Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət Azərbaycan ziyalıları “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə “Yeni Azərbaycan” adlandırılacaq siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsini xahiş etmişlər. Ümummilli lider Heydər Əliyev 24 oktyabr 1992-ci ildə “Səs” qəzetində çap etdirdiyi “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə müsbət münasibətini bildirmişdir. Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakı şəhərində keçirilməsinə razılıq verilməmişdir. Ona görə də qısa müddətdə zəruri hazırlıq işləri aparıldıqdan sonra 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından gəlmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsinə seçilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin qəbul olunması, Siyasi Şuranın və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin müavinlərinin seçilməsi haqqında mühüm qərarlar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.
Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınmışdır. Bu, Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçmiş rəsmi bir siyasi qurum kimi fəaliyyətə başlamasını təmin etmişdir. Bununla Azərbaycanda Heydər Əliyev kimi dünya miqyasında xüsusi nüfuza malik olan görkəmli dövlət xadiminin rəhbərlik etdiyi ən böyük siyasi gücün meydana çıxmasına imza atılmışdır.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin ümumxalq səsverməsi yolu ilə prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
Heydər Əliyev 1999-cu il dekabrın 20-də keçirilən YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.
1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayı partiyanın və ümumilikdə Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynamışdır. Qurultayda YAP-ın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnamə geniş şəkildə müzakirə edilmiş, müəyyən əlavə və dəyişikliklər həyata keçirilmişdir. YAP strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, beynəlxalq münasibətlər sistemində respublikamızın layiqli yer tutması, ölkəmizdə dövlət quruculuğu yönündə başlıca məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
Yenilənmiş Proqramda yer almış başlıca vəzifələr dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi davamlı inkişaf etməsi, əhalinin sülh və təhlükəsizlik şəraitində, firavan həyatının təmin edilməsi mühüm yer tutmuşdur. Partiyanın ideoloji xəttinin leytmotivini təşkil edən möhkəm dövlətçilik, qanunun aliliyi, ulu öndərin azərbaycançılıq məfkurəsi, sürətli tərəqqi, möhkəm vətəndaş həmrəyliyinin yaradılması, eləcə də sosial ədalət prinsipləri Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin reallaşdırılmasının ana xətti olaraq məzmunca respublikamızın parlaq gələcəyinin də ideya bazası qismində çıxış etmişdir.
Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.
2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2013-cü il iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür. V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir.
2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.
2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.
Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus şərəfli inkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir. Buna görədir ki, Yeni Azərbaycan Partiyası daim yeniləşən Azərbaycanın böyük ənənələrə malik olan yeni tipli, yetkin və dialektik inkişafda olan siyasi partiyası kimi nüfuzunu və şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır, genişləndirir və möhkəmləndirir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatlar ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətdir. Müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının özünəməxsus böyük payı, rolu və xidmətləri vardır. Yeni Azərbaycan Partiyasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi səmərəli fəaliyyəti geniş mənada respublikamızda bütün sahələr üzrə müasir inkişafın, o cümlədən partiyanın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə və gücləndirilməsinə uğurla xidmət edir və böyük töhfələr verir.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Tövsiyə edilən ədəbiyyat: