Tarixdən səhifələr

Dünya Azərbaycanlılarının I Qurultayı

Müstəqil Azərbaycan Respublikası tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Azərbaycan dövləti də müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində dünya azərbaycanlılarının potensial imkanlarını və rolunu yüksək qiymətləndirir, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllində, xüsusən ölkəmizin beynəlxalq nüfuzunun artmasında xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimizin mütəşəkkil qüvvəyə çevrilməsinə mühüm əhəmiyyət verir. 2001-ci il mayın 23-də Ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya azərbaycanllıarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı.

Qurultaya hazırlıq dövründə işçi qrupu xaricdə yaşayan soydaşlarımızla intensiv əlaqə yaratmış, onlarla birlikdə dünya azərbaycanlıları Qurultayının nümayəndəlik normasını və seçilməsi mexanizmini müəyyənləşdirmiş, nümayəndələrin qurultayda iştirakını təmin etmişdir. Bundan başqa, təşkilat komitəsi xaricdəki azərbaycanlıların təşkilatlarında təmsil olunmayan, lakin Azərbaycanla bu və ya digər tellərlə bağlı olan çoxlu həmvətənimizi - tanınmış ictimai, siyasi xadimləri və ziyalıları müəyyən edərək, qurultaya qonaq kimi dəvət etmişdir.

Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan. Avstriya, Rummıya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil edirdilər.

Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.

2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Ümummilli lider Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.

Ümummilli lider Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən böyük məmnuniyyətlə dinlənilmiş və ruh yüksəkliyi ilə qarşılanmışdır. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Gürcüs-tan, Özbəkistan, Rusiya, Türkiyə və Ukraynadan, habelə Sankt-Peterburq şəhərindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, Dünya azərbaycanlılarının I qurultayını alqışlamış və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Ümummilli liderin fikirlərinə şərik olduqlarını bildirmişlər.

Qurultay öz işini səkkiz komissiyada - "İnsan hüquqları və beynəlxalq əlaqələr", "Ana dili və azərbaycanşünaslıq", "Elm və təhsil", "Mədəniyyət", "İqtisadi əlaqələr", "Gənclər və idman məsələləri", "Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması məsələləri", "Kütləvi informasiya vasitələri və informasiya mübadiləsi" komissiyalarında davam etdirmişdir. Komissiyalarda səmərəli müzakirələr aparılmış və mühüm qərarlar qəbul edilmişdir.

Noyabrın 10-da öz işini başa vuran qurultay "Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi", "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti", "Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti", "Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti", "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti" adlı sənədlərini qəbul etdi.

Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını və onun 23 nəfərdən ibarət İdarə heyətini, İdarə heyətinin sədrini və dörd müavinini seçdi.

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxaran addım olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçmiş bu tarixi hadisə Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə təkan vermişdir. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Dünya Azərbaycanlılarının I Qurultayı : [Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi, Bakı, 9-10 noyabr 2001-ci il, "Respublika" Sarayı = Первый съезд Азербайджанцев Мира : [Речь Президента Азербайджана Гейдара Алиева, Баку, 9-10 ноября 2001 г., Дворец "Республика"] / Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası "Kitab" cəmiyyəti. - Bakı : İndigo, 2005. - 234 s.
  2. Cəfərova, Raisə Rəşid qızı. Mərkəzi Asiya respublikalarında Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi / R. R. Cəfərova ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Turxan NPB, 2019. - 172 s.
  3. Seyidbəyli, Məryəm Həsən qızı. Azərbaycanın elmi diasporu / M. H. Seyidbəyli ; elmi red. Z. B. Əliyev ; red. E. O. Oruclu ; AMEA Elm Tarixi İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. - Bakı : Avropa nəşriyyatı, 2017. - 200 s.
  4. Hüseynzadə, Fuad Abı oğlu. Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi / F. A. Hüseynzadə ; red. V. Zifəroğlu ; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi. - Bakı : Apostrof-A, 2020. - 180 s.
  5. Azərbaycan diasporu : transmilli əlaqələr / M. H. Seyidbəyli, R. Cəfərova, X. C. Qəhrəmanova [et al.] ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2018. - 200 s.
  6. Azərbaycan diasporu : tarix və müasirlik / M. H. Seyidbəyli, Z. M. Əsgərova, A. Qasımova [et al.] ; layihənin rəh. Y. M. Mahmudov ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Turxan NPB, 2016. - 384 s.