Görkəmli bəstəkar, ilk Azərbaycan operettasının müəllifi, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Onun atası Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı, Xurşidbanu Natəvanın yanında mirzə işləmiş, anası isə onun yaxın adamlarından biri olmuşdur. Hacıbəylilar ailəsi 3 oğul və 2 qızdan (Səyadın, Abuhəyatın) ibarət idi. Zülfüqarın qardaşları – azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyli və publisist, Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi (1919-1920) nümayəndə heyətində müşavir Ceyhun Hacıbəylidir. Zülfüqar Hacıbəylinin oğulları – Maestro Niyazi və Çingiz Hacıbəyli Azərbaycanın görkəmli dirijorlarıdır. Atası Əbdülhüseyn Hacıbəyli ailəsinin böyük olmasına baxmayaraq, uşaqlarının təhsil almalarına çox ciddi yanaşmışdır. Zülfüqar və Üzeyir Şuşadakı rus-tatar məktəbində oxumuşdur. Atasının vaxtsız ölümü (1901) ailənin çətin vəziyyətə düşməsinə səbəb olur. Ailənin maddi cəhətdən bütün qayğıları Zülfüqarın üzərinə düşür. O bir çox idarələrdə kargüzar, təcüməçi (1901-1906) kimi çalışmağa başlayır. Zülfüqar Hacıbəyli kiçik qardaşları Üzeyir və Ceyhunun milli baxışlarının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. 1907-ci ildə Zülfüqar öz bacıları ilə Şuşadan Bakıya köçür. Bəstəkarın musiqiyə bəslədiyi məhəbbət onu, 1907-ci ildən başlayaraq böyük yaradıcılıq yoluna yönləndirir.
XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır. O, 1910-cu ildə ilk Azərbaycan operretası olan "Əlli yaşında cavan" əsərini yazır. Azərbaycan truppası Tiflisdə bu əsəri səhnəyə qoyur, sonralar isə operetta bəstəkarın özünün Üzeyir Hacıbəyli ilə birlikdə təşkil etdiyi həvəskar truppanın (1918) qüvvəsi ilə nümayiş etdirilir. Bu tamaşada Zülfüqar bəy həm bəstəkar, həm libretto müəllifi, həm də dirijor kimi çıxış edir. Əsərin mövzusu qadın hüququnun müdafiəsi, yaşadığı cəmiyyətin eybəcərliklərinin ifşası haqqında yazılıb. Tamaşada əsasən, mahnı, "Tərəkəmə" və "Yallı" rəqslərindən istifadə edilib. Əsər 3 pərdə və 17 musiqi nömrəsindən ibarət idi. Operetta Naxçıvanda, Şuşada, Culfada, Şəkidə və həmçinin İranın bir çox şəhərlərində tamaşaya qoyulub. Əsər haqqında təəssüratlar o zamanın dövri mətbuatında - "Azərbaycan", "Kaspi", "Yeni iqbal" və s. qəzetlərdə geniş işıqlandırılıb.
Tiflisdə olarkən Z.Hacıbəyli ikinci operettasını - "On bir yaşında arvad" və ya "Varlı" əsərini yazır. Əsər 1911-ci ilin mayında Tiflisdəki Gürcü Zadəgan Teatrında tamaşaya qoyulur. Burada Azərbaycan tacirlərinin patriarxal həyatı tənqid olunurdu. Süjet o zamanın hakim dairələrinin xoşuna gəlmir. Premyeranın böyük uğurla keçməsinə baxmayaraq, polis idarəsi tərəfindən əsərə baxış dayandırılır.
1912-ci ildə bəstəkar Naxçıvanda olarkən "Evliykən subay" komediyasını yazır. Elə həmin il əsər Tiflis mətbuat komitəsinə təqdim edilir. 1913-cü ilin 7 noyabrında rəsmi icazə ilə Bakı Musiqi Teatrı "Evliykən subay" komediyasını tamaşaya qoyur.
Zülfüqar Hacıbəyli 1915-ci ildə "Aşıq Qərib" operasını yazır və bu opera da, digər əsərləri kimi səhnəyə çətinliklə yol tapa bilir. Opera 4 pərdə və 8 şəkildən ibarət idi. Z.Hacıbəyli tamaşanın baş musiqi rəhbərliyini öz üzərinə götürərək dirijorluq edir. Operanın librettosunu da özü yazır və bu libretto, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada məşhur olan eyniadlı aşıq dastanı süjetinə əsaslanmışdır. "Aşıq Qərib" operasının əsas musiqi materialı muğamdır. Opera 1916-cı ildə beş dəfədən çox tamaşaya qoyulmuş və bu gündə teatrlarda tamaşa qoyularaq maraqla izlənir.
Z.Hacıbəyli bir sıra librettolara musiqi yazmışdır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün çalışsa da, sovet hökumətinin təzyiqi nəticəsində əsərin tamaşaya qoyulmasına icazə verilmir. 1921-ci ildə "Qızıl əsgər" sarayına (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası) rəhbərlik etmişdir.
1932-ci ildə “Kölə qadınların rəqsi” simfonik piyesini bəstələmişdir. Bu əsər bəstəkara böyük şöhrət gətirir. 1933 - 1937- ci illərdə Zülfüqar Azərbaycan radioverilişlərinin Şərq musiqi hissəsinin bədii rəhbəri işləmişdir. Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəylila birlikdə Azərbaycan xalq mahnılarının toplanması və yazılması ilə məşğul olmuşdur. Ümumilikdə, onlar tərəfindən 300-ə qədər xalq mahnısı toplanmışdır. Zülfüqar Hacıbəyli öz oğlu bəstəkar və dirijor Niyazi ilə birlikdə Azərbaycan dramaturqu Cəfər Cabbarlının pyesi əsasında çəkilmiş “Almas” (1936) kinofilminə musiqi bəstələmişdir. Bəstəkar Xalq Çalğı Alətləri Orkestri üçün Fikrət Əmirovla birlikdə hazırladığı "Cəngi" simfonik pyesini yazmışdır. Zülfüqar Hacıbəylinin son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, Z.Hacıbəyli, 1943-cü ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. 1944-cü ildə "Qafqazın müdafiəsi uğrunda", 1945-ci ildə "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları, 1946-cı ildə incəsənət sahəsində səmərəli əməyinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Onun yazıb başa çatdıra bilmədiyi müxtəlif janrlarda yazdığı əsərləri hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bəstəkarın şəxsi arxivində qorunur.
Zülfüqar Hacıbəyli Milli Musiqili Teatrın yaranmasında, Azərbaycan klassik musiqisinin formalaşmasında mühüm rol oynamışdır. Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyli 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat: