Tarixdən səhifələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

Mühüm dövlətçilik təsisatlarından olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Akademiya Ümummilli lider Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncam ilə yaradılıb.

Müstəqil dövlət quruculuğunda təhsilin, əvəzsiz rolu oldugunu dəqiq müəyyənləşdirən Heydər Əliyev zəngin yaradıcılıq irsi, dövlətçilik siyasəti və fəaliyyəti nəticəsində Azərbaycan təhsil sisteminin milliliyini qoruyub saxlamışdır.

Ümummilli lider ömrünün 25 ilini respublika dövlət təhlükəsizliyi orqanlarında keçirərək bu çətin, məsul və şərəfli sahədə qüsursuz xidmət etmiş, sıravi əməkdaşdan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksələrək general rütbəsi almışdır. Ulu öndər Heydər Əliyev, təhsilin inkişafına istiqamət verərək təkcə dövlətin təhlükəsizlik sisteminin qurulmasını deyil, ümumən, cəmiyyətdəki və dövlətimizdəki proseslərin səmərəli və təsirli bir şəkildə tənzimlənməsini həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev irsini şərəflə davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin, 20 dekabr 2005-ci ildə imzaladığı Fərman ilə təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində və Milli Təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərini nəzərə alaraq Akademiyaya Ümummilli lider Heydər Əliyevin adı verilmişdir.

2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademiyada Ümummilli lider Heydər Əliyevin abidəsini, “Şöhrət” muzeyini açmış, şücaət rəmzi olan “Döyüş bayrağı”nı Akademiyaya şəxsən təqdim etmişdir.

Prezident İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, kitabxanalar, kursant yataqxanaları, audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir.

Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün müxtəlif kurslar təşkil olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası yeni nəsil peşəkar və ixtisaslı kadrlar hazırlayaraq dövlətinə ləyaqətlə xidmət edən, sədaqətli və vətənpərvər zabitlər yetişdirərək onun təhlükəsizliyinin keşiyində dayanır.

Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının üzərinə mühüm vəzifə düşmüşdür xalqa və dövlətə, yüksək peşəkar və intellektual səviyyəli, ciddi icra intizamla xidmət göstərən sədaqətli zabitlər yetişdirmək.

Ulu öndər Heydər Əliyev : "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun."

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Qasımov, Cəlal Əbil oğlu. Azərbaycanın təhlükəsizlik orqanları 100 ildə : tarix və müasirlik: monoqrafiya / C. Ə. Qasımov, X. Bağırov ; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası. - Bakı : DTX-nin Heydər Əliyev adına Akademiyasının nəşriyyatı, 2019. - 728 s.
  2. Əliyeva, Firuzə Nuru qızı. Qloballaşma və Azərbaycanın milli təhlükəsizlik fəlsəfəsi / F. N. Əliyeva ; elmi red. A. M. Şükürov. - Bakı: Səda, 2008. - 163 s.
  3. Qasımov, Cəlal Əbil oğlu. Cümhuriyyətin təhlükəsizlik orqanları : 1918-1920 / C. Ə. Qasımov ; elmi red., ön sözün müəl. M. C. Qasımlı ; red. A. Məmmədov ; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. - Baku : Vanur Poliqraf MMC, 2018. - 170 s.
  4. Abdullayev, Fətəli Nəriman oğlu. Miqrasiya və milli təhlükəsizlik / F. N. Abdullayev ; elmi red. M. C. Qasımlı ; AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu. - Bakı : Elm, 2011. - 284 s.
  5. Azərbaycan təhlükəsizlik orqanları - 100 il : təhlükəsizlik tariximizin səhifələrindən: 1919-2019 / Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti. - Bakı : Şərq-Qərb, 2019. - 288 s.