XX əsrin 20-30-cu illərində Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi, yeni sənaye obyektlərinin tikilib istifadəyə verilməsi şəhərə əhali axınının güclü şəkildə artmasına səbəb oldu. Bu da Azərbaycan paytaxtında nəqliyyat sahəsində ciddi problemlər yaradırdı. Bakıda 1924-cü ildə tramvay, 1926-cı ildə şəhərətrafı elektrik qatarı, 1932-ci ildə avtobus, 1941-ci ildə isə trolleybus xətlərinin istifadəyə verilməsi sərnişindaşıma sahəsindəki çətinlikləri nəzərəçarpacaq dərəcədə aradan qaldırdı. Bakı isə günbəgün böyüyür, inkişaf edirdi. Yeni yaşayış massivlərinin salınması əlavə problemlər yaradırdı. Yerüstü nəqliyyat vasitələrinin isə artmaqda olan problemləri həll etmək imkanları məhdudlaşırdı.
Bakıda metropoliten tikintisi ideyası XX əsrin 30-cu illərində ortaya atılmış və Bakının yenidənqurulmasının baş planında nəzərdə tutulmuşdu. Lakin Böyük Vətən müharibəsinin başlanması metronun tikilməsinə imkan vermədi.
Bakıda metro tikintisinin başlanması barədə SSRİ rəhbərliyinin qərarı 1948-ci ildə qəbul edildi. Geoloji kəşfiyyat işləri başa çatdıqdan sonra 1949-cu ilin aprelində tikintinin təməli qoyuldu. Həmin il Metropoliten və Nəqliyyat Qurğularının Tikintisi Üzrə Dövlət Layihə-Axtarış İnstitutunun (“Metrogiprotrans”) Bakı filialı “Bakımetrolayihə” yaradıldı. 1951-ci ildə uzunluğu 10 km-ə yaxın olan birinci növbənin birinci buraxılış sahəsinin texniki layihəsi təsdiq olunmaqla tikinti işlərinə start verildi. İlk mərəhələdə şaxta qüllələri və onlara bitişik qazma sahələri yaradıldı, sanitar-texniki komplekslər, inşaatçılar üçün məişət otaqları tikildi. Ağır hidrogeoloji şəraitdə aparılan qazma işlərini 2 il sonra dayandırmaq barədə gözlənilməz qərar verildi. İ.Stalinin ölümündən sonra Sov. İKP MK-nın Baş katibi vəzifəsinə gələn N.S.Xruşşov Bakı üçün metronu çox bahalı təmtəraq, israfçılıq hesab edirdi. Onun göstərişi ilə tikinti donduruldu, 7 ilə yaxın bir müddətdə qazma sahələrinin bir hissəsi sıradan çıxdı. 1960-cı ildə Azərbaycanda Sovet hökumətinin 40 illik yubileyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Bakıya gələn baş katibi respublika rəhbərliyi metro tikintisinin bərpa olunmasının vacibliyinə inandıra bildi.
Nəhayət 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət - "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" 9,2 km-lik yeraltı xətt istifadəyə verildi. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başladı. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrildi.
Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi ilk dövrlərdə Bakı metrosu onun diqqət və qayğısının nəticəsi olaraq sürətlə inkişaf etməkdə idi.
Ümummilli lider Heydər Əliyevin açılışında iştirak etdiyi ilk stansiya “Ulduz” oldu. 1970-ci il aprelin 17-də stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi və 7-ci stansiyanın qırmızı lentini kəsdi.
Tikinti sahəsində işlər görünməmiş vüsət almışdı. Bakının yeraltı yolları o vaxt Montin qəsəbəsi (Nərimanov rayonu ərazisi) adlanan ərazidən “8-ci kilometr” qəsəbəsinə doğru uzadılırdı. 1972-ci il noyabrın 6-da Bakı metropoliteni özünün 5 yaşını qeyd etdiyi gün metro inşaatçıları bakılılara daha 3 stansiya hədiyyə etdilər. “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyalarının açılışı münasibətilə keçirilən mitinqdə “Bakımetrotuneltikinti” idarəsinin rəisi Ə.Əbdürrəhimov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə tikintinin başa çatması barədə məlumat verdikdən sonra, respublika başçısı “Neftçilər” stansiyasının girişi qarşısına çəkilmiş qırmızı lenti kəsdi.
Ulu öndərin qayğı və diqqəti sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edirdi. 1976-cı ildə “Nizami”, 1979-cu ildə isə “Bakmil” stansiyaları onun xeyir-duası ilə işə başladı. 1982-ci ildə Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Bakıda metro tikintisi onun diqqət və qayğısından kənarda qalmayıb.
Ümummilli lider Heydər Əliyevin Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına göstərdiyi qayğı öz əksini 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli”, 1993-cü ildə isə “Cəfər Cabbarlı” stansiyalarının istismara verilməsində tapdı. 2002-ci ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 kilometrə çatdı ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilmişdir.
2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçilən İlham Əliyev də metro tikintisinə xüsusi diqqət verir. Prezident İlham Əliyev metropoliten işçilərinin çətin və şərəfli əməyini daim yüksək qiymətləndirir. Dövlətimizin başçısının hər il 6 noyabrın metro işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 28 oktyabr 2006-cı il tarixli Sərəncamı bu diqqət və qayğının bariz təzahürü olub.
2006-ci ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yarandı. Şimal sahəsinin tikintisində yarımçıq qalmış işlərə təkan verildi. 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verildi. 2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
2015-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi.
2021-ci il may ayının 29-da Prezident İlham Əliyevin iştirakı ilə "8 Noyabr" stansiyası, 2022-ci il dekabr ayının 23-də “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verildi. Bununla da metropoliten xətlərinin uzunluğu 40,7 kilometr olmaqla, 3 xətt üzrə stansiyalarının sayı 27-ya çatdırıldı.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Tövsiyə edilən ədəbiyyat: