Abdulla Axund Mustafa oğlu Talıbzadə – Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri – Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra ailənin ikinci övladı idi. Onun əkiztayı olan qız uşağı doğulandan az sonra tələf olmuşdu. Sonralar Abdulla Şaiq kimi məşhurlaşıb Azərbaycan ictimaimədəni fikrinin inkişafına və ədəbiyyatına böyük xidmətlər göstərən Abdullanın uşaqlıq və gənclik illəri mədəni bir muhitdə, qabaqcıl fikirli, dərin bilikli ziyalıların əhatəsində və nəzarəti, himayəsi altında keçmişdir. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı o zamankı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər. A.Şaiq 1889-93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasanda davam etdirirlər. Burada dövrun qabaqcıl fikirli gənclərindən olan, Urmiyədən köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata, yaradıcılığa və azad düşüncəyə olan sonsuz həvəs və yanğının qüvvətlənməsində xüsusi rolu və təsiri olmuşdur. A.Şaiqin böyük qardaşı müəlliminə bəslədiyi sonsuz ehtirama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birgə Tiflisə qayıdır. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cu ilin payızınadək Xorasanda bir tanışlarının evində qalaraq burada bakılı Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirinin tarixinə dair dərs alır. Payızda anası Mehri xanım gedib Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.
O, gənc yazıçı Nəriman Nərimanovun və Qori Müəllimlər Seminariyasının məzunu, qabaqcıl maarif xadimi Abbas bəy Minasazovun köməyi ilə müəllimlik hüququ almağa hazırlaşır və az sonra Bakıdakı Aleksandriyski gimnaziyada xüsusi komissiya qarşısında imtahan verərək 25 aprel 1901-ci il tarixli müəllimlik şəhadətnaməsi alır.
Bakıda 5-ci şəhər məktəbində ehtiyatda olan müəllim kimi pedaqoji fəaliyyətə başlayan Mirzə Abdulla 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və maarif xadimləri Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, H.Mahmudbəyov, S.S.Axundov, S.Hüseyn, habelə Ə.Hüseynzadə, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, H.Cavid və başqaları ilə yaxından tanış olub dostlaşır.
A.Şaiq həm bədii əsərləri, həm elmi-pedaqoji, həm də müəllimlik fəaliyyəti ilə bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, əsl vətəndaş, layiqli övlad kimi yetişdirilməsinə həsr etmişdir. Tezliklə ədəbi aləmdə və mədəni-maarif mühitində tanınan Abdulla 1905-ci ildə Qafqaz Təhsil Dairəsi tərəfindən Bakı progimnaziyasına sənət və ana dili müəllimi təyin edilir. Azərbaycan müəllimlərinin Bakıda keçirilən birinci (1906) və ikinci (1907) qurultaylarında fəal iştirakı onun həmin qurultayların qərarlarına uyğun olaraq “Uşaq çeşməyi” (1906), “İkinci il” (1907, M.Mahmudbəyov, S.Əbdürrəhmanbəyzadə, S.S.Axundov, F.Ağazadə, A.Əfəndizadə ilə birgə), “Uşaq gözlüyü” (1910), “Gülşəni-ədəbiyyat” (1910), “Gülzar” (1912) adlı dərslikləri hazırlayıb çap etdirməsi və uşaqlar üçün bir-birindən maraqlı bədii əsərlər qələmə alması ilə nəticələnir. Sonrakı illərdə H.Cavid və M.Mahmudbəyovla birgə çalışaraq o, “Türk çələngi”, “Milli qiraət kitabı”, “Ədəbiyyat dərsləri” və s. dərs kitablarını nəşr etdirir.
A.Şaiq 1921-ci ildə Bakıda Ali Pedaqoji İnstitutun (hazırkı ADPU) yaradılmasında fəallıq göstərmiş və burada Şərq ədəbiyyatından dərs demişdir. 1923-cü ildə ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilən A.Şaiq 1931-32-ci illərdə Şuşa pedaqoji texnikumunda, 1933-34-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunda müəllim işləmişdir. 1936-cı ildə APİ-də yenidən Şərq ədəbiyyatı üzrə dərs deyir. Lakin əsas gücünü bədii və ictimai fəaliyyətə sərf edir: “Xasay”, “Araz”, “Qoçpolad”, “Ovçu Məstan”, “Nüşabə”, “Vətən”, “Bir saat xəlifəlik” və başqa povest, roman və pyeslərini, çoxlu hekayə və şeir yazıb çap etdirir. Əsərləri bir neçə dəfə kitab şəklində çapdan çıxır.
1939-cu ildə Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri, 1949-cu ildə isə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində baş məsləhətçi işləmişdir. A.Şaiq 1946 və 1956-cı il çağırışlarında SSRİ Ali Sovetinə deputat seçilmişdir. “Lenin ordeni”, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib, 1940-cı ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Abdulla Şaiq V.Şekspirin “Maqbet” pyesini, C.Sviftin “Qulliverin səyahəti” romanını, A.S.Puşkinin, M.Lermontovun, İ.Krılovun, M.Qorkinin, Nekrasovun əsərlərini azərbaycan dilinə çevirib.
Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 1990-cı ildən Bakıda Abdulla Şaiqin ev-muzeyi fəaliyyət göstərir.
Tövsiyə edilən ədəbiyyat: