Tarixdən səhifələr

Zaqafqaziya Seymi

1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi.

Lakin regionda nüfuzu və güclü hakimiyyəti olmayan Zaqafqaziya Komissarlığı tezliklə özünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlarının yığıncağında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul olundu. 1918-ci il fevralın 23-də üç əsas partiya fraksiyasının nümayəndələrindən ibarət Zaqafqaziya Seymi öz işinə başladı. Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər) -32 nəfər, Azərbaycandan müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, erməni "Daşnaksutyun" partiyası - 27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, Müsəlman Sosialist Bloku 7 nəfər, Rusiyada müsəlmanlıq fraksiyası ("İttihad") 3 nəfər, menşevik-hümmətçilər partiyası 4 nəfər deputatla, həmçinin sosialist-inqilabçılar (eserlər), milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, təmsil olunmuşdular. Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi.

Qafqaz cəbhəsində vəziyyət və Cənubi Qafqazın müstəqilliyinin elan edilməsi məsələləri seymin fəaliyyətində mühüm yer tuturdu. 
Cənubi Qafqazı müstəqil dövlət elan etmədən Seym bu regionu beynəlxalq hüququn subyekti kimi təqdim edə və xarici dövlətlərlə sülh bağlamaq səlahiyyətinə də malik ola bilməzdi.

Zaqafqaziya Seymi Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalandı. Onun bir şərtinə görə, Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Zaqafqaziya Seymi Brest sülhünün bu şərtini qəbul etmədi və bildirdi ki, RSFSR Xalq Komissarları Sovetinin hakimiyyətini heç vaxt qəbul etməmişdir. Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq, Qars, Batum və Ərdəhanı dərhal boşaltmağı Zaqafqaziya Seymindən tələb etdi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə ilə Zaqafqaziya Seymi arasında sülh konfransı açıldı. Türkiyə nümayəndəliyi Zaqafqaziya Seymindən müstəqilliyinin elan edilməsini əsas şərtlərdən biri kimi qoyurdu. Müstəqilliyin elan edilməməsi Türkiyənin danışıqlara marağını zəiflətdi. A.Çxenkeli etiraf edirdi ki, "Türkiyə, obyektiv olaraq, Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlıdır. Cənubi Qafqazın müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini təmin edir". Türkiyə tərəfi Cənubi Qafqazın idarəçilik formasının, onun sərhədlərinin, dövlət dili və dininin, həmçinin Osmanlı imperiyasına münasibətinin rəsmən müəyyən edilməsi məsələlərinin müzakirə olunmasının zəruriliyini qeyd etdi. Cənubi Qafqaz nümayəndəliyi qoyulan məsələlərlə bağlı xüsusi bəyanatla çıxış edərək göstərdi ki, regionun dövlət idarəçiliyi forması Seym tərəfindən işlənərək, Demokratik Federativ Respublika formasında qalacaqdır; Cənubi Qafqazın ərazisinə Bakı, Yelizavetpol, İrəvan, Tiflis, Kutaisi quberniyaları, Batum və Qars vilayətləri, Suxumi və Zaqatala dairələri daxildir. Dağıstan vilayəti və Qara dəniz sahili quberniyaları məsələsi onların Seymə nümayəndə göndərməsinə qədər açıq qalır; rəsmi dil hələlik rus dilidir, lakin hazırlanan konstitusiyada gürcü, türk və erməni dillərinin dövlət dili kimi tanınacağını elan etməyə əsas vardır. Bəyanatda, həmçinin, Cənubi Qafqazda vicdan azadlığı haqqında qanunun fəaliyyət göstərəcəyi, qəbul ediləcək konstitusiyada isə dinin dövlətdən ayrılacağı da xüsusi vurğulanırdı.

Zaqafqaziya Seymi daxilində milli fraksiyalar arasında yekdillik yox idi. Bu amil Trabzon danışıqlarında özünü daha qabarıq büruzə verdi. Belə ki, ermənilər Qars vilayətinin böyük bir hissəsinin, gürcü nümayəndələri Ərdəhanın və Batumun Osmanlılara verilməsinə ciddi etiraz etdilər. Azərbaycan nümayəndəsi X.Xasməmmədov isə Türkiyəyə güzəştə gedilən ərazilərin siyahısından Batumun çıxarılmasını təklif etdi. O, Bakı neft kəmərinin son məntəqəsi olan Batumun Cənubi Qafqazın tərkibində saxlanılmasını Azərbaycan neft sənayesinin mənafeyinə uyğun sayırdı. Çünki, Batum Azərbaycanın dünya okeanına yeganə çıxış qapısı idi.

Martda bolşeviklərin daşnaklarla birlikdə Bakıda hakimiyyəti ələ keçirmək üçün qaldırdığı qiyam və azərbaycanlıların görünməmiş qəddarlıqla kütləvi surətdə məhv edilməsi, soyqırımlarına Azərbaycanın digər ərazilərində də geniş miqyasda həyata keçirilməsi Zaqafqaziya Seymi daxilindəki ziddiyyətləri gücləndirdi. Azərbaycandakı qanlı cinayətləri ilə bir vaxtda ermənilər Türkiyədə, xüsusilə Ərzurumda da böyük vəhşiliklər törətdilər. Bütün bunlar Türkiyə ilə aparılan istər Trabzon, istərsə də Batum danışıqlarında Zaqafqaziya Seyminin vəziyyətini çətinləşdirdi. 1918-ci il aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclasında Türkiyə ilə danışıqların gedişi müzakirə olundu. Seym həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə hazırlaşmaq haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi və Y.Gegeçkori, N.Ramişvili və X.Karçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı. Azərbaycan nümayəndəsinin bu Şuraya daxil edilməməsindən əsas məqsəd müsəlman fraksiyasının hadisələrin gedişinə təsir imkanlarını aradan qaldırmaq idi. Lakin bu tədbirlər də Türkiyə qoşunlarının irəliləməsini dayandıra bilmədi və onlar 1918-ci il aprelin 14-də Batumu tutdular.

1918-ci il aprelin 22-də müsəlman fraksiyasının təkidi ilə Zaqafqaziya Seyminin geniş iclası keçirildi və müstəqil, demokratik, federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Aprelin 20-də azərbaycanlılara qarşı Bakı soyqırımları ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış hökumət böhranın bir nəticəsi də bu oldu ki, Y.Gegeçkorinin başçılıq etdiyi Zaqafqaziya hökuməti istefa verdi. Zaqafqaziya Seymi həmin gün aşağıdakı tərkibdə yeni Zaqafqaziya hökumətini təsdiq etdi: 1. A.Çxenkeli - baş nazir və xarici işlər naziri; 2. N.Ramişvili - daxili işlər naziri; 3. A.Xatisyan - maliyyə naziri; 4. Xudadat bəy Melik-Aslanov - yollar naziri; 5. Fətəli xan Xoyski - ədliyyə naziri; 6. Q.Georqadze - hərbi nazir; 7. N.Xomeriki - kənd təsərrüfatı naziri; 8. Nəsib bəy Yusifbəyli - maarif naziri; 9. Məmməd Həsən Hacınski -ticarət naziri; 10. A.Saakyan - ərzaq naziri; 11. О.Kazaçnuni - ictimai məişət xidməti naziri; 12. A.Erzikyan -əmək naziri; və 13. İbrahim Heydərov - Dövlət nəzarət naziri. Bununla, hökumətdə əsas postları gürcülər və ermənilər ələ keçirdilər.

Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi, çünki müstəqilliyin elanından sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasətində ciddi bir dəyişiklik baş verməmişdi. Siyasi partiyaların nümayəndələri Zaqafqaziya seymində ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri öz siyasi xəttini həyata keçirməyə çalışırdı.

1918-ci il mayın sonuncu ongünlüyündə Zaqafqaziya Seyminin dağılacağı açıq-aydın hiss olunurdu. Azərbaycan nümayəndəliyinə məlum olmuşdu ki, Seymin gürcü fraksiyası Batumda Almaniya nümayəndəliyi ilə gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Elə həmin günlərdə seymin sosial-demokrat fraksiyasının lideri İ.Q.Sereteli Cənubi Qafqaz xalqlarının konfederasiya halında birləş mək ideyasının özünü doğrultmadığını bildirdi. Sereteli Türkiyə ilə Batum danışıqlarında təklənmələrini bəhanə gətirərək, Gürcüstanın Seymdən çıxıb, müstəqil respublika elan olunmasını zəruri hesab etdi. 1918-ci il mayın 25-də Seymdə iclasa sədrlik edən F.Xoyski Cənubi Qafqaz xalqları birliyinin zəruriliyini əsaslandırmaqla yanaşı, gürcü nümayəndəliyinin arzularının əleyhinə çıxmadı, eyni zamanda bildirdi ki, Azərbaycan türkləri də belə bir addım atmalı olacaqlar.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. İ.Q.Sereteli Seymin buraxıldığını elan etdi. Zaqafqaziya Seyminin buraxılması Cənubi Qafqazda öz müstəqilliklərini elan edən dövlətlərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.


Tövsiyə edilən ədəbiyyat:

  1. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il = Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального Совета 1918 г. / Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ; məsul red. A. Ə. Paşayev. - Bakı : Adiloğlu, 2006. - 216 s.
  2. Azərbaycan tarixi arxiv sənədlərində: 1917-1920-ci illər = История Азербайджана в архивных документах: 1917-1920-е годы / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi; red. heyəti: Y. M. Mahmudov [et al.] ; tərt. İ. V. Niftəliyev ; elmi red., ön sözün müəl. Y. M. Mahmudov. I cild : Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri = Документы Российского Государственного Архива Социально-Политической Истории. - Bakı : Çaşıoğlu, 2010. - 768 s.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
  4. Азәрбајҹан тарихи : 7 ҹилддә / АМЕА А.А. Бакыханов адына Тарих Институту. - ISBN 5-8066-1305-4. V ҹилд : 1900-27 апрел 1920 / мәс’ул ред. М. Ә. Исмајылов [et al.]. - Бакы : Елм, 2001. - 672 с.