Tarixdən səhifələr

Görkəmli Azərbaycan şairi Əfzaləddin Xəqani

Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Əfzələddin Xaqani Şirvani 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.

Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir.

Xaqani Şirvanı klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin nəzərini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhvət ül-İraqeyn" ("İki İraqın töhfəsi") adlı məsnəvisini yazmışdır. "Töhvət-ül-İraqeyn" əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən də, sevinən də, fəxr edən də, qəzəblənən də şairin özüdür. Bu poemada Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub.

1170-ci ildə Xaqani Şirvani bədxah saray şairlərinin hücumu nəticəsində həbs olunaraq Şabran qalasına salınmış, 7 ay həbsdə qalandan sonra azad edilmişdir. Bütün bu əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk etmiş, Təbrizə köçərək ömrünün axırına qədər orada yaşamışdır.

Şairin həyatının son illəri çox ağır keçib. Onun çox sevdiyi ailə üzvləri – 20 yaşlı cavan oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edib. Qoca şair tamamilə tək qalıb. O, 1199-cu ildə vəfat edib və Təbriz şəhəri yaxınlığında Surxab qəbristanında dəfn edilib. Şairin məzarı “Şairlər məqbərəsi” adlanan yerdədir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri daxildir.

Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatıb.

Xaqani ənənələrini davam etdirən şairlər arasında Azərbaycan şeirində inqilabçı satiranın böyük siması Mirzə Ələkbər Sabir də var. Sabir öz şeir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz üsyankar ruhunu yaşatmağa çalışıb, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirib.

Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.


Tövsiyə edilən ədəbiyyat:

  1. Xəqani Şirvani. Həyatı və yaradıcılığı: [kollektiv monoqrafiya] /AMEA, N. Gəncəvi ad. Ədəbiyyat İn-tu ; ön söz. müəl. İ. Həbibbəyli ; elmi red. İ. Həmidov. - Bakı: Elm və təhsil, 2020. - 394 s.
  2. Xaqani Şirvani. (Əfzələddin İbrahim İbn Əli). Seçilmiş əsərləri/Ş. Xaqani ; [tərc. M. Soltan [və b.] ; red. S. Bektaşi ; burax. məsul S. İsmayılova ; dizayner Z. Abbasov] ; rəssam A. Rəsul. - Bakı: Şərq-Qərb, 2013. - 835 s.