Tarixdən səhifələr

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirov

Dramaturq, publisist, teatr xadimi Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü il aprel ayının 2-də Şuşada doğulmuşdur. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. 1878-ci ildə Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

N. Vəzirov Azərbaycan professional teatrının yaradıcılarındandır. İlk dəfə 1873-cü ildə Həsən bəy Zərdabi ilə birlikdə M. F. Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarını tamaşaya qoymuşdur. 

1875-ci ildən “Əkinçi” qəzetində çap olunmağa başlamışdır.

Dramatik əsərlərində XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan kəndinin - mülkədarların, kəndlilərin, ziyalıların, burjuaziyanın, işbazların və fırıldaqçıların real həyatdakı iç üzünü açaraq tənqid etmişdir. “Əti sənin, sümüyü mənim”, “Nə əkərsən, onu biçərsən”, “Gəmi lövbərsiz olmaz”, “Daldan atılan daş topuğa dəyər”əsərlərində o dövrdə uşaqların ailədə tərbiyə prinsiplərini və münasibətlərini kəskin tənqid atəşinə tutmuşdur. “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qənbərin simasında var-dövlət ehtirası, insani münasibətlərin saxtalaşdırılması, ikiüzlülük tənqid olunur. İlk Azərbaycan faciəsi olan “Müsibəti Fəxrəddin” əsərində Avropada təhsil almış liberal bəy oğlunun buradakı feodal qaydalarla razılaşmadığını, onlara qarşı etiraz səsini qaldıran gəncin obrazını yaratmışdır. N. Vəzirov əsərlərində çar üsul-idarəsinin Azərbaycanda apardığı siyasətə qarşı səsini qaldırır. Onun dram əsərləri Zaqafqaziyada, Volqaboyunda, Şimali Qafqazda, İranda, Türkiyədə böyük uğurla səhnəyə qoyulmuşdur.

Əxlaq və ailə-məişət mətləbləri, ənənəvi nadanlıq və ona qarşı mübarizə mövzusu, Şərqdə və Rusiyada milli-ictimai hərəkat, beynəlmiləllik və xalqlar dostluğu ideyası, qadın azadlığı məsələsi Nəcəf bəy Vəzirovun yazdığı məqalələrin əsas mövzusunu təşkil edirdi.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Nəcəf bəy Vəzirov 9 iyul 1926-cı ildə Çuxuryurdda vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

Lənkəran Dövlət Dram Teatrı onun adını daşıyır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Vəzirov, Nəcəf bəy. Əsərləri / N. Vəzirov ; tərt. D. F. Məmmədova ; red. T. Q. Məmməd. - Bakı : Şərq-Qərb, 2005. - 304 s.
  2. Azərbaycan dramaturgiyası antologiyası: 5 cilddə / tərt., ön sözün müəl. D. Məmmədova, bur. məsul Ə. Güləliyev. I cild. - Bakı : Şərq-Qərb, 2007. - 472 s.
  3. Məmmədov, Kamran Dadaş oğlu. Nəcəf Bəy Vəzirov /K. Məmmədov; red. F. Ağazadə; rəssam S. Şatikov ; əsəri çapa hazırlayan D. Məmmədova. - Bakı: Azərnəşr, 1995. - 204 s.
  4. Касумзаде, Фейзулла Самед оглы. Наджаф бек Везиров /Ф. С. Касумзаде ; пер. А. Сабри ; ред. Дж. Джафаров, А. Варшавская. - Баку: Азернешр, 1958. – 121 с.