbaycanın görkəmli bəstəkarı, milli musiqi irsində özünəməxsus yeri olan Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O dövrdə Gəncənin ədəbi-bədii mühiti, digər tərəfdən Gəncəyə yaxın olan Qarabağın musiqi dünyası onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.
1927 – ci ildə məktəbdə oxuya oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar şöbəsinə daxil olur. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. 1934-cü ildə tar sinfini fərqlənmə diplomu ilə bitirir və təhsilini davam etdirmək üçün Bakıya gəlir. Bakı Musiqi Texnikumunda A.S.Şvartsın violonçel sinfində təhsil almağa başlayır. O, burada qərb musiqisini mənimsəməklə birlikdə xalq və aşıq mahnılarını dərindən öyrənməyə başlayır. 1938-ci ildə Gəncə Dövlət Flarmoniyasının direktoru vəzifəsində çalışır. Bəstəkar, burada olarkən dünyaşöhrətli “Cücələrim “ mahnısını bəstələsə də, üzə çıxarmır.
1939-cu ildə Qəmbər Hüseynli, Qarabağa Şuşadakı musiqi texnikumuna direktor vəzifəsinə göndərilir. Bəstəkar burada dərs deyərkən, şagirdi Süleyman Ələsgərovu kəşf edir və aralarında dostluq münasibəti yaranır. O, burada olarkən Cəfər Cabbarlının sözlərinə yazılmış dillər əzbəri olan “Tellər oynadı” mahnısını bəstələyir. Çox keçmədən, Bakıya dəvət alan Qəmbər Hüseynli, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmağa başlayır. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin tövsiyəsi ilə Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri olur. Xalq və aşıq musiqisini gözəl bilən bəstəkar onu müasir musiqiylə birləşdirərək unudulmaz mahnılar bəstələyir. Lakin sevilən bəstəkarın ağır bir dövrdə yaşaması onun yaradıcılığına öz mənfi təsirini göstərir. Stalin repressiyasının qurbanı olan Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi sevdiyi şairlərin yaşadıqları əziyyətlərə dözməyərək fikrini açıq deməsi, sovet rejimi ilə razılaşmaması və “Cücələrim” mahnısının türk üslubunda yazması Qəmbər Hüseynlinin, 1943-cü ildə həbs edilməsinə səbəb olur. Ona 10 il həbs cəzası versələr də, 1947-ci ildə həbsdən azad olunur.
1951- ci ildə Asəf Zeynallı adına musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olur. 1954- cü ildə Mir Mehdi Seyidzadənin librettosuna diplom işi kimi “Qızıl quş” operasını yazaraq musiqi məktəbini müvəffəqiyyətlə bitirir. Ağır bir şəraitdə yaşamasına baxmayaraq, 1950-1960-cı illər ərzində fəal yaradıcılıqla məşğul olmağa başlayır. Bəstəkarın yaradıcılığında mahnı və romans janrı üstünlük təşkil edir. Qəmbər Hüseynli “İlk məhəbbət”, “Güləgülə”, “Ay işığında”, “Dağlar”, “Qonşuda qız sevənin”, “Saz olur”, “Yar yanında günahkaram”, “Gecələr uzanaydı”, “Düşür yadıma”, “Nə vaxta qaldı”, “Sən-sən”, “Ceyran”, “Dolanım başına”, “Tel nazik” kimi bu gün də, dillər əzbəri olan məşhur mahnılarını bəstələyir.
Qənbər Hüseynli bir çox sevilən mahnıların müəllifi olmasına baxmayaraq, məhz “Cücələrim” mahnısı ilə adını musiqi tarixinə qızıl hərflərlə yazmışdır. 1947-ci ildə Qəmbər Hüseynli “Cücələrim” mahnısına məşhur uşaq şerlərinin müəllifi olan Tofiq Mütəllibovdan söz yazmasını xahiş edir. Bu mahnı Gəncə şəhəri 20 nömrəli Orta məktəbin xor kollektivinin ifasında ilk dəfə Bakı şəhərində keçirilən məktəblilərin olimpiadasında səslənmişdir. İlk ifadan böyük uğur qazanan mahnı az bir zamanda geniş kütlənin sevimlisinə çevrilmiş, Bakı Mərkəzi Pioner və Məktəblilər Sarayı Mahnı və rəqs ansamblının repertuarına əbədi daxil olmuşdur. Ansamblın kollektivi “Cücələrim” mahnısına görə böyük şöhrət qazanır. Bu repertuar ilə kollektiv nəinki Azərbaycanda, həmçinin Türkiyə, Bolqarıstan, Macarıstan, Rusiya və digər xarici ölkələrdə uğurlu çıxışlar etmiş və yüksək mükafatlara layiq görülmüşdür. “Cücələrim” mahnısının solo partiyanın ilk ifaçıları tanınmış incəsənət xadimləri Arif Qazıyev, Suğra Bağırzadə və Təranə Vəlizadə olmuşlar. Sonralar Tofiq Mütəllibov “Cücələrim” pyesini yazmış, Habil Əliyev kamanda bu mahnının musiqisini sənətkarlıqla ifa etmiş, 1980-ci ildə “Cücələrim” cizgi filmi çəkilmişdir. Xalq Artisti Elmira Rəhimova xatirələrində belə deyir: “1968-ci ilin yayında Hindistanda səfərdə idim. Məni “Cücələrim” ilə tanıdılar. Deyə bilərəm ki, mahnını bütün Hindistan oxuyur. Təsəvvürə gətirə bilməzsiniz ki, 30 minlik açıq tamaşa salonu hamısı bir ağızla “Cücələrim” mahnısını mənimlə birgə ifa edirdi.”
Rusiya kinematoqrafçılarının çəkdiyi dünya şöhrətli “Nu poqodi” (“İndi dayan”) cizgi filmində, başqa xarici teatr tamaşalarında da bizə doğma olan melodiya ilə rastlaşırıq.
300-dən çox əsər yaradan Qəmbər Hüseynli opera, mahnı, romans, simli kvartet, fortepiano üçün pyeslər, teatr tamaşalarına musiqilər yazaraq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır.
60-dan çox uşaq mahnılarının müəllifi olan Qənbər Hüseynli özünəməxsus məzmun və musiqi dilinin xüsusiyyətləri ilə fərqlənərək, uşaq mahnı janrının inkişafında mühüm rol oynamışdır. Qənbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə böyük abidə ucaltmışdır. Dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunan “Cücələrim” əsl sənət incisinə çevrilərək Azərbaycanı dünyada tanıtmışdır.
1961 – ci ildə ağır xəstəliyə yaxalanan Qənbər Hüseynli ikinci operası olan “Simurq quşu” əsərini tamamlaya bilmir. “Şərəf nişanlı”( 9 iyun 1959), “Əməkdar incəsənət xadimi”(10 may 1961) sevilən bəstəkar, 1961-ci ildə 45 yaşında vəfat etmiş, Gəncə şəhərində torpağa tapşırılmışdır.
2007-ci ildə onun həyat və fəaliyyətindən bəhs edən Qəmbər Hüseynli adlı qısametrajlı sənədli film çəkilmişdir. 25 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Onun adına Gəncədə park, musiqi məktəbi, mahnı teatrı təsis edilmişdir. 2018-ci ilin yanvarında Gəncədə bəstəkarın heykəli ucaldılıb.
Uşaq mahnıları və sevilən musiqilərilə insanların musiqi estetik zövqünü formalaşdıran bəstəkarın əsərləri hər zaman qəlblərdə yaşayacaq və Azərbaycan musiqisinin inkişafına xidmət edəcəkdir.
Tövsiyə edilən ədəbiyyat: