Tarixdən səhifələr

Azərbaycan ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi Məhəmməd Hadı

Romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən olan, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik Məhəmməd Hadi 19 fevral 1879-cu ildə Şamaxı şəhərində, tacir ailəsində anadan olub. Atasız və anasız böyüyən əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb dilindən tərcümədə doğru yol göstərən‎) təxəllüsünü seçən şair, sonradan ata nənəsi Teyyibə xanımın yanında tərbiyə alıb. Məhəmməd Hadi nənəsinin vəfatından sonra yaxın qohumlarından olan Mustafa Lütfinin himayəsində yaşamışdır. Mustafa Lütfi bəy (Şamaxının tanınmış ziyalısı Həştərxanda çıxan Bürhani-tərəqqi qəzetinin redaktoru olub) onun tərbiyəsinə böyük əmək sərf etmiş, ona kiçik yaşlarından ərəb və fars dillərini öyrətmişdir.

İbtidai təhsilini mədrəsədə alan Hadi tarix, ədəbiyyat, şəriət, hüquq fənlərini öyrənmiş, müntəzəm şəxsi mütaliə yolu ilə Şərq bədii-fəlsəfəsini mənimsəmişdir. Sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuşdur. Hadi təhsilini Şərq elm mərkəzlərində davam etdirmək arzusunda idi. Mustafa Lütfi onu xaricə göndərəcək maddi imkanı olmadığından iqtidarlı qohumlarına müraciət etsə də onun bu arzusunu yerinə yetirə bilmir. Hadi əmisi oğlunun köməyi ilə ticarət işinə başlamalı olur, lakin bu işə marağı olmadığından işi tezliklə tərk edir.

1902-ci ilin qışında yaratdığı fəsadların miqyasına görə Şamaxı tarixinin ən güclü zəlzələsi baş verir. Şəhər viran qalır, evlər uçur, dağılır, insanlar öz yurdlarından didərgin düşürlər. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olub, Kürdəmirə köçür. Kürdəmirdə yaşayan digər şamaxılı maarifpərvər Ağa Əfəndi ilə birgə məktəb açaraq müəllimlik edir. Kürdəmirdə yaşadığı illərdə "Həyat" qəzetində (1905-ci ildə) ilk şeirləri dərc olunur. Məşhur 1-ci Rus inqilabı ( 1905-1907 illər) və onunla başlayan sonrakı hadisələr ərəfəsində o, silsilə şerlər yazaraq milli, mədəni, inqilabi oyanışı öz şeirlərində tərənnüm edir. Dərc olunan şeirlərinin üslubu və mövzusu ilə oxucuların sevgi və ehtiramını qazanan istedadlı şairi Mustafa Lütfi onu öz qəzetində (Bürhani-tərəqqi) işləməyə dəvət edir. Bir müddət Həştərxanda yaşayan Hadini, Əli bəy Hüseynzadə "Füyuzat" jurnalını nəşr edərkən Bakıya dəvət edir. "Füyuzat" bağlandıqdan sonra şair "Həqiqət", "Tazə həyat", "İttifaq" qəzetləri ilə əməkdaşlıq edir və yazdığı əsərlərində və məqalələrində azadlıq, millətin tərəqqisi, cəhalət mövzularını qələmə alır.

1910-cu ildə İstanbula gedən şair, "Tənin" qəzetində öz əsərləri ilə yanaşı tərcümələrini də dərc etdirir. “Rübab”, “Mehtap”, “Hilal” qəzetlərilə də əməkdaşlıq edir. Ata-ana itkisi, nakam sevgi, bir dəfə sevib heç vaxt ailə quramayan Hadinin ümid və arzularını İstanbulda da yarım qoyur. O, qatı müxalifət mövqeyindən çıxış etdiyinə görə bir neçə inqilabçı ilə birgə həbs olunaraq Salonikə sürgün edilir (1913).

1914-cü ildə Hadi vətənə qayıdır. “İqbal” və “Bəsirət” qəzetlərində şeirlər, məqalələr, tərcümələrlə çıxış edir. Lakin Dünya müharibəsi başlayan kimi Bakı müsəlman Diviziyasının tərkibində Avropaya yola düşür. 1915-ci ildə Qafqaz ordusunda könüllü olaraq feldşer işləyir. Avstriya cəbhəsinə, Karpata gedib müsəlman əsgərləri arasında alay imamı kimi xidmət göstərir.

1918-ci ildə müharəbədən sonra Bakıda kütləvi müsəlman qırğınana səbəb olan qanlı mart hadisələri vətənsevər şairin şerlərində özünü xüsusilə əks etdirmişdir.

1918-ci ildə tariximizin ən qürurlu hadisəsi baş verir. Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Hadi bu şanlı tarixi sevinclə qarşılayır. Bayrağımıza, Milli orduya şeirlər həsr edir. Onun şeirləri Cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetində çap olunur. Qəzetin ilk sayında, 1918-ci il 15 sentyabrda onun məşhur  "Türkün nəğməsi" şeiri dərc olunub.

İnsana, insanlığa məhəbbət Hadi fəlsəfəsinin əsas qayəsi olmuşdur. Xalqını oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin mənası sayaraq onu daim romantik tərzdə tərənnüm etmişdir. Şairin ən ülvi arzusu xalqın səadətidir. O, həyatını və sənətinin bütün mənasını bu yola həsr etmişdir. Lakin Cumhuruyyətin məhvi dərdi şairin nəiki şerlərində özünü əks etdirir onun səhhətinə də pis təsir edir. Ömrünün son günlərini Gəncə xəstəxanasında keçirən şairin ölüm vaxtı və ölüm səbəbi uzun illər naməlum qalmışdır. Görkəmli alim, Məhəmməd Hadi yaradıcılığının tədqiqatçısı Əziz Mirəhmədov 1966-cı ildə Gəncəyə gedib yerli ağsaqqalların köməyi ilə «Səbzkar» qəbristanlığında Məhəmməd Hadinin qəbrini aşkar etmişdir. Onun Gəncə şəhərində kiçik bir xəstəxanada vəfat etdiyini, 1920 – ci ilin may ayında tərəqqipərvər Gəncə ziyalılarının iştirakı ilə “Səbzkar qəbiristanlığı” nda dəfn olunduğunu üzə çıxarmışdır.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən "Məhəməməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı imzalamışdır.

Bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmiş, qiymətli şeir və poemalar yazan, bədii-publisistik məqalələr dərc edən, klassik Şərq və farsdilli Azərbaycan poeziya nümunələrini dilimizə çevirən Məhəmməd Hadi qüdrətli romantik mütəfəkkir şair və publisist kimi Azərbayacan ədəbiyyatında xüsusi yer tutmuş və şöhrət qazanmışdır.

     

Tövsiyə edilən ədəbiyyat:

  1. Qəribli, İslam Eynəli oğlu. Məhəmməd Hadi: həyatı və yaradıcılığı : [monoqrafiya] /İ. Qəribli ; elmi red. İ. Həbibbəyli ; AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İn-tu. - Bakı: Elm və təhsil, 2020. - 559 s.
  2. Mirəhmədov, Əziz Mirfeyzulla oğlu. Məhəmməd Hadi /Ə. M. Mirəhmədov ; rəyçi. Y.Qarayev. - Bakı: Yazıçı, 1985. - 222 s.
  3. Qəribli, İslam Eynəli oğlu. Mən bir kitab, hər vərəqim min kitabdır: Məhəmməd Hadi haqqında məqalələr /İslam Qəribli ; red. A. Salmanov ; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu. - Bakı: Elm və təhsil, 2013. - 299 s.
  4. Qəribli, İslam Eynəli oğlu. Məhəmməd Hadi və mətbuat: 1905-1920-ci illər /İ. Qəribli ; elmi məs. və red. B. Nəbiyev ; AMEA Nizami ad. Ədəbiyyat İn-tu. - Bakı: Elm və təhsil, 2011. - 446 s.
  5. Barmanbay, Afina. Azerbaycan romantik edebiyatında vatan: /(Abbas Sehhet, Abdulla Şaik, Mehemmed Hadi). - Ankara: Bengü, 2020. - 199 p.