1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.
1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edir. Q.Arutinov İ.Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir.
Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olarkən İ.Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Q.Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. Q.Arutinov görüşün sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edir.
SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab olaraq göndərdiyi məktubda bildirir ki, o, Q.Arutinovun təklifi ilə o şərtlə razıdır ki, Şuşa istisna olmaqla, Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı.
SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “repatriasiya” edilən ermənilərə (əslində, xaricdən köçürülüb gətirilən erməniləri “repatriant” adlandırmaq elmi nöqteyi-nəzərdən düzgün deyildi, çünki köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar) Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşdırılmışdılar.
1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan KP MK-larının birinci katiblərinin adından İ. Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər.“Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu.
10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. 14 maddədən ibarət olan bu qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulmuşdu.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 13 may tarixli qərarına əsasən həmin il Ermənistan SSR-in kənd rayonlarının kolxozçuları ilə bərabər İrəvan şəhərinin Stalin və Spandaryan rayonlarından azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu.
Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq tələf olmuşdular.
Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmuşdu. 1951-ci ildə köçkünlər üçün 5000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3074 ev tikilib istifadəyə verilmişdi. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır və plan artıqlaması ilə (124,6 faiz) yerinə yetirilir.
Ermənistanın əsasən azərbaycanlılar yaşayan rayonlarının sakinlərinə edilən təzyiqlərin nəticəsində 1948-1950-ci illərdə 1000 təsərrüfatdan yuxarı azərbaycanlı ailəsi Ermənistanı tərk etmək məcburiyyətində qalaraq Azərbaycanın müxtəlif rayonlarına köçmüşdü.
1951-ci ildən etibarən Azərbaycanda evsiz-eşiksiz qalan köçkün azərbaycanlıların bir qisminin müxtəlif yollarla Ermənistana qayıtması prosesi başlanmışdır. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi sürətlənmişdir.
Ümumiyyətlə, 1948-1953-cü illərdə Ermənistanın 24 rayonundan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) rəsmi köçürülən azərbaycanlılarla yanaşı, qeyri-rəsmi şəkildə evlərini tərk edərək Azərbaycana köçənlərin ümumi sayı təqribən 100 min nəfər olmuşdur. Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Əştərək, Martuni (Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin və Hoktemberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular.
1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azaldı. 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alındığı halda, 1959-cu ildə 3413 nəfər azərbaycanlı qeydə alınmışdı (1949-cu ildə siyahıyaalma keçirilməmişdir).
Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını ermənicələşdirmişlər.
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.
Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası sovet hakimiyyəti illərinin rəsmi sənədlərinin ruhuna uyğun olaraq, hələ də “köçürülmə” kimi xarakterizə edilir.
Tövsiyə edilən ədəbiyyat: